Düyü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-01-2016, 03:22 | Şərh sayı: (0) | Baxılıb: 512
Düyü
Qadir Allah aləmi gözəl bir biçimdə öz hikməti üzrə yaratmış və yaradılmışları öz hikmət zənciri ilə bir birinə bağlamışdır. Aləmdə hər şey bir-birini tamamlayır, birində qanun pozularsa, bağlılıq qanununa əsasən başqaları da ziyana məruz qalar. Bu qanun həm insanı əhatə edən aləmi, həm də insanın özünü bürümüşdür. Bu gün aydın görünür ki, Allahın qanunlarını pozmağa çalışan insan oğlu necə də etdiklərinin cəzasını çəkir. Bəli, insan oğlu özünü təbiətin ağası sandı onu dəyişdirmək qərarına gəldi. Qazandığı isə əks əməl oldu, yəni dəyişən təbiət insanı da dəyişməyə məcbur etdi. İnsan oğlu tərəfindən xəstələndirilmiş ana təbiətin xəstəliyinə insan oğlu özü məruz qaldı və xəstəliyə düçar olmuş hər bir orqan da özü-özlüyündə başqa orqana təsir edir, başqasının da fəaliyyətini zəiflədir. Bəlkə elə bu əməllərə görədir ki, Yaradan öz müqəddəs kitabında buyurur: «İnsan ziyan içindədir» (Əsr surəsi, ayə 2).
İnsan Allahla hesablaşmaq istəmədi, Allahın yaratdığı təbiəti bəyənməyib öz istədiyi kimi qurmaq istədi, qazandığı isə ziyan oldu. İnsanın kəşf etdiyi ixtiralara diqqət yetirək: insan barıt kəşf etdi - odlu silah oldu; insan atomu kəşf etdi - bombaya çevrildi, nə yaratdısa başına bəla etdi insan. Amma bunun əvəzinə Allahın həmahəng yaratdığı dünyada həmahəng yaşasaydı insan görəcəyi xeyir daha çox olardı. Kimya elmini gücləndirən insan oğlu bu gün kimyəvi silahları, kimyəvi dərmanların əlində aciz qalıb. İnsanın bir yarasını sağaldan kimyəvi dərman onun orqanizmində neçə-neçə yeni yaralar açır. Bəzən kimyəvi dərmanı bir neçə dəfə qəbul etmiş insan ömrü boyu ondan asılı vəziyyətdə qalır. Allahın yaratdıqları müqayisə edilməzdir - Ana təbiətin istehsal etdiyi dərmanlar: otlar,bitkilər, meyvələr və s. Hər bir ağıllı insan bilir ki, onlardan heç bir ziyan gəlməz, qazanc yalnız xeyirdir. Allahın yaratdığı bir ot bəzən onlarla xəstəliyin dərmanı olur və Ana təbiətdə yüzlərlə dərman - bitki mövcud olur. Allah bizə saysız-hesabsız nemət vermiş hər addımımızda dərdlərimizə dərman bitirmiş. Biz isə sanki Yaradandan ağıllıyıq, Onun yaratdığını atıb özümüz yaradırıq. Yaratdığımız da orqanizmi zibil qutusuna çevirən kimyəvi dərmanlardır.
Allah aləmlərə rəhmət olaraq göndərdiyi Qurani Kərimdə buyurur: «Əgər sizə verilən nemətləri saymağa qalxarsınız sayıb qurtara bilməzsiniz».
Allahın bizə bəxş etdiyi nemətlərdən biri də evlərimizdə qida kimi ən çox istifadə etdiyimiz düyüdür. Nə üçün insanlar düyünü bu qədər sevirlər, bir hikmət yoxdurmu burada? Bəlkə bu ona görədir ki, Allahın insanlar arasında hidayət çırağı yandırmaq üçün göndərdiyi 124 000 peyğəmbərin ən fəzilətlisi, ən kamili və sonuncusu İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur: «Yerdə bitən hər bitkidə şəfa və zərər vardır, düyü isə belə deyildir. Onda təkcə şəfa var». Ya bəlkə onu insanlar arasında məşhur edən onun faydalı tərkibidir: düyünün tərkibində - su, protein, karbohidrat, kalsium, fosfor, dəmir, vitamin V1, V2, cücərmiş toxumunda isə vitamin E və vitamin V vardır. Bu ilahi nemət, həm ən gözəl qida maddəsi həm də gözəl qankəsicidir. Bundan başqa düyünün həm özü, həm də həlimi əvəzsiz ishal kəsicidir - yəni bağırsaqları bərkidir. Peyğəmbərin (s) pak övladı İmam Cəfər Sadiq (ə) buyurur: «Düyü yaxşı qidadır, bağırsaqları açır, rahat edir, babasili müalicə edir». Düyü bədəni kökəldir və gücləndirir. Bu ilahi nemət tək qida maddəsi və dərman deyil həm də kosmetik maddədir. Belə ki, düyünü qaynadıb suyu ilə sifətə kompress qoymaq sifətin rəngini gözəlləşdirir və təravətləndirir. Düyü su ilə saçları yumaq isə saçları gözəl və möhkəm edir.
Həzrəti Məhəmməd (s) dünya və axirət qardaşı, elmlər şəhərinin qapısı, imamlar atası Peyğəmbər (s) varisi və canişini Əli (ə) buyurur: «Yeyəcəklərin ağası əvvəl ət, sonra düyüdür». Düyü süd və şəkərlə bişirilərsə, orqanizm üçün daha münasib olur və tez mənimsənilir, orqanizmi kökəldir,sperma yaradır. Düyü keçi südü ilə bişirilərsə, mədə narahatçılığına qarşı çox faydalıdır.
Düyü unu yara və iltihabı qurtarır, piy ilə düyü ununun təpitməsi çibanları deşir və təmizləyir. Düyü böyrək və sidik kisəsi xəstəlikləri üçün də faydalıdır.
Peyğəmbər Əhli-Beytinin pak nümayəndəsi, alimlər ustadı, altıncı imamımız İmam Cəfər Sadiq (ə) buyurur: «Düyü yaxşı qidadır, biz onu xəstələrimizə verib onları sağaldırıq».
Tibb elminin əvəzsiz bilicisi, peyğəmbər övladı, dünya müsəlmanlarının ziyarətgahına çevrilmiş səkkizinci imamımız İmam Rza (ə) buyurur: «Dünya və axirət yeməklərinin tacı ət və düyüdür». Bu əvəzsiz qida olan ilahi nemət, həm də insan ömrünü uzadan bir maddədir və hər sahədə əhəmiyyətli olduğu kimi, düyü ürək xəstəliklərinin müalicəsində də böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Cəfər Sadiq (ə) buyurur: «Düyünü yuyub kölgədə qurudun, sonra un edib gündə bir az su ilə için ki, ürək xəstəliyinə çox xeyirdir».
Və peyğəmbər övladı yenə buyurur: «Ürək ağrısı zamanı düyünü bişirib üzərinə sumaq səpib yeyin».
Torpaqdan yaratdığı insan oğlunun qida və şəfasını yaratdıqları içərisində qərar vermiş, hər bir zərrədə insan oğlu üçün fayda qərar vermiş Ulu Tanrıya Həmd və Sənalar olsun! Və bütün bu ilahi bilgiləri cahil və nadanlığımıza baxmayaraq bizlərə çatdırmağa çalışan 124 000 peyğəmbərə, onların sonuncusu olan Həzrəti Məhəmmədə (s) və onun canişinləri olan məsum imamlarımıza Allahın salamı olsun! Və Ulu Tanrı bu müqəddəs insanlara xatir Onun adını çağıran xəstələrimizə şəfa versin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər