İMAM SƏCCADIN (Ə) FƏALİYYƏTLƏRİ, ZÜLM VƏ FƏSADLARA QARŞI MÜBARİZƏ ÜSULLARI |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-08-2016, 12:51 | Şərh sayı: (0) | Baxılıb: 404
İMAM SƏCCADIN (Ə) FƏALİYYƏTLƏRİ, ZÜLM VƏ FƏSADLARA QARŞI MÜBARİZƏ ÜSULLARI
İmam Səccadın (ə) fəaliyyətlərinin ən mühüm hissəsini aşağıdakı bölmələrdə xülasə etmək olar:
1. Aşura xatirəsini yaşatmaq: Zillət və alçaqlıqdan qurtulmaq, izzət, şərəf və azadlıq qazanmaq, zülm və haqsızlıqlara qarşı cəmiyyətdə əsaslı inqilab yaratmaq üçün camaatı ayıltmaq və maarifləndirməkdən başqa yol yoxdur. Bundan sonra inqilab öz-özünə yaranacaqdır. Bu, imam Hüseynin (ə) hərəkatının bir hissəsini təşkil edirdi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi – Kərbəla inqilabının camaata çatdırılması isə, imam Səccad (ə) və xanım Zeynəbin (s.ə.) öhdəsində idi. İmam Əlinin (ə) qızı xanım Zeynəbin (s.ə.) Kufə bazarında, ondan sonra isə elə həmin şəhərdə imam Səccadın (ə) təsirli çıxışları ilə davam etdi. İmam Səccad (ə) böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata üzünü tutub, Allaha həmd-səna etdikdən sonra buyurdu: “Camaat, məni tanıyan tanıyır,tanımayana isə özümü tanıtdıraram: Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseynin oğluƏliyəm. Mən hörmətini sındırdığınız, mal-dövlətini taladığınız və yaxınlarını əsir etdiyinizşəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş şəxsin oğluyam. Halbuki o, nə bir nəfərə zülm etmiş, nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsinoğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat, siz atama məktub yazmadınızmı?Onunla beyət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağabaşlamadınızmı? Nə pis iş, nə pis düşüncə və hərəkətdir! Əgər Allahın Peyğəmbəri sizədesə ki, siz mənim övladlarımı öldürdünüz, mənim hörmətimi qırdınız, siz mənimümmətimdən deyilsiniz, onda nə üzlə ona baxarsınız?”
Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə təsir bağışladı ki, dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: “Bilmirsiniz, bədbəxt oldunuz!”
Aşura faciəsindən sonra imam Hüseyn (ə) və onun sadiq dostlarının şəhadətini əbədi yaşatmaq üçün imam Səccad (ə) öz mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhəsiz ki, bu yandırıcı göz yaşlarının bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük idi ki, o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər, onu yaddan çıxarmazdılar. Ancaq imam Səccadın (ə) bu hadisəyə münasibətinin bir siyasi təsir və nəticəsi var idi. Aşura faciəsinin tez-tez təkrarlanması Əməvilər hakimiyyətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (ə) su içərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşduqda buyurardı: “Yezidin adamları suyu atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?”
2. Ümmətə nəsihət: O həzrət camaatı moizə ilə düzgün ilahi fikirlərlə tanış edir, zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş, yaxud təhrif edilmiş islami fikirləri əvvəlki və əsl halına qaytarır, camaata bacardığı qədər İslam təlimlərini çatdırırdı.
3. Dua qəlibində İslam maarifinin bəyanı: İmam Səccadın (ə) təbliğ və mübarizə metodlarından biri də İslam maarifini dua şəklində bəyan etmək idi. Dua insanla Allah arasında çox mühüm və tərbiyəvi təsir bağışlayan bir vasitədir. İslam cəmiyyəti azğınlığa düçar olaraq dünyapərəstliyə qapıldıqda, siyasi, əxlaqi və ictimai fəsada büründükdə, siyasi təzyiq və işgəncələr xərçəng xəstəliyi kimi cəmiyyətə hakim kəsilir və insanlara nəfəs almaq üçün azacıq belə fürsət vermirdi. Belə bir şəraitdə, imam Səccad (ə) İslam əqidələri və mədəniyyətinin bir qismini camaatın nəzərinə çatdırmaq üçün duadan faydalanaraq xalqın yenidən ibadət və bəndəçiliyə yönəlməsini təmin edir, onları hərəkətə gətirirdi. İmamın dualarda əsl məqsədi ibadət və Allahla rabitəsinin möhkəmlənməsi olsa da, onun mətninə nəzər saldıqda, o həzrətin siyasi düşüncələri ilə də tanış ola bilərik. O həzrətin dualar toplusu “Səhifeyi-Səccadiyyə” adlanır. Bu kitab Quran və “Nəhcül-bəlağə”dən sonra ən böyük və ən mühüm ilahi maarif xəzinəsi sayılır.
4. Əhkam, əxlaqi və tərbiyəvi əsərlərin nəşri: İmam Səccaddan (ə) yadigar qalmış əxlaqi-tərbiyəvi təlimlərdən bir nümunəsi “Risalətül-hüquq” adlı bir məcmuədir. İmam (ə) burada insanın müxtəlif – istər Allah, istərsə də başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər bu vəzifə və hüquqları İmam (ə) əvvəl qısa şəkildə, sonra isə ətraflı izah etmişdir.
5. Kimsəsizlərə yardım: İmam Səccadın (ə) həyatının parlaq cəhətlərindən biri də, o həzrətin zülmlə dolu mühitdə ictimai xidmətləri, ikinci xəlifə zamanından bəri, xüsusilə, Əməvilər dövründə ən ağır ictimai təzyiqlərə məruz qalan bir təbəqəyə diqqət yetirməsi və həmin təbəqə məhrumiyyətlərə düçar olan qullar təbəqəsi idi. Ümumiyyətlə, kişi, qadın, iranlı, romalı və sudanlı kölələr sahibləri tərəfindən ən pis işlərdə istifadə edilirdi. Nəql edirlər ki, imam Səccad (ə) Mədinənin yüz yoxsul ailəsini dolandırırdı. Mədinə əhalisinin bir dəstəsi güzəranını gecə vaxtı onlara gətirilən yeməklə keçirirdilər. Ancaq yemək gətirənin kim olduğunu bilmirdilər. İmam Səccad (ə) vəfat etdikdən sonra başa düşmüşdülər ki, gecə vaxtı onlar üçün yemək-içmək gətirən şəxs imam Səccad (ə) imiş. (“Kəşfül-ğümmə”, c.2, səh.289.)
6. Tərbiyə ocağı: İslam dininin zühur etdiyi bir vaxtda dünyanın hər tərəfində, hətta o dövrün əsas mədəniyyət mərkəzləri olan Yunanıstan və Romada quldarlıq hökm sürürdü. Belə bir quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini tədricən onu aradan qaldırmağa zəmin yaratdı. Bir tərəfdən quldarlıq dairəsini məhdudlaşdırdı, digər tərəfdən qul azad etməyi bir çox günahların kəffarəsi təyin etməklə qulların azadlığı üçün şərait yaratdı, üçüncü tərəfdən də, Peyğəmbər (s) müsəlmanlara qullarla (bir ailə üzvü kimi) insancasına rəftar etməyi tövsiyə etdi. İmam Səccadın (ə) həyatında da qul azad etmək məsələsi gözə dəyir. Ancaq imam Səccadın (ə) bu işdə tərbiyəvi-insani məqsədlər güdürdü. Yəni qulları alaraq onları bir müddət təlim-tərbiyə etdikdən sonra azad edirdi. Onlar da cəmiyyət arasında nümunə olaraq mədəni və tərbiyəvi fəaliyyətlər göstərir və azad olduqdan sonra da, İmamla (ə) əlaqələrini kəsmirdilər. Nəql olunur ki, imam Səccad (ə) Ramazan ayının son gecəsi iyirmi qul azad edib buyurardı: “Mən istəyirəm Allah görsün ki, mən dünyada öz qullarımı azad etdim, bəlkə qiyamət günü O da məni cəhənnəm odundan azad etsin.” İmam Səccad (ə) heç bir xadimi bir ildən artıq saxlamazdı. İlin əvvəli, ya ortasında evə gətirdiyi xadimi “Fitr” bayramı gecəsi azad edər, sonrakı il onun yerinə bir başqasını gətirib, onu da növbəti Ramazan ayında azad edərdi. Bu iş o həzrətin ömrünün axırınadək davam etdi.
Belə qənaətə gəlmək olar ki, imam Səccad (ə) bu proqramla əslində bir tərbiyə ocağı yaratmışdı. Qulları alıb onlara təlim-tərbiyə verir, onları azad etdikdən sonra hər biri başqalarının örnəyinə çevrilirdi. Onlar azad olduqdan sonra imam Səccadla (ə) mənəvi əlaqəni kəsmir, hər biri öz növbəsində başqalarına təlim-tərbiyə verirdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər