Qəbul imtahanı ləğv edilə bilər-ekspertlər danışır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:16 | Şərh sayı: (0) | Baxılıb: 815
Qəbul imtahanı ləğv edilə bilər-ekspertlər danışır
Etibar Əliyev: “Bunun ideya kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən irəli sürülməsi müsbətdir”; Nadir İsrafilov: “3 imtahanla bu prosesin həyata keçirilməsi mümkünsüzdür”
Azərbaycanda gələcəkdə qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq üçün keçirilə bilər.
Bunu mətbuata açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə kolleclərə və ali məktəblərin bəzi ixtisaslarına tələbə qəbulunun vahid imtahan modeli - buraxılış imtahanlarının nəticələri əsasında aparılmasının gələcəkdə qəbul imtahanlarının, ümumiyyətlə, ləğv olunmasına, qəbulun buraxılış imtahanlarının nəticələri əsasında aparılmasına səbəb olub-olmayacağına aydınlıq gətirərkən deyib: “Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər”.
M.Abbaszadə bildirib ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün buraxılış imtahanlarının heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır: “Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”
TQDK sədri deyib ki, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır: “Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, qəbul qaydalarının təkmilləşdirilməsi, ali məktəblərdə kontingentin formalaşdırılması ilə bağlı maddələrə aid işlər tədricən aparılacaq”.
Maraqlıdır, bu cür bir qaydanın tətbiqi haqda təhsil ekspertləri nə düşünür. Bu cür qayda şagirdlərin ali məktəbə marağını artıracaqmı?
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bu modelin artıq bir çox ölkələrdə həyata keçirildiyini və yaxşı nəticələr verdiyini dedi: “Bu cür model Qərbdə uzun illərdir tətbiq olunur. Postsovet məkanına daxil olan ölkələrdə, o cümlədən Qazaxıstanda da bu model uğurla tətbiq olunur, yaxşı da nəticələr verir. Burada ən mühüm məqamlardan biri orta məktəblərdə biliyin dəqiq qiymətləndirilməsini həyata keçirməkdir. Yəni nə qədər çox kənara çıxma olsa, proses bir o qədər neqativ tərəfə cərəyan etməli olacaq. Əslində buraxılış imtahanlarının tətbiqi başlayan andan bu məsələlər üzərində düşünmək lazım idi”.
Ekspert bildirdi ki, məsələ ilə bağlı bir neçə ölkənin təcrübəsini nəzərdən keçirmək lazımdır: “Biz həddindən artıq gecikmişik. Hazırkı vəziyyət şagirdlərin fiziki, zehni cəhətdən yorğunluğuna gətirib çıxarır və bu səbəbdən vahid imtahan üzərində düşünməyə imkan verir. Ona görə də bunun üzərində çox geniş iş aparılmalıdır. İlk növbədə məktəblərdə təmayülləşmə prosesini sürətləndirmək lazımdır. İkincisi isə 12 illik təhsilə keçid sürətlənməlidir. Nə qədər 12 illik təhsilə keçid həyata keçirilməyib, bu, problemli məsələ kimi qalacaq. Bu proses tətbiq olunan ölkələrin böyük əksəriyyətində təhsil 12 illikdir. Hər halda, bunun ideya kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən irəli sürülməsi müsbətdir. Hiss olunur ki, Məleykə xanım biliyin qiymətləndirilməsi və ya yekun attestasiya nəticəsində abituriyentlərin daha səmərəli və daha rasional yollarla ali məktəbə daxil olmasının tərəfdarıdır”.
Digər təhsil eksperti Nadir İsrafilov isə bu məsələnin həyata keçirilməsi üçün imtahanların sayının artırılmasının vacibliyini vurğuladı: “Bu məsələ neçə illərdir gündəmdə idi. Bu vaxta kimi bunun həyata keçirilməsi ona görə mümkün olmayıb ki, buraxılış imtahanlarını Təhsil Nazirliyi götürürdü, ali məktəblərə qəbulu isə TQDK. İndi artıq neçə illərdir ki, hər iki imtahanı TQDK keçirir. Yəni hazırda bunun reallaşması üçün tam zəmin var. İkincisi də bu, strategiyada da nəzərdə tutulub. Bilirsiniz ki, bizdə sovet dönəmində buraxılış imtahanı 4-5 imtahandan ibarət olub. Sonradan biz testə keçib bunu 8 imtahan etdik. Ondan sonra isə 8 imtahanı ləğv edərək 2 imtahan etdik. Sonradan yenə də fikrimizi dəyişib bunu 3 imtahan etdik. Amma 3 imtahanla nəticə əldə etmək olmaz. Ona görə də mütləq bu imtahanların sayını artırmaq lazımdır. Heç olmasa 6 imtahana qədər artırılmalıdır. Yəni 3 imtahanla bu prosesin həyata keçirilməsi mümkünsüzdür və obyektiv qiymət vermək mümkün olmayacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər