Hanı biz deyən İslam? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-11-2015, 10:34 | Şərh sayı: (0) | Baxılıb: 2528
Hanı biz deyən İslam?
Yaxşılığa dəvət və pislikdən çəkindirmək hər bir müsəlmanın borcudur. Yaxşılığa dəvəti başqa sözlə ifadə etsək “gəl, sən də bizim sıralara qoşul, bizim kimi ol” da deyə bilərik. Amma bütün problemlər də elə bu ifadəni işlətdikdən sonra meydana gəlir.
Etiraf etməliyik: müasir cəmiyyətimizdə əksər valideynlər övladlarının dinlə heç bir əlaqəsinin olmamasının tərəfdarıdır. Bu heç də elə anlama gəlməməlidir ki, Azərbaycanın orta statistik vətəndaşı oğlunun İslam qanunlarına tam əks həyat tərzi sürməsinin arzusundadır. Qətiyyən belə deyil. Əksər valideynlər övladlarının məstedici içkilərdən, zinadan, yalandan, oğurluqdan və sair xoşagəlməz əməllərdən uzaq olmasını, dini terminlərdən istifadə etsək, bu günahlara bulaşmamasını istəyir. Amma belə valideynlərə sual verəndə ki, nə üçün oğlun namaz qılmır, ibadətlə məşğul olmur, daş atıb başını tutur. Belə hallar əvvəllər də var idi, bəziləri dinlə, İslamla aşkar düşmənçiliklərini gizlətmirdilər. Amma indi belələrinin sırasına dinə loyal yanaşan, lakin dindən qorxan təbəqə də qatılıb. Bəli, nə qədər acınacaqlı səslənsə də, artıq dünyada, o cümlədən məmləkətimizdə elə bir ab-hava yaradılıb ki, insanlar dindən qorxurlar. Kimə isə “gəl Allahın yolunu tut” dedikdə, təqribən belə bir dialoq yaranır:
- Neyləyim, gedim İŞİD kimi baş kəsim?
- Yox, nə danışırsan, bu İslam deyil ki!
- Hə, onda nurçular kimi altdan-altdan dövlətə qarşı iş görüm?
- Qətiyyən, bu da İslam deyil!
- O zaman Məhərrəm ayında cismimi al qana bulayım, körpəmim başını xəncərlə yarım?
- Yox-yox, bu da İslama ziddir, İslam başqadır!
- Hə, gedim küçələrdə yürüş edim, tutub salsınlar “içəri”?
- Axı bunun İslamla nə əlaqəsi?
Bu dialoq daha da uzun sürə bilər. Amma yekunda ənənəvi sual verilir: yaxşı, hanı o sən deyən İslam? O İslam deyil, bu İslam deyil, bu birisi İslam deyil, bəs, yaxşı, hansı İslamdır? Sizə qoşulum? Kimə? Üsulilərə, əxbarilərə, quranilərə, vilayətçilərə, ziddi-vilayətçilərə, daha nə bilim kimə... Necə deyirlər, sözün bitdiyi an. Nəticədə bəzən yaxşılığa dəvət çevrilib olur dalana dirənmək. Təəssüf. Yəqin 100, bəlkə də 30 il əvvəl əmr be məruf daha asan başa gəlirmiş.
Əlbəttə, bütün bu qeyd olunanlar nə yaxşılığa dəvətdən imtinaya, nə də bu işdən usanmaya səbəb olmamalıdır. Sadəcə bu işə başlayanda yolun hamar, nəticənin isə tez meydana gəlməyəcəyini göz altına almalıyıq. Bir də ki, qarşı tərəfi tərəddüdə, bəzən isə aşkar qorxuya görə qınamamalıyıq. Öz aramızdır, İslamın indiki durumu, daxili çəkişmələr, az qala bir səngərdə olanların üz-üzə dayanması Allahın bəndələrinə son olaraq seçdiyi dinə çoxmu bənzəyir?
islam.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər