Elə bil Qorbaçovun beynini Sarqsyana köçürüblər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-04-2016, 13:09 | Şərh sayı: (0) | Baxılıb: 419
Elə bil Qorbaçovun beynini Sarqsyana köçürüblər...
Mixail Qorbaçov və Serj Sarqsyanın son günlər verdiyi bəyanatlar onların oxşar düşüncəli olduğunu ortaya çıxartdı.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, SSRİ-nin keçmiş lideri bir neçə gün əvvəl gənclərlə görüşündə ilk dəfə olaraq SSRİ-nin dağılmasında öz günahını etiraf etdi. Ancaq bu etiraf da ənənəvi olaraq "qorbaçovsayağı" baş verdi: "Belə ki, o bildirdi ki, ittifaqın son illərində öz komandasının müqavimətini qıra bilməyib. Bu tip izahatlar bir qayda olaraq ambisiyalı və yarımçıq adamlara xas olan xüsusiyyətdir. Son Sovet lideri nədənsə bütün fikirlərini ancaq ittifaq dövlətinin dağılması faktı üzərində qurur. Bu uğursuz siyasətçi SSRİ-nin keçmiş çar Rusiyasının işğal etdiyi torpaqlar üzərində qurulduğunu və həmin torpaqların tarixi sahibləri olan xalqların müqəddəratını təyin etmə və müstəqil dövlət qurmaq hüququna malik olması həqiqətini isə qəbul etmək istəmir. Eyni zamanda Qorbaçov düşünülməmiş və avantürist eksperimentləri nəticəsində SSRİ-ni dərin böhrana saldığını, 250 milyon əhalini aclığa düçar etdiyini, Azərbaycana 20 Yanvar 1990-cı il, Gürcüstana 9 Aprel 1989-cu il Tiflis, Özbəkistana 1989-cu il Fərqanə, Litvaya 13 Yanvar 1990-cı ilə faciələri yaşatdığının məsuliyyətini boynuna almaq istəmir".
A.Mirzəzadənin fikrincə, bu günlərdə eyni yanaşmanı Ermənistan prezidenti Serj Sarqsyan da nümayiş etdirir: "Ermənistan-Azərbaycan cəbhəsində 2016-cı il 2-5 aprel tarixlərində yaşanan hərbi əməliyyatları, nəticədə Ermənistandan 300 nəfər insanın həlak olmasını və bütün Ermənistanın fəlakət yaşaması məsuliyyətini o özündən başqa hər kəsdə görür. Dünən sərəncamı ilə ölkəsinin müdafiə nazirliyinin maddi-texniki təchizata məsul generalını, rabitə rəhbərini və hərbi kəşfiyyat rəhbərini işdən azad edib. Bununla da hərbi məğlubiyyətini təchizat və rabitənin pis olması ilə izah edib. Xarici mətbuata verdiyi müsahibələrdə isə Azərbaycanı işğal altında olan torpaqlarının bir hissəni azad etdiyinə görə ittiham edir".
Millət vəkili hesab edir ki, Qorbaçov kimi Sarqsyan da öz şəxsi məsuliyyətini etiraf etmək istəmir: "Ermənistan rəhbəri özünün bilavasitə iştirakı ilə ötən əsrin 90-cı illərində xaricdəki bəzi dairələrin dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, 1 miyondan çox azərbaycanlının öz yaşadıqları yerlərindən çıxarılması, əsrin faciəsi olan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilməsini nədənsə yada salmaq istəmir. Eyni zamanda, etiraf etmək istəmir ki, Azərbaycan və Türkiyə torpaqlarına iddia və düşünülməmiş siyasət nəticəsində Ermənistanın dərin böhrana düçar olması, 1991-ci ildə 3,5 milyon nəfər olan Ermənistan əhalisinin sayının rəsmi şəkildə 2,8 milyon nəfərə düşməsi, əhalisinin 35 faizinin kasıblıq həddindən aşağı yaşaması birbaşa onun məsuliyyətidir.
Sarqsyanın və sarqsyanların "Böyük Ermənistan" nağılına tək sadə ermənilər deyil, elə özünün yaratdığı elitası da inanmır. Bir neçə il əvvəl Ermənistanın Milli Təhlikəsizlik Xidmətinin Kadrlar idarəsinin keçmiş rəisinin birdən-birə ABŞ vətəndaşlığı alaraq ölkəni tərk etməsi, ötən il isə İrəvanın polis rəisinin "yaşıl kart" qazanıb vəzifəsindən imtina edərək Amerikaya köçməsi Sarqsyan siyasətinin real nəticələrdir. Bir faktı yada salaq ki, Sarqsyan məhz Qorbaçovun SSRİ rəhbəri olduğu dövrlərdə, 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində hərbiləşdirilmiş dəstələr yaradaraq gələcək işğala hazırlaşırdı. Həm Qorbaçov, həm Sarqsyan tarixin ədalətli olduğunu heç cür dərk etmək istəmirlər. Ancaq ədalətin bərpa edilməsi məsələsində tarix heç də bu siyasət dəllallarından və cəlladlardan icazə almaq fikrində deyildir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər