Həcc səfərinin qaydaları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-08-2015, 01:30 | Şərh sayı: (0) | Baxılıb: 1186
Həcc səfərinin qaydaları
Allah-Taala Öz Müqəddəs Evi Kəbə və onun fəziləti haqqında Qurani-şərifdə belə buyurur: "Həqiqətən, insanlar üçün ibadətdən ötrü qurulan ilk ev Məkkədədir, aləmlərə mübarək və doğru yol göstərən Kəbədir.” ("Ali-İmran” surəsi, ayə 96.)
1. səfər haqqında
Səyahətə çıxan, yaxud səfər niyyətində olan hər hansı bir şəxs üçün Qurani-kərimdə dəfələrlə tövsiyə olunur:
"Aya, məgər gəzib dolaşmazlar yer üzünü ki, görsünlər onlardan əvvəlkilərin aqibəti necə olmuşdu?” ("Ğafir” surəsi, ayə 21)
Səfər haqqında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak və məsum Əhli-beytindən 500-dən artıq hədis varid olmuşdur.
Səfər bir neçə məqsədlə ola bilər:
1. İqtisadiyyat baxımından, ticarət nöqteyi-nəzərincə;
2. Mədəniyyət baxımından-başqa millətlərin adət-ənənələrini və ədəniyyətlərini öyrənmək məqsədi ilə;
3. Ziyarət baxımından-ruhən kamilləşmək, mənəviyyatını təmizləmək və zənginləşdirmək üçün;
4. Xəstəliyi və yorğunluğu dəf etmək üçün istirahət və müalicə baxımından ola bilər.
Çalışmaqdan və zəhmətdən yorğun düşən insanlar öz yorğunluqlarını dəf edib, yeni bir əhval-ruhiyyə ilə təzədən faydalı əməyə başlamaq üçün təbiətin qoynunda, gözəl bir guşəsində istirahət etməyə həmişə ehtiyac duyur.
Peyğəmbəri Əkrəm, Nəbiyyi-Möhtərəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Səfərə çıxın, ta ki, sağlam olasınız.”
2. tövbə haqqında
Həcc ilahi və mənəvi bir səfərdir. Həcc ziyarəti niyyətində olan kəs, gərəkdir ki, səfərə çıxmazdan əvvəl etdiyi günahlardan təmizlənsin, Allahın vadiyi-ibadətinə qədəm qoymağa tam hazır olsun deyə, qəlbindəki qara günah ləkəsini tövbə suyu ilə yuyub təmizləsin.
İmam Cəfər Sadiq (əleyhissalam) buyurub: "O zaman ki, Həcc ziyarəti qəsdində oldun, tövbə suyu ilə günahlarını yu.”
Həqiqi tövbəkar bir neçə mərhələdən keçir: əvvəl öz əməllərindən peşman olur, sonra günah işləri tərk edir, bir daha günaha mürtəkib olmaqdan çəkinir və əvvəllər etdiyi günahlardan özünü islah edir.
Əgər başqalarından mal alıbsa, sahibinə qaytarır. Sahibini tapmaq mümkün olmadıqda, onu tanıdığı bir müctəhidə həvalə edir.
Əgər kiminsə haqqında məsuliyyətsizlik, səhlənkarlıq edib, onun həya-abrını töküb, qeybətini edib, qəlbinə dəyib və yaxud kiməsə bu və ya digər şəkildə bir zərər vurubsa, lazımdır ki, səfərə çıxmazdan əvvəl həmin kəsdən halallıq alsın. Əgər o şəxsi tapıb həmin ərəfədə onunla halallaşa bilmirsə, onda gərək o şəxs Allaha pənah aparsın, Ondan məğfirət diləsin və haqqını zay etdiyi kimsənin haqqında dua etsin.
Nəhayət, ziyarət qəsdində olan hər hansı bir şəxs namaz qılmırsa, həqiqi tövbəkarlardan sayılsın deyə, gərəkdir ki, namaz qılsın, oruc tutsun və sair ibadətləri əmələ gətirsin.
3. vəsiyyət etmək haqqında
Vəsiyyət bir növ uzağı görmək və gələcəyi düşünməkdir.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur: "Hər kəs vəsiyyət etmədən ölüb dünyadan getsə, cahiliyyət dövründə ölən insanlar kimi olar.”
Vəsiyyət etmək insanın ürəyini rahat edər, ömrünü uzadar.
Əgər bir şəxsin öhdəsində əmanət olsa və o, əmanəti sahibinə çatdırmadan ziyarətə gedərsə, əlbəttə, onun ziyarəti təkmil olmaz. Həcc əmalında Allah yanında ən mühüm əmrlərdən biri də əmanət barəsindədir.
4. niyyət etmək haqqında
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Hər bir əməl niyyət əsasında olmalıdır.”
İmam Cəfər Sadiq (əleyhissalam) buyurub: "Həcc iki cürdür: biri Allah rizasına-axirətdən ötrü, digəri isə, xalq üçün, dünya işlərindən ötrü.”
Hər kəs Allaha xatir həcc ziyarətinə getsə, son məqamda mükafatı behişt olacaqdır və hər kəs xalq üçün riyakarcasıına "həcc"ə getsə, Qiyamətdə onun aqibəti xalqın öhdəsində olacaqdır.
5. yol tədarükü haqqında
Həcc ziyarəti qəsdində olan hər bir kəsin yol tədarükü halal maldan olmalıdır. Yəni, özü ilə götürdüyü pul halal qazancından, səfər müddətində lazım ola biləcək əşyalar isə öz halal malından olmalıdır.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Haram mal ilə həccə gedən şəxs, "ləbbeyk”-deyə səsləndiyi zaman Allahdan ona cavab bu olacaq ki: "Məni çağırma!”
Yeddinci imamımız həzrət Museyi-Kazim (əleyhissalam) buyurub: "Biz ömür boyu 3 şey üçün–əyalın mehriyyəsi, dəfn-kəfənin xərci və həcc səfəri üçün lazımi məbləği, malımızın ən pak və halal hissəsindən ayırırıq.”
6. münasib vaxt seçmək
Cümə axşamı və ya şənbə günü münasib vaxtdır.
7. qüsl etmək
Müstəhəbdir ki, müsafir qabaqcadan qüsl edib, sonra səfərə çıxsın və qüslün niyyətini də müəyyənləşdirsin (tövbə, hacət, ziyarət, namaz, dua və s. üçün)
8. sədəqə vermək
Səfərə çıxmazdan əvvəl, səfərə gedib-qayıtdığı müddətdə özü və ailəsi salamat olsun deyə, fəqir-füqəraya sədəqə versin.
9. dua etmək
"Ayətəl-kürsü” ayəsini, "Tovhid”, "Nas”, "Fələq” surələrini oxumaq və iki rükət namaz qılıb namazdan sonra bu duanı zikr etmək: "Allahummə inni uiyzu bikə nəfsi və mali və əhli.” Mənası: "İlahi, əhli-əyalımı, malımı və özümü Sənə tapşırıram.”
10. xəbərsiz səfərə getməmək
Yəni heç bir şəxs qohum-qardaşı, əhli-əyalı, qonşu və s. ətrafdakılarına xəbərdarlıq etmədən səfərə çıxmasın.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Hər bir müsəlmanın boynuna haqq gəlir ki, səfərə çıxmazdan əvvəl öz din qardaşlarını xəbərdar etsin və onlara da lazımdır ki, səfərdən qayıdan vaxt onu qarşılasınlar.”
11. müsafiri yola salmaq
Yaxın adamların, din qardaşlarının da vəzifələri odur ki, bir müsəlman səfərə çıxarkən onu yola salsınlar.
Əbazəri sürgünə aparan zaman Həzrət Əli, İmam Həsən, İmam Hüseyn (əleyhimussalam), Əqil, Abdullah ibni Cəfər və Əmmar Yasir onu yola salırdılar.
12. pulu və malı qorumaq
Hər bir müsafirə lazımdır ki, qərib bir diyarda çətinliyə düşməsin deyə, səfər əsnasında pullarından və mallarından muğayat olsun, onları itirməsin və yaxud əldən verməsin.
İmam Mühəmməd Baqir (əleyhissalam) buyurub: "Müsafirlərin öz pul və mallarını qoruyub saxlamaqları, özlərinin səy və bacarıqlarından asılıdır.”
13. səfər ləvazimatlarını özü ilə götürmək
Səfər müddətində lazım olan vəsaitləri özü ilə götürməyi heç bir müsafir unutmamalıdır.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hər dəfə səfərə çıxarkən lazımi şeyləri özü ilə götürərdi.
Müsafirə lazım olan əşyalar, əsasən, bunlardır: münasib paltar, daraq, cib dəsmalı, diş fırçası, dərmanlar və s.
14. təmiz və səliqəli geyinmək
Həzrət Əli (əleyhissalam) buyurub: "Açıq rəngdə və səliqəli geyim insanı qəm-qüssədən uzaq edir.”
15. yeməkdən əvvəl əlləri yumaq
Zəvvarlar səfərdə olduqları vaxtda bir çox xəstəliklərə tutulmasınlar deyə, yeməkdən qabaq əllərini su və sabunla yumağı unutmamalıdırlar.
16. hacılara xidmət
Həcc ziyarətində olan hər bir kəsin müsəlmançılıq borcudur ki hacılara, yol yoldaşlarına gömək etsin.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Əgər bir kimsə mömin müsafirə kömək etsə, Allah-Taala onun 73 çətinliyini həll edər.”
Digər bir şərif hədisdə həzrət buyurur: "Millətin ağsaqqalı (böyüyü), səfər zamanı onlara xidmət göstərən kəsdir.”
17. həmsəfərlərin xeyirxahlığı və qayğıkeşliyi
Əban ibni Təğlib rəvayət edir: "İmam Sadiq (əleyhissalam)-la birlikdə Kəbəni təvaf edirdik, bu vaxt bizim əshablarımızdan bir nəfər mənə yaxınlaşıb xahiş etdi ki, bir işi yerinə yetirmək üçün ona kömək edim. Mən istəmədim ki, İmam Sadiq (əleyhissalam)-dan ayrılım təvafı yarımçıq qoyub ona kömək edəm. İmam (əleyhissalam) da o şəxsə işarə edərək mənə buyurdu: "Əban, bu kişi səni köməyə çağırır?” Mən cavab verdim: "Bəli!” İmam buyurdu: "Get gör nə istəyir?” "Təvafı qət edim?” deyə soruşduqda, İmam buyurdu: "Bəli.”
18. Allaha ibadət
Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərə yer üzündə Allaha ibadət etmək üçün ən gözəl və şərafətli yerdir. Belə ki, hətta orada yol getmək belə ibadət sayılır, təam yemək oruc tutmaq savabını verir. Belə olan surətdə gərəkdir ki, hacılar öz mənəviyyatlarından qafil olub dünya nemətlərinə uymasınlar
19. namazı vaxtında və camaatla birlikdə məsciddə qılmaq
Ey Həqq aşiqləri! Məscidün-Nəbidə bir rükət namaz qılmaq, on min rükət namazın, Məscidül-Həramda isə, bir rükət yüz min rükət namazın savabını verir.
İmam Sadiq (əleyhissalam) buyurur: "Məsciddə namaz qılmağı özünüzə borc bilin.”
O Həzrət yenə buyurur: "Təkcə özünüz yox, yaxşı olar ki, din qardaşlarınızla birlikdə məsciddə hazır olasınız.”
20. üzü qibləyə oturmaq
Oturmaq lazım gəldikdə, mümkün qədər çalışmaq lazımdır ki, üzü qibləyə oturasınız. Elə hallar olur ki Məscidül-Həramda hacılar arxaları Kəbəyə tərəf oturub öz yoldaşları ilə söhbət edirlər. Bu əməl nəinki, təqdirə layiq deyil, həm də onlar bu hərəkətləri ilə özlərini Kəbə savabından məhrum edirlər.
İmam Sadiq (əleyhissalam)-dan rəvayətdir ki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) çox zaman üzü qibləyə oturardı.
21. islam əxlaqına riayət etmək
Zəvvarlara lazımdır ki, digər müsəlman qardaşları ilə ünsiyyətdə olduqları vaxt İslam əxlaqına riayət etməklə onlara qarşı nəzakətli və bir-birləri ilə mehriban olsunlar.
22. həmsəfərlərinə ehtiram göstərmək
İmam Sadiq (əleyhissalam) buyurub: "Bir müsəlman ağsaqqala ehtiram göstərmək, Allaha ehtiram göstərmək kimidir.”
23. şiələrin cəzbedici xüsusiyyətləri
Hişam nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan eşitmişəm, buyurardı: "Məbada elə bir iş görəsiniz ki, bizi qeyrilərinin yanında başıaşağı edəsiniz, necə ki, pis övlad atasını bədnam edər. Əlaqəniz olduğu kəslərə hüsn-rəğbətlə yanaşın və lazım gəldikdə onlarla bərabər namaz qılın.”
Müsəlman qardaşlarla xoşrəftar olmaq onlarda şiələrə qarşı hüsn-rəğbəti artırar.
İmam Sadiq (əleyhissalam) buyurur: "Sizlərdən hər biriniz öz dinində təqvaya riayət edib, vicdanı təmiz və insanlarla münasibətində xoşxasiyyət olsa, deyərlər ki, "bu Cəfəri”dir (yəni deyərlər ki, bu Cəfəri məktəbinin tərbiyəsidir). Eyni zamanda, biz də bu işdən xoşhal olarıq.”
24. hədiyyə almaq
Səfərdə olan şəxsin evə qayıdarkən öz əhli-əyalı üçün hədiyyə alıb gətirməsi yaxşı haldır.
İmam Sadiq (əleyhissalam) buyurur: "Çalışın, imkanınız daxilində öz yoldaşlarınız və oğul-uşağınız üçün hədiyyə alıb gətirəsiniz, çünki hədiyyə kin-küdurəti aradan aparır və bu məqsədlə bir dirhəm xərcləmək, min dirhəmin savabını verir.”
25. təşəkkür və üzürxahlıq
Səfərin axırında, səfərdə olduğunuz müddətdə rahatlığınız üçün hər cür şərait və imkan yaradanlara təşəkkür edin və sizdən incimiş şəxslərdən də üzrxahlıq edin.
26. həccin şərafətini qorumaq
Həcc ziyarəti, hacılar üçün şərafət, ərməğan yeridir. Nə qədər ki, o şəxs günah iş görməyib, o nur həmin şəxsin çöhrəsində cilvələnir.
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Həccin qəbul olunması nişanələri, günahları tərk etməkdir.”
Yenə Həzrət buyurur: "Əgər bəndə Allah-Taalaya itaət edib, sonra yenə itaət etməyə davam edirsə, deməli, itaəti qəbuldur və itaətdən sonra günah iş görmüş olsa, o deməkdir ki, itaəti qəbul olmayıb. Lakin məsiyətdən (günahdan) sonra itaət etməyin dəlili Allahın yanında elədiyi günahların bağışlanmasıdır. Günahdan sonra yenə günah iş görməyi bəndənin zəlil olmağının nişanəsidir.”
27. hacılar ziyarətdən qayıdarkən onları qarşılamaq
İmam Sadiq (əleyhissalam) buyurur: "Bir şəxs əgər ziyarətdən təzə gəlmiş hacının pişvazına çıxıb onunla görüşsə və onu təbrik etsə sanki, o şəxs, "Həcərül-Əsvəd” daşına əlini sürtmüşdür.”
Həzrət Əli (əleyhissalam) buyurur: "Din qardaşınız Məkkə ziyarətindən qayıdırkən onun iki gözünün arasından və ağzından öpün, hesab edin ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öpən Həcərül-əsvəd daşını, Allah evinə nəzər yetirən gözləri və Rəsuli Xudanın səcdəgahına sürtünən üzləri öpürsünüz.”
Necə ki, Cəfər ibni Əbi Talib Həbəşəyə hicrət etdi, geri qayıtdığı vaxt Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) onu qarşıladı,gözlərindən öpdü və sevindiyindən özünü saxlaya bilməyib, ağladı.
28. həcc ziyarətindən qayıdarkən ziyafət vermək
İmam Kazim (əleyhissalam) buyurur: "Ziyafət (qonaqlıq) vermək beş əlamətdar hadisə vaxtı müstəhəbdir:
1. Gəlin köçürəndə;
2. Övlad dünyaya gələndə;
3. Oğlunu sünnət edəndə;
4. Ev alanda (təzə evə köçəndə);
5. Həcc ziyarətindən gələndə.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər