Azərbaycanda alternativ enerji mənbləri: perspektivlər və reallıq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 22:21 | Şərh sayı: (0) | Baxılıb: 385
Azərbaycanda alternativ enerji mənbləri: perspektivlər və reallıq
Hazırda dünyada əsas enerji mənbələri neft və qaz hesab olunur. Azərbaycan da neft və qaz istehsal edən ölkə kimi enerji ehtiyatı baxımından zəngindir. Lakin ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması, onlardan istifadə zamanı ətraf mühitə ziyan vurulması son zamanla bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji mənbələrinin ikişaf etməsinə ehtiyac yaradır.
Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində bərpa olunan enerji mənbələrdən geniş istifadə edilir.
Alternativ enerji mənbələri dedikdə, külək enerjisi, günəş batareyaları (fotelementlər), termal sular, hidrogen enerjisi nəzərdə tutulur. Bəs, ölkəmizdə onlardan istifadə mümkündürmü? Xarici təcrübədə hansı sahələrdə alternativ enejidən istifadə edilir?
Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, hazırda alternativ enerjidən ən çox Avropada istifadə olunur: “Dünya miqyasında alternativ enerjidən ən effektiv istifadə üzrə rekord Amerikaya məxsusdur. 2014-cü ilin noyabrın 21-də Amerikada külək enerjisindən alınan elektrikin maya dəyəri qazdan alınan elektrik enerjisinin maya dəyəri eyniləşdi. Alternativ enerjidən məişətdə istifadə olunması ona görə önəmlidir ki, ondan daha geniş kütlə istifadə edə bilir.
Amerikada alternativ enerji mənbələrini supermarketlərdən almaq olur. İnsanlar günəşdən enerji alan mini elektrik stansiyalarını supermarketlərdən alırlar. Cəmi bir kvadratmetr səthi olan bu aparatları evlərin pəncərələrinə quraşdırırlar. Onun səhti nano texnologiya ilə örtülüb və geniş bir qazanı xatırladır”.
Ekspert onu da qeyd etdi ki, əgər alternativ enerjidən istifadə olunursa, məişətdə istifadə olunan məişət cihazları da onun tələblərinə uyğun olmalıdır: “Azərbaycanda alternativ enerjidən istifadə olunmamasının səbəbi də məhz budur. Əgər günəş batareyaları Azərbaycanda istifadə olunsa, onun gücü yetərli olmayacaq. Çünki Azərbaycanda həm məişət, həm də sənaye qurğuları yüksək enerji tələbatı ilə işləyir.
Bizim küçələrin işıqlandırılmasında istifadə olunan elektrik lampalarının biri 400 vattdır. İki lampanın elektrik gücü 800 vattdır. Ancaq Qərb ölkələrində, Amerikada son 10 ildə elektrik cihazlarını elə istehsal ediblər ki, əgər istifadəçi altenativ enerjidən istifadə etmək istəsə bu onun üçün yetərli olsun. Çünki alternativ enerji, ənənəvi elektrik stansiyaları kimi böyük enerji istehsal etmir. Deməli, məişətdə, kiçik və orta müəssisələrdə istifadə olunan cihazlar elə olmaldır ki, onların enerji sərfiyyatı çox kiçik olsun. Ya da onların enerji əmsalı həddindən artıq yüksək olmalıdır. Bunlar paralel inkişaf etməlidir”.
İlham Şaban bildirdi ki, texnologiya inkişaf etdikcə yeni istehsal olunan məişət cihazlarında məhz bu amil də nəzərə alınır: “Məsələn, Sovet televizorlarının elektrik sərfiyyatı 500-600 vatt olurdu. Ancaq hazırki televizorlar köhnə televizorlardan dəfələrlə böyük olsa da, onların enerji sərfiyyatı 50-60 vattdır.
Artıq Danimarka alternativ enerji ilə enerjiyə olan tələbatının 40 faizini ödəyir.
Danimarkanın paytaxında istiliyə olan tələbat 98 faiz alternativ enerji hesabına ödənilir. Türkiyədə də istiliyə olan tələbatlarını faktiki olaraq küləkdən alırlar”.
Ekspert bildirdi ki, Bakıda külək enerjisindən istifadənin mümkünlüyü haqqında yanlış təsəvvürlər var, lakin Bakı küləyi enerji istehsalı üçün uyğun deyil: “Düzdür, Bakı küləklidir, ancaq külək generatorları müəyyən temperaturda işləyirlər. Külək sürətli olduğu zaman avtomatik olaraq bu qurğular dayanır. Bizdə şimal küləkləri tufan kimidir. Abşeronda külək enerjisindən istifadə etmək çox çətindir. Külək enerjisindən daha çox şimal bölgəsində, rayonlarda istifadə etmək daha rahat olar. Abşeron dənizə yaxın olduğu üçün biz sürətli külək şəraitindəyik.
Alternativ enerji mənbələri çox olduğu üçün artıq bütün sahələrdə enerji mənbəyi kimi elektrikə üstünlük verilir. Elektrik enerjisi ilə çalışan avtomobillər istifadəyə buraxılıb, dünyada bunun üçün növbəyə dururlar. Bu sahədə də Amerika liderdir”.
İlham Şabanın sözlərinə görə, bir neçə ildən sonra alternativ enerji mənbələri də ənənəvi enerji mənbələri sırasında öz yerini alacaq: “XIX əsrdə enerji sahəsində aparıcı kömür idi. 1870-ci ildə kommersiya baxımından daha sərfəli olan neft meydana çıxdı. Neft kömürün alternativi idi. Bu günə qədər dünya enerji bazarında neft birinci yerdə, kömür isə ikinci yerdədir, qaz hələ də ikinci yerə çıxmayıb. Alternativ enerji XXI əsrdən sonra vüsət aldı.
Avropa ölkələri 2020-ci ilə qədər enerji mənbələri arasında alternativ enerjinin payını 20 faizə qaldırmağı qarşılarına məqsəd qoyublar. Bu vaxta 5 il qalıb və artıq bir çox nailiyyətlər əldə olunub. 40-50 ildən sonra texnologiya bazarında hansı dəyişikliklərin olacağını proqnozlaşdırmaq çətindir.
Hazırki dövrdə dünya enerji balansında neftin payı 42 faizdir, kömürün payı 29 faizdir, 27,5 faiz isə qazdır. Qazın kömürdən qabağa keçəcəyi gözlənilir. 50 ildən sonra isə güman edilir ki, birinci yerdə təbii qaz olacaq. Enerji bazarında alternativ enerjinin faizi də arta bilər. O zaman başqa bir mənzərə yaranacaq. Yüz ildən sonra da neft və digər enerji mənbələri də olacaq, ancaq onların nisbəti dəyişəcək”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər