Müdafiə Nazirliyi: Bizdən heç kimin burnu da qanamayıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-04-2016, 11:32 | Şərh sayı: (0) | Baxılıb: 315
Müdafiə Nazirliyi: Bizdən heç kimin burnu da qanamayıb
Azərbaycan Silahlı Qüvvələri hazırda cəbhənin Tərtər istiqamətindəki vəziyyətə və əməliyyat şəraitinə tam nəzarət edir.
Bunu Milli.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Nazirliyin sözçüsü qeyd edib ki, düşmən tərəfdən itkilərin olduğu istisna edilmir: "Ötən gecə Ermənistan silahlı birləşmələrinin artilleriya atəşinə Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavab verilib. Biz cavab olaraq ermənilərin yalnız atəş nöqtələrinə və hərbi obyektlərinə zərbələr endirmişik. Hazırda cəbhənin adıçəkilən istiqamətində tam sakitlikdir. Ordumuz vəziyyətə və əməliyyat şəraitinə tam nəzarət edir. Hələlik düşmən tərəfinin şəxsi heyəti arasında itkiləri və məhv edilmiş hərbi texnikası ilə bağlı dəqiq məlumatlarımız yoxdur. Lakin itkilərinin olduğu ehtimal edilir. Bizim tərəfimizdən isə şəxsi heyət arasında heç kimin heç burnu da qanamayıb".
Lakin V.Dərgahlının sözlərinə görə, ermənilər əsasən yaşayış məskənlərini və mülki obyektləri hədəf aldığından onlardan bəzilərinə ziyan dəyib: "Ermənilərin Tərtər rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Onlardan 19 evə qismən ziyan dəysə də, 1 ev ciddi zədələnib. Amma xoşbəxtlikdən, ölən və yaralanan olmayıb".
Qeyd edək ki, aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər