Həsəd |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2016, 19:26 | Şərh sayı: (0) | Baxılıb: 506
Həsəd
Həsəd çəkməklə qeybət edən şəxs üç əzaba düçar olur: paxıllıq nəticəsində ruhi narahatçılıq, həsəd aparmağına və qeybət etdiyinə görə də əlavə bir əzab. Buna əsasən paxıl adamlar dünya və axirətdə ziyan çəkənlərdir, çünki onun qeybət etməkdə məqsədi paxıllığını çəkdiyi şəxsi məhv etməkdir. Həqiqətdə isə, özünü məhv etmiş olur.
Bu fəsildə həsədin qeybət amillərindən biri kimi qeyd edilməsinə baxmayaraq, yaxşı olardı ki, onun barəsində qısa bir məlumat verək.
Həsədin tərifi
Rağib İsfahani yazır:
"Həsəd nemətin layiq olduğu şəxsdən itirilmə arzusudur. Paxıllıq edən nəinki həsəd çəkir, eyni zamanda paxıllığını etdiyi həmin şəxsin əldə etdiklərini itirməsinə çalışır. Rəvayətlərdə belə buyurulmuşdur ki, "möminlər qibtə, münafiqlər isə paxıllıq edərlər".
Qibtə nemətin layiq olduğu şəxsdən itirilməməsi şərtilə ona malik olmaq arzusudur. Başqa sözlə desək, qibtə edənlər başqalarında olan keyfiyyətləri müşahidə edərkən: "Kaş bizə də bu qismət olaydı", - deyə arzu edir, amma həsəd aparan şəxslər: "Məndə yoxdursa, onda da olmasın.", "Məndə olsun, amma başqasında olmasın" və ya "Ondan alınsın mənə verilsin", - deyə için-için yanaraq dərindən köks ötürürlər. Qibtə edənlər hər hansı bir neməti əldə etmək üçün çalışır, lakin heç vaxt başqalarının onu itirməsini istəmirlər. Buna görə də buyurmuşlar ki, mömin qibtə, münafiq isə paxıllıq edər.
İndi isə həsəd məfhumu və onun qəbihliyi ilə tanış olmaq üçün bəzi ayə və rəvayətləri araşdıraq:
Quran» ayələrində həsəd
• "Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermiş və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik." («Nisa»- 54).
• "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. . . " («Bəqərə» 109).
• "Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərinizdən üstün tutduğu (birinizə digərinizdən artıq verdyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır.(Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir." («Nisa» - 32).
Bu ayələrdə əsas məqsəd paxılları tənqid etmək olsa da, aydın oldu ki, həsəd Allahın layiq bilib bəxş etdiyi nemətin bəndələrdən alınması arzusudur. Qibtə isə bunun tam əksi olaraq, nemətin alınması və itirilməsi yox, ona (çalışmaq yolu ilə) malik olmaq istəyidir. Buna görə də həsəd nə qədər qəbihdirsə, qibtə də o qədər gözəl və fəzilətlidir. «Quran» baxımından həsədin tənqid olunması barədə Allah- təalanın bu kəlamı kifayət edir:
"(Ey Peyğəmbər de:) Və bir də paxıllığı tutandan paxılın şərindən!" («Fələq» -5).
Həsəd rəvayətlərdə
Məsumların(ə) hədislərində həsəd barədə elə xüsusiyyətlər söylənilmişdir ki, onlardan bir neçəsini nümunə olaraq burada qeyd edirik.
Həsəd küfrün köklərindəndir
İmam Sadiq (ə) buyurdu:
"Küfrün kökü üç şeydir: Tamah, təkəbbür və həsəd." Sonra isə həsəd barədə buyurur: "Amma həsəd Adəmin iki oğlunun (Habil və Qabil) biri-birini öldürməsi əhvalatında vardır."
Məclisi yazır:
"Bəlkə də küfrün kökləri dedikdə o günahlar nəzərdə tutulur ki, bəzən küfrə səbəb olur, həmişə yox. Küfrün bir çox əlamət və nümunələri vardır."
İmam Sadiq(ə) buyurur:
"Həsəd qəlbin qaralığından və Allahın bəndələrinə nemət bəxş etməsini inkar etməkdən əmələ gəlir. Bu iki şey isə (qəlbin qaranlığı və Allahın hər hansı bir bəndəyə nemət əta etməsinə qarşı çıxmaq) küfrün iki qanadıdır."
Həsəd etdiyinə görə bəşər övladı həmişəlik olaraq həsrət içində qaldı və heç vaxt qurtula bilməyəcəyi bir fəlakətə düşdü.
Həsəd imanı əridir
Başqa bir hədisdə buyurulur:
"Həsəd alov odunu yandırıb kül etdiyi kimi, imanı məhv edir."
Həzrət Əli(ə) buyurur:
". . . Paxıllıq etməyin. Çünki paxıllıq, alov odunu külə döndərdiyi kimi, imanı yox edir . . ."
Əmirəlmöminin Əli(ə) həmçinin belə buyurmuşdur:
"Buz və qarın suda əridiyi kimi, həsəd də imanı əridir."
Paxıl Allahın qəzəbinə gəlir
Başqalarına paxıllıq edənlər Allahın qəzəbinə gəlib, Tanrı ilə əlaqələri kəsilir. Peyğəmbər(s) buyurdu:
"İzzətli və Cəlallı Allah Musa ibn İmran(ə)-a buyurdu: "Ey İmranın oğlu! Öz fəzilətimdən xalqa əta etdiyim nemətə görə paxıllıq etmə. Gözün onda qalmasın. Ürəyini onun dalınca göndərmə, çünki hər kim paxıllıq edib mənim əta etdiyimdən narahat olursa və bəndələr arasında bölüşdürdüyümün qarşısını almaq istəyirsə, nə mən ondanam, nə də o məndən (Onunla mənim aramda heç bir əlaqə yoxdur).
Həsəd münafiqlik əlamətidir
Bəzi hədislərdə belə gəlmişdir ki, Allaha iman gətirmiş şəxs xalqa paxıllıq etməz. İmam Sadiq(ə) buyurdu: "Mömin qibtə edər, paxıllıq etməz. Münafiq isə paxıllıq edər, qibtə etməz."
Həsəd dinin bəlasıdır
Başqa bir hədisdə İmam Sadiq(ə) buyurmuşdur: "Dinin bəlası üçdür: həsəd, xudbinlik (yalnız özünü düşünmək), lovğalıq." Başqa bir hədisdə oxuyuruq ki, həsəd dini məhv edir:
Bir gün Rəsulullah(s) öz səhabələrinə buyurdu: "Bilin və agah olun ki, sizdən qabaqkı ümmətlər kimi sizin də xəstəliyiniz həsəddir. Həsəd bədənin tükünü yox, insanın dinini kökündən qoparır».
Həsədi tənqid edən elə bu məzmunda başqa bir hədis o Həzrətdən nəql olunmuşdur:
"Sizdən qabaqkı ümmətlərin xəstəliyi olan paxıllıq və kin-küdurət sizi də bürümüşdür."
Həsədin cismani zərərləri
Həsəd dini və imanı məhv etmək kimi mənəvi zərərlərdən başqa, cismani zərərlərə də malik olub insanın əsəb sisteminə güclü təsir göstərir. Əli(ə) buyurur: "Sağlamlıq az paxıllıq etməkdədir." Əllamə Şeyx Məhəmməd Təqi Şüştəri həzrəti-Əli(ə)-dən sitat gətirdikdən sonra yazır:
"Altı nəfər həmişə narahatdır. Onlardan biri də paxıldır.” Sonra isə Əsməidən belə nəql edir:
Yaşı yüz iyirmini ötmüş səhrada yaşayan bir kişi gördüm. Soruşdum: "Sənin uzunömürlülüyünə səbəb nə olmuşdur?” Dedi: "Uzunömürlülüyümün səbəbi paxıllıq etməməyimdir."
Əli(ə) də başqa bir yerdə buyurur: "Çox təəccüblüdür ki, paxıllar öz sağlamlıqlarını unudurlar."
İmam Sadiq(ə) buyurur:
"Həsəd aparan şəxs paxıllıq etdiyi şəxsdən qabaq özünə zərər vurur."
Əmirəlmöminin Əli(ə)-dən həsəd və paxıllar barədə çox hədis nəql olunmuşdur. Onlardan aşağıdakıları nümunə olaraq göstərmək olar:
• Həsəd insanın sağlamlığını məhv edir.
• Həsəd elə bir öldürücü xəstəlikdir ki, paxılın və ya paxıllığı çəkilənin ölümündən başqa bir şeylə sağalmır.
• Həyatda adamların ən pisi paxıldır.
Həsəd təhlükəli ruhi xəstəlikdir. Xəstəliyin səbəbini müəyyənləşdirdikdən sonra isə hər bir şəxs onun müalicəsi üçün çalışmalıdır.
Burada yalnız bir mətləbi qeyd etməklə kifayətlənirik ki, qəlbdə yaranmış düyün və çatışmamazlıqlar tənbəllik və süstlüklə birgə həsədi yaradan əsas amillərdəndir. Çalışın çatışmamazlıqları həll edərək ürəkdə yaranmış düyünləri əridəsiz. Yeri gəlmişkən bunu da bilmək lazımdır ki, həyatda hər bir kəsin təyin olunmuş nəsibi və payı vardır, əgər çalışıb səy göstərərsə, ona mütləq yetişər. Allah-təala "Qurani-Kərim”də buyurur:
"İnsana ancaq öz əməli (öz zəhməti) qalar." («Nəcm»-39).
Əlbəttə, ictimai həyatda zülm və haqsızlıq kimi maneələrin insanın həyat yolu üstündə durması mümkündür, lakin paxıllıq etməklə bu ictimai maneələri aradan qaldırmaq olmaz. Belə ictimai xəstəliklərin müalicəsi üçün başqa yollar vardır. Bu isə öz yerində bəhs olunacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər