Xolesterin ziyanlıdır, yoxsa xeyirli... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:41 | Şərh sayı: (0) | Baxılıb: 283
Xolesterin ziyanlıdır, yoxsa xeyirli...
“Onun miqdarının normadan az olması xərçəng riskini artırır, yaddaş zəifliyi yaradır, parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya səbəb olur”
Xolesterinin ziyanlı və ya xeyirli olması ətrafında uzun müddətdir ki, müzakirələr gedir. Bir sıra alimlər, həkimlər xolesterinin heç bir ziyanının olmadığını desələr də, bir qrup bunun tam əksini deyir. Xolesterinin insan həyatı üçün təhlükəli olduğunu düşünənlərdən biri də Türkiyə kanallarında tez-tez gündəmə gələn professor, doktor Canan Karataydır. O, bir müddət öncə xolesterinlə bağlı öz məsləhətlərini verib, bunun insan həyatı üçün ciddi təhlükə mənbəyi olduğunu bildirmişdi.
Professorun sözlərinə görə, insanlar xolesterinin qarşısını almaq üçün çörəkdən və şəkərdən imtina etməlidir. Professor şəkərin insan üçün ən şirin zəhər olduğunu bildirərək insanlara 2 dilimdən artıq çörək yeməməyi məsləhət görüb. Çörək yeməkdən doymayan inşaat işçilərinin isə doyması üçün çörəksiz 10 yumurta və 2 turp yeməli olduğunu bildirib. Yağların ürək böhranı, damar tıxanıqlığı, damar sərtləşməsi, xərçəng, şəkər xəstəliyi kimi xəstəliklərə səbəb olduğunu deyən C.Karatay kökəlməyin genetik olmadığını, yalnız 1980-ci ildən sonra kilolu insanların sayının artdığını bildirib. Bunun səbəbini isə şəkərdən istifadənin artmasında görən professor qarınlı insanların gizli şəkər xəstəsi olduğunu bildirib.
Qərbdə aparılan son elmi tədqiqatların müəllifləri isə bu barədə deyilənlərin mifdən başqa bir şey olmadığını iddia edirlər. Tədqiqatlar nəticəsində məlum olub ki, çoxlarının zərərli bildiyi və müxtəlif pəhriz və müalicələrlə qurtulmaq istədiyi xolesterinin insan orqanizminə faydaları var. Hətta onun azlığı insan səhhətində fəsadlara səbəb ola bilər. Mövzunu araşdıran Rusiyanın tibb elmləri namizədi, həkim O.I.Senyova bildirir ki, əgər əvvəlki nəsillər xolesterindən qurtulmaq üçün qatı pəhrizlər saxlasaydı, müasir insanın beyin funksiyaları xeyli geriləmiş olardı. Həkim xolesterinin miqdarında kəskin azalmanın orta yaşlılarda və qocalarda ciddi yaddaş zəifliyinə səbəb olduğunu, həmçinin orqanizmin stressə qarşı mübarizəsini zəiflətdiyini bildirib: “Qida rasionunda heyvan mənşəli yağlar azalarsa, böyrəklər normadan artıq yüklənmiş olacaq. Yaşam üçün xolesterinin olması zəruridir. Əks halda, böyrəklər bu maddəni karbohidratlardan almalı olacaq. Qidalarda xolesterinin azlığı böyrəklər üçün çox ciddi böhran deməkdir. Heç kim bilmir ki, xolesterin antioksidant təsirə malikdir. Onun miqdarının normadan az olması xərçəng riskini artırır, yaddaş zəifliyi yaradır, parkinson xəstəliyinə, həmçinin insulta, aqressiyaya və bəzi hallarda özünü öldürmə həddinə gəlib çıxmağa səbəb olur. Əgər kimsə bədənində xolesterinin az olması ilə öyünürsə, o adamla mümkün qədər mülayim davranmağa çalışın”.
Rusiyalı həkimin sözlərinə görə, illərdir oturuşmuş yanlış informasiyanın qurbanları da olub. Onlardan biri də ABŞ-ın keçmiş prezidentlərindən biri Duayt Eyzenxaurdır: “İlk infarktdan sonra həkimlər onu aşağı xolesterinli pəhrizə oturdublar. Pəhrizə baxmayaraq, xolesterinin miqdarı yüksəlməyə başlayıb”.
Göründüyü kimi, xolesterin haqda iki fərqli fikir mövcuddur. Bu istiqamətdə hələ də araşdırmalar aparılır. “Hər şeyin çoxu zərərdir” misalından istifadə edərək insanlar bədənlərindəki xolesterinin miqdarını qaydasında saxlamağa çalışmalıdırlar. Ancaq təəssüflər olsun ki, ölkəmizdə buna diqqət edən yoxdur. Azərbaycan əhalisinin 5 faizi qanındakı xolesterinin miqdarını bilirsə, Amerika və Avropada əhalinin 80 faizi qanlarındakı xolesterinin miqdarını öyrənir və onu qaydasında saxlamağa çalışır.
Ümumiyyətlə, xolesterin həyat üçün lazımlı olan mum konsistensiyalı yağvari bir maddədir və qaraciyər hüceyrələrində hazırlanır. Çox az miqdarda hazırlanmasına baxmayaraq, həmin maddə bütün hüceyrə qişalarının yaradılmasına, öd turşularının, hormonların və D vitamininin əmələ gəlməsinə kifayət edir. Lakin qəbul edilən qidanın təsiri ilə xolesterin ifrazının artması onu faydalı maddədən sağlamlığın bir nömrəli düşməninə çevirir. Qandakı xolesterinin çoxunu “yaxşı” və “pis” xolesterin təşkil edir. “Yaxşı” xolesterinin ürək-damar xəstəliyinə qarşı qoruyucu olduğu güman edilir. “Pis” xolesterin isə damar sərtliyi və ürək-damar xəstəliyi təhlükəsinin qaynağıdır. Bu səbəblə, müalicə zamanı əsas hədəf “pis” xolesterini azaltmaqdır. Mütəxəssislər iddia edir ki, qanda xolesterinin yüksək olması ateroskleroza (ürək-damar sistemi xəstəliyi) və artıq piylənməyə gətirib çıxarır. Kaliforniya Universitetinin alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, sarımsaq ekstarktı damarları xolesterindən təmizləyir və ürək xəstəliklərinin inkişafının riskini azaldır. Bundan əvvəl də aparılan araşdırmalar göstərib ki, xırda doğranmış təzə sarımsaq ürəyin fəaliyyətinə müsbət təsir göstərir, qan dövranını yaxşılaşdırır. Diabet xəstələrində sarımsağın qəbulu ürək xəstəliklərinin inkişafının riskini azaldır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər