Regionların inkişaf layihələri- milyonlar hara gedib? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:13 | Şərh sayı: (0) | Baxılıb: 275
Regionların inkişaf layihələri- milyonlar hara gedib?
Ekspertlər bildirirlər ki, illər boyu bölgələrə ayrılan milyonların mənimsənilməsi bu gün ağır və qarşısıalınmaz durum yaradıb...
Devalvasiyadan sonra ölkənin regionlarında sosial narazılıqlar genişlənib, aksiyalar başlanıb. Etiraz edənlərin tələbləri sosial məsələlər və problemlərdir. Ekspertlər isə bildirirlər ki, ölkənin bu duruma düşməsinin səbəblərindən biri də illər boyu regionların inkişafına ayrılan milyonlarla manat vəsaitin mənimsənilməsidir.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, 2000-ci illərin əvvəllərindən 2015-ci ilə qədər artıq 3 belə layihə qəbul olunub: “Hər biri 5 illik dövrü əhatə edir. Bu layihələrə yüz milyonlarla pul xərclənsə də, heç bir effekt vermədi, verə də bilməzdi. Çünki o layihələrin obyekti əlavə dəyər yarada biləcək və iqtisadi canlanma yarada biləcək məsələlər deyildi. O layihələrin mahiyyəti sadəcə regionlarda müəyyən infrastrukturlarda dəyişikliklərin olunması və müəyyən dərəcədə abadlıq işlərinin görülməsindən ibarət idi. Səhv yanaşma idi. Ona görə effekt vermədi. Müvəqqəti olaraq müəyyən iş yerləri yarandı. Rayonların mərkəzi hissələr, küçələr qaydaya qoyuldu. Müəyyən infrastruktur layihələri həyata keçirildi. Bunları da görmək lazım idi. Çünki sovetdən qalma infrastruktur idi regionlarda. Amma paralel olaraq regionların inkişafı əsasən 2-3 parametrlərlə ölçülməli idi. Yəni regionlar inkişaf etdikcə, onların büdcənin formalaşmasında payı artmalı idi, ümumdaxili məhsul formalaşmasında, xarici ticarətdə, ixracatda payı artmalı idi. Amma son 15 ildə bütün bu indikatorlara görə regionlar geridə qaldı, heç birində artım müşahidə olunmadı. Əksinə, azalmalar oldu. İndi təsəvvür edin ki, regionların Azərbaycanın büdcəsinin formalaşmasında rolu 3 faizə yaxındır. Xarici ticarətdə bir faizə yaxındır. Çox aşağı göstəricilərdir. Azərbaycanın həm büdcəsinin formalaşmasında, həm ümumdaxili məhsulun formalaşmasında, xarici ticarətdə Bakı və Abşeron dominant rola malikdir. Yəni az qala yüz faizi burada formalaşır. Bu isə disbalans yaradır. Regionların inkişafında əhəmiyyətli dərəcədə dirçəlişə nail olmaq mümkün olmadı. Bu da regionlarda iş tapmayan adamların əksinə, paytaxta köç etməsinə səbəb oldu”.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, 2004-2014-cü ildə regionların inkişafına 31,5 milyard manat vəsait ayrılıb. “Məsələn, Siyəzən rayonunda 2015-ci ilin əvvəlinə olan məlumata görə, 40,5 min nəfər əhalisi olan siyəzənlilərin 66 faizi şəhərdə yaşayır. Rəsmi statistik məlumata görə, 25 min əmək qabiliyyətli əhali olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 6,6 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 80 faizə yaxınlaşıb. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 362 manat 70 qəpik, ya hazırkı rəsmi məzənnə ilə 212 dollar olub. Siyəzənlilər əsasən 13 müəssisədə çalışıblar ki, devalvasiyadan sonra həmin müəssislərin əksəriyyəti işçilərini ixtisar etsələr də, maliyyə vəziyyətləri getdikcə pisləşməkdədir. Rayon ərazisinə və relyefinə görə kənd təsərrüfatı üçün yararlı və münbit torpaqlara malik deyil. Belə ki, rayonda cəmisi 25 hektar ərazidə kartof, 88 hektar ərazində bostan bitkiləri, 126 hektar ərazidə tərəvəz və 194 hektar ərazidə isə meyvə becərilir. Rayonun ən böyük sosial problemi iş yerlərinin məhdudluğudur. 2015-ci il üçün rayonun yerli büdcəsi 8,8 milyon manat təsdiq olunub”.
Həmçinin, 2015-ci ilin əvvəlinə olan məlumata görə, Ağcabədi rayonunun 130 min əhalisi olub ki, onların da 39 faizi kənddə yaşayır. “Rəsmi statistik məlumata görə, 80 min əmək qabiliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 13,6 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 80 faizi ötüb. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 244 manat 60 qəpik, ya hazırkı rəsmi məzənnə ilə 144 dollar təşkil edib. Ağcabədililər üçün iş yerləri rayon ərazisində yerləşən 12 sənaye müəssisəsi və kənd təsərrüfatı olub ki, devalvasiyadan sonra sənaye müəssisələri iflic vəziyyətinə düşüb və onların hamısı fəaliyyətini məhdudlaşdırıb, bir neçəsi faktiki olaraq işini dayandırıb. Kənd təsərrüfatında isə rentabellik və məhsuldarlıq problemləri bu sahədə çalışanların qazanclarını azaldıb, devalvasiya nəticəsində azalmış qazanclar daha da dəyərsizləşib. 2015-ci il üçün rayonun yerli büdcəsi 25,7 milyon manat təsdiq olunub” deyə, ekspert qeyd edib.
2015-ci ilin əvvəlinə olan məlumata görə, Ucar rayonunun 84 min əhalisi olub ki, onun da yalnız 22 faizi şəhərdə yaşayır. Rəsmi statistik məlumata görə, 53 min nəfər əmək qabiliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 7,2 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 90 faizə yaxınlaşır. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 252 manat 50 qəpik, ya hazırkı rəsmi məzənnə ilə 148 dollar təşkil edib. “2014-cü ildə Ucarda 9 sənaye müəssisə fəaliyyət göstərib ki, onların hamısı fəaliyyətini məhdudlaşdırıb, bir neçəsi faktiki olaraq işini dayandırıb. Rayonda əsas məşğuliyyət kənd təsərrüfat hesab olunur, lakin torpaqların şoranlaşması bu rayonda kənd təsərrüfatının gəlirliyinin xeyli azaldıb, son devalvasiya isə gəliriləri daha da dəyərsizləşdirib. 2015-ci il üçün rayonun yerli büdcəsi 16,3 milyon manat təsdiq olunub”,- deyə ekspert vəziyyəti izah edib.
Onun sözlərinə görə, 2015-ci ilin əvvəlinə olan məlumata görə, Füzuli rayonunun 125 min əhalisi olub ki, onun da yalnız 25 faizi şəhərdə yaşayır: “Rəsmi statistik məlumata görə, 81 min nəfər əmək qabiliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 10,8 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 85 faizdən yuxardır. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 254 manat 70 qəpik, ya hazırkı rəsmi məzənnə ilə 149 dollar təşkil edib. 2014-cü ildə Füzulidə 9 sənaye müəssisə fəaliyyət göstərib ki, onların hamısı fəaliyyətini məhdudlaşdırıb, bir neçəsi faktiki olaraq işini dayandırıb. Rayonda əsas məşğuliyyət kənd təsərrüfat hesab olunur. 2015-ci il üçün rayonun yerli büdcəsi 30,2 milyon manat təsdiq olunub”.
Eyni zamanda, 2015-ci ilin əvvəlinə olan məlumata görə, Lənkəran rayonunun 220 min əhalisi olub ki, onun da 41 faizi şəhərdə yaşayır. “Rəsmi statistik məlumata görə, 143 min nəfər əmək qabiliyyətli əhalisi olan rayonda iqtisadiyyatda muzdla işləyənlərin sayı 22,1 min nəfərdir. Torpaq payları olanları nəzərə almasaq, hazırda rayonda işsizlik səviyyəsi 85 faizdən yuxarıdır. İşləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin əvvəlinə 261 manat 30 qəpik, ya hazırkı rəsmi məzənnə ilə 154 dollar təşkil edib. 2010-cü ildə Lənkəran rayonunda 40, 2014-cü ildə isə 32 sənaye müəssisə fəaliyyət göstərib ki, onların da əksəriyyətinin maliyyə vəziyyəti son devalvasiyadan sonra pisləşib və iş yerlərinin ixtisarları başlayıb. 2015-ci il üçün rayonun yerli büdcəsi 37,7 milyon manat təsdiq olunub” deyə, Q.İbadoğlu vurğulayıb.
Röya RƏFİYEVA
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər