Qədir-Xum hadisəsi |
Müəllif: Admin | Bölmə: Islam tarixi | Vaxt: 13-10-2014, 20:20 | Şərh sayı: (0) | Baxılıb: 831
Təbii fəlakətlərin səbəbi nədir?
Hicrətin onuncu ilində Peyğəmbər (s) Həcc mərasimini icra etmək üçün Məkkəyə yola düşdü. Bu dəfə belə bir vacib əməlin yerinə yetirilməsi əziz Peyğəmbərin ömrünün axırıncı ilinə təsadüf edirdi. Buna görə də onu "Həccətül-vida" (vida Həcci) adlandırırlar. Həcc mərasiminin qayda-qanunlarını dəqiq öyrənmək və Peyğəmbərlə həmsəfər olmaq həvəsi ilə onunla yoldaş olanların sayı təxminən 120 min nəfərə çatdı. Həcc mərasimi sona çatdı. Əzəmətli bir cəmiyyət o həzrəti müşayiət edən bir halda Mədinəyə tərəf yola düşdü. Məkkədə ona qoşulan şəxslərdən başqa hamı onun yanında idi. Karvan Qədir-Xum adlı susuz bir səhraya (Cöhfədən üç millik məsafədədir) çatanda vəhy mələyi nazil oldu, Allah tərəfindən Peyğəmbərə dayanmaq əmri verdi. Peyğəmbər (s) də əmr etdi ki, hamı dayansın, arxadakılar da gəlib çatsınlar. Karvandakılar Peyğəmbərin susuz bir məntəqədə, özü də günün hərarətinin yandırıcı və yerin qızmar olduğu günorta çağı, gözlənilməz və zahirdə yersiz görünən bu dayanmasından heyrətləndilər. Camaat öz-özünə deyirdi: "Allah tərəfindən böyük bir əmr gəlmişdir. Fərmanın böyük olması barədə elə bu kifayətdir ki, Peyğəmbərə əmr olunub ki, münasib olmayan bu şəraitdə hamını saxlayıb Allahın fərmanını çatdırsın."
Allahın əmri aşağıdakı ayədə Peyğəmbərə nazil oldu: "Ey Peyğəmbər, Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi etməsən, Allahın risalətini yerinə yetirmiş olazsan. Allah səni camaatdan (onların şərrindən) qoruyacaq."
Ayənin məzmununa diqqət yetirdikdə, aşağıdakı məsələlər aydın olar: Əvvəla, Peyğəmbərə təbliğ etmək əmr olunan fərman elə böyük və əzəmətlidir ki, əgər (qeyri-mümkün olan fərzlə) onu çatdırmaqda o həzrət qorxu hiss etsəydi və çatdırmasaydı, onda öz ilahi risalətini yerinə yetirməmiş, natamam qoymuş sayılardı. Onun risaləti məhz bu məmuriyyəti yerinə yetirməklə tamamlanacaqdı. Başqa sözlə desək, "ma unzilə iləykə" sözündən məqsəd heç də Quran ayələrinin və islam qayda-qanunlarının məcmusu deyildir. Çünki məlumdur ki, əgər Peyğəmbər (s) ilahi qayda-qanunların məcmusunu təbliğ etməsəydi, öz risalətini yerinə yetirməmiş olacaqdı. Bu halda bu məsələ tam aşkardır və ayə nazil olmasına heç bir ehtiyac yoxdur.
Deməli, məqsəd xüsusi bir əmrdir ki, onun təbliğ olunması risalətin təkmil olunması sayılır ki, bu təbliğ olunmayınca mühüm vəzifə olan risalət özünün kamillik dərəcəsinə çatmaz. Buna görə də, bu əmr islamın mühüm pirinsiplərindən biri olmalıdır. Bu üsul digər islami əsl və qaynaqlarla qarşılıqlı əlaqədə olmalı, Allahın birliyi və Peyğəmbərin risalətindən sonra ən mühüm məsələ sayılmalıdır.
Ikincisi, Peyğəmbər (s) ictimai şəraitin tələbi ilə ehtimal verirdi ki, bu məmuriyyətin yerinə yetirilməsi yolunda camaatdan ona bir zərər deyə bilər. Allah da onun iradəsini qüvvətləndirmək üçün buyurur: "Allah səni camaatın şərindən qoruyar."
Indi isə islam təfsirçilərinin əmr olunan mövzunu təyin etməkdə verdikləri ehtimallardan hansının ayənin məzmununa daha yaxın olduğunu araşdıraq. Şiə hədisçiləri, eləcə də böyük sünnü hədisçilərindən otuz nəfəri bu fikirdədir ki, yuxarıdakı ayə Qədir-Xumda nazil olmuşdur və bu ayədə Allah Peyğəmbər (s)-ə əmr etmişdir ki, Əli (ə)-ı "möminlərin mövlası" və ixtiyar sahibi kimi tanıtdırıb xalqa təqdim etsin.
Peyğəmbər (s)-dən sonra Imam (ə)-ın canişinliyi, vilayəti və rəhbərliyi çox böyük və mühüm əhəmiyyət kəsb edən bir məsələ idi. Məhz buna görə də, onun çatdırılması risalətin təkmilləşdirilməsi və onun bəyan olunmasından çəkinmək risalət işində nöqsan idi. Həmçinin Peyğəmbər (s) ictimai və siyasi şərait baxımından qorxuya yol verməyə haqlı idi, çünki yaşı otuz üçü keçməyən Əli (ə) kimi bir şəxsin canişin və vəsi olması yaşca ondan çox böyük olanlara çox ağır gəlirdi.
Bundan əlavə, Peyğəmbərin ətrafında olanlardan çoxunun yaxın adamlarının (kafirlərin) qanı döyüşlərdə Əli (ə)-ın vasitəsilə tökülmüşdü. Ona görə də belə bir fərdin camaata rəhbər təyin edilməsi onlara çox ağır gələcəkdi. Üstəlik Əli (ə) Peyğəmbər (s)-in əmioğlusu və kürəkəni olduğundan onun xilafətə təyin olunması dardüşüncəli adamların nəzərində bir növ qohumluq təəssübü kimi qiymətləndiriləcəkdi. Amma bu kimi qeyri-münasib şəraitlərə baxmayaraq, Allahın hikmətli iradəsi bu oldu ki, islamın davam etməsinə təzminat versin, Öz Peyğəmbərinin cahanşümul risalətini ondan sonra bir rəhbər və yol göstərən təyin etməklə kamilləşdirsin. İndi "Qədir" hadisəsini şərh edirik:
Zil-hiccənin on yeddisində günortanın qızmar günəşi Qədir-Xum diyarına saçırdı. Tarixdə sayı 70 mindən 120 minə qədər qeyd edilən izdihamlı bir dəstə Peyğəmbərin əmri ilə o yerdə mənzil salıb o gündəki böyük tarixi hadisənin intizarını çəkirdilər. Isti şiddətli olduğundan əbalarının bir hissəsini başlarına, bir hissəsini isə ayaqlarının altına salmışdılar. O həssas anlarda azan səsi çölü bürüdü, müəzzinin təkbir səsi ucaldı. Hamı zöhr namazı qılmaq üçün hazırlaşdı. Peyğəmbər zöhr namazını o əzəmətli cəmiyyətlə birgə qıldı. Qədir diyarında o günə kimi belə əzəmətli bir cəmiyyət görünməmişdi. Sonra camaatın arasına gəlib dəvələrin yüklərindən düzəldilmiş bir minbərə çıxdı və uca səslə belə bir xütbə oxudu:
"Sitayiş yalnız Allaha məxsusdur. Ondan kömək istəyirik, Ona iman gətirmişik, Ona təvəkkül edirik və öz nəfslərimizin şərindən, əməllərimizin pisliyindən o Allaha pənah aparırıq ki, yolunu azanlar üçün Ondan başqa heç bir hidayətçi və yolgöstərən yoxdur və Onun hidayət etdiyi şəxsi heç kəs azdıra bilməz. Şəhadət veririk ki, Ondan başqa heç bir məbud yoxdur və Məhəmməd Allahın bəndəsi və elçisidir. Ey camaat! Yaxın vaxtlarda mən haqqın dəvətinə "ləbbeyk" deyib sizin aranızdan gedəcəyəm. Mən də məsulam, siz də məsulsunuz. Mənim barəmdə nə fikirləşirsiniz?
Peyğəmbərin səhabələri dedilər:–Şəhadət veririk ki, sən Allah dinini təbliğ etdin, bizə qarşı xeyirxah olub nəsihət verdin, bu yolda çox çalışdın. Allah sənə gözəl mükafat versin!
Camaat sakitləşəndən sonra Peyğəmbər yenidən buyurdu:–Siz şəhadət vermirsinizmi ki, Allahdan başqa bir məbud yoxdur və Məhəmməd Allahın bəndəsi və Onun Peyğəmbəridir, (eləcə də şəhadət vermirsinizmi ki,) cənnət, cəhənnəm, ölüm haqdır və qiyamət günü şəksiz gəlib çatacaq, Allah bütün insanları dirildəcək?!
Dedilər:–Bəli! Bəli! Şəhadət veririk.
Peyğəmbər yenə buyurdu:–Mən sizin aranızda iki qiymətli əmanət yadigar qoyuram, görüm onlarla necə rəftar edəcəksiniz?!
Bir nəfər soruşdu:–Bu iki qiymətli şeydən məqsəd nədir?
Peyğəmbər buyurdu:–Siqli-əkbər (böyük əmanət) Allahın Kitabıdır. Onun bir tərəfi Allahın əlində, o biri tərəfi isə sizin əlinizdədir. Onun kitabına sarılın ki, yolunuzu azmayasınız. Siqli-əsğər isə mənim Əhli-beytimdir. Allahım mənə xəbər vermişdir ki, bu iki əmanət qiyamət gününə kimi bir-birindən ayrılmayacaq. Ey camaat, Allahın Kitabından və mənim Əhli-beytimdən qabağa keçməyin və o ikisindən geri qalmayın ki, məhv olarsınız.
Bu vaxt Peyğəmbər Əli (ə)-ın əlindən tutub yuxarı qaldırdı, o qədər qaldırdı ki, onun qolunun altı hamıya göründü. Hamı Əli (ə)-ı Peyğəmbər (s)-in yanında görüb tanıdı. Onlar dərk etdilər ki, bu yığıncaq Əli (ə)-a aid olan bir məsələ barəsindədir. Hamı xüsusi bir maraqla Peyğəmbər (s)-in sözlərinə qulaq asmağa hazırlaşdı. Peyğəmbər buyurdu:–Ey camaat! Möminlərə qarşı onların özlərindən də artıq ixtiyar sahibi olan kimdir?
Peyğəmbər (s)-in səhabələri dedilər:–Allah və Onun Peyğəmbəri daha yaxşı bilir.
Peyğəmbər buyurdu:–Allah mənim mövlam, mən də möminlərin mövlasıyam və onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm. Ey camaat, mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.
Peyğəmbər axırıncı bu cümləni üç dəfə təkrar edib sonra belə dua etdi: "Pərvərdigara, Əlini sevən hər kəsi sev, Əli ilə düşmənçilik edən hər kəsə düşmən ol! Ilahi, Əlinin dostlarına kömək, düşmənlərini xar və zəlil et. Pərvərdigara, Əlini haqqın mehvəri qərar ver!
Sonra əlavə etdi:–Gərək burada olanlar burada olmayanlara xəbər verib başqalarını bu işdən xəbərdar etsinlər.
Hələ əzəmətli yığıncaq sona çatmamışdı ki, vəhy mələyi nazil olub Allahın bu gün Öz dinini kamilləşdirib, Öz nemətini bütün möminlərə bol etməsini Peyğəmbərə müjdə verdi. Bu vaxt Peyğəmbər (s)-in təkbir səsi ucaldı və buyurdu:–Allaha şükür edirəm ki, Öz dinini kamil etdi və Öz nemətini sona çatdırdı, mənim risalətimdən və məndən sonra Əlinin vilayətindən (rəhbərliyindən) razı oldu.
Peyğəmbər öz yerindən aşağı endi, səhabələr dəstə-dəstə gəlib Əli (ə)-ı təbrik edir, onu "özlərinin və hər bir mömin kişi və qadının mövlası" - deyə çağırırdılar. Bu vaxt Peyğəmbərin şairi Həssan ibni Sabit ayağa qalxdı, bu böyük tarixi hadisəni gözəl bir şer şəklinə salaraq ona əbədilik rəngi verdi. Onun məşhur qəsidəsinin yalnız iki beytinin tərcüməsini veririk:
"Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni özümdən sonra camaatın rəhbəri və yol göstərəni seçirəm.
Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Camaat, sizə vacibdir ki, Əlinin həqiqi dostları və düzgün ardıcılları (havadarları) olasınız."
Qeyd edilənlər sünnülərin tarixi mənbələrindən gəlib çatanların xülasəsidir. Bu hadisə şiə kitablarında daha geniş şəkildə bəyan olunmuşdur. Mərhum Təbərsi "Ehticac" kitabında Peyğəmbər (s)-dən geniş bir xütbə nəql edir ki, maraqlananlar o kitaba müraciət edə bilərlər.
Mənbə: "Füruği-vilayət (1)" kitabı
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər