Tələbələri intihara səsləyən rektor – SDU-da nə baş verir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 21:48 | Şərh sayı: (0) | Baxılıb: 292
Tələbələri intihara səsləyən rektor – SDU-da nə baş verir?
Sumqayıt Dövlət Universitetində tələbələr kütləvi etiraza hazırlaşır. Filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımovanın imtahandan kəsilməsi və ondan pul tələb olunmasına görə intiharı bu təhsil ocağında sözün əsl mənasında ajiotaj yaradıb.
AzNews.az-a müraciət edən bir qrup tələbə universitet rəhbərliyinə ən müxtəlif formalarda etiraz edəcəklərini bildiriblər. Qeyd ediblər ki, SDU rəhbərliyinin təhsil ocağında yaratdığı rüşvət ab-havası, tələbələrin “soğan qabığı kimi soyulması”, onlardan qeyri-qanuni haqq tələb olunması, dekanların yaşatdığı stress, psixoloji gərginlik onları hiddətləndirib. Tələbələrin sözlərinə görə, Rumiyyənin özünü dənizə ataraq intihar etməsi ali məktəbdə rektorun yaratdığı korrupsiyanın, tələbənin çıxılmaz vəziyyətə düşməsinin, özbaşınalığın faciəvi sonluğuna dair sadəcə bir nümunədir. Müraciət edənlər Rumiyyə kimi onlarla tələbənin də intihardan başqa yol tapmadıqlarını bildiriblər.
Qeyd ediblər ki, təhsilin səviyyəsi çox aşağı olmasına baxmayaraq, imtahanlar çox ağır aparılır. Qəsdən imtahanlara elə suallar salınır ki, tələbələrin əksəriyyəti kəsilir: “Kəsilən tələbələr həm rəsmi şəkildə yığılan 174 manat cəriməni ödəməli olur, həm də imtahanın rüşvətini verməyə məcbur qalır. Nəzərə alsaq ki, SDU-nun tələbələri əsasən aztəminatlı ailələrin övladlarıdır, onda bu məbləğdə rüşvətin verilməsinin necə çətin olmasını, bunun hətta bəziləri üçün ölmə bərabər bir məsələ olmasını izah etməyə ehtiyac qalmır. Universitet rəhbərliyi əsasən 1-ci kurs uşaqlardan pul yığımı edirlər. Çünki hamı bilir ki, 1-ci kursda kəsilmək risklidir. Və bunu müəllimlər də tez-tez vurğulayır ki, 1-ci kursda kəsrin olması qovulmaq deməkdir. Bu, isə tələbələrin daha çox həyəcan keçirməsinə, ya haradansa deyilən pulu tapıb vermək, ha da canına qıymaq yolunu seçməsinə gətirib çıxarır”.
Tələbələrin sözlərinə görə, ölkənin rüşvətə bulaşmış təhsil müəssisələrindən olan SDU rəhbərliyi isə I kurs tələbəsinin intiharından nəticə çıxarmayıb: “Hazırda bütün fakültələrdə qış semestri üzrə xərac yığılması davam etdirilir. Hətta bu ürəkparçalayan faciə də rektorun rüşvət yığımına müvəqqəti son qoyulması üçün səbəb olmayıb”.
Tələbələr müraciətində qeyd ediblər ki, prezident İlham Əliyevə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, təhsil naziri Mikayıl Cabbarova məktub ünvanlayıblayacaqlar.
Yada salaq ki, ali məktəbdəki özbaşınalığa görə intihar edən Rumiyyə çox kasıb ailənin övladı olub. Saray qəsəbəsində 1 sotluq ərazidə anası göyərti əkməklə məşğuldur. Atası isə tikintidə usta işləyir. İki il əvvəl ayağından kəsici alətlə ciddi xəsarət aldığından işləyə bilmir. Anası yığdığı göyərtiləri satmaqla qızının təhsil haqqını ödəməyə çalışıb. 1600 manatlıq təhsil haqqının 1000 manatını ailəsi, 600 manatını isə qohumları ödəyib. Rumiyyənin atası Elşən Qasımov modern.az-a bildirib ki, qızı birinci imtahandan kəsiləndə bunun pul ilə bağlı olduğunu demişdi.
“Birinci imtahandan kəsildi. Evə gəldi, dedi ki, pul söhbətidir, pul verilməsə, kredit təhsil haqqının üstünə gələcək. İkinci imtahanı yanvarın 9-da idi, dedi ki, çalışıb onu verəcək. Mən də dedim ki, o biriləri ver, kəsiri düzəldərik. Birinci imtahan ingilis dilindən, ikinci isə Azərbaycan dilindən idi. Səhər mən işə, o imtahan getdi, 6-ya qədər evə gələrdi, həmin gün telefonu özü ilə aparmamışdı, evdə qalmışdı. Mənə saat 5-də evdən zəng etdilər ki, qız gəlməyib. İşdən çıxıb Universitetin əsas korpusuna getdim. Dedilər ki, onlar 5-də gediblər. Tələbə yoldaşları ilə əlaqə saxladıq. Məlum oldu ki, 24 tələbə imtahandan kəsilib. Rumiyyə isə çox pis olub, ağlayıb ki, "mən evə nə üzlə gedəcəm”. Sonra qrup yoldaşları ilə dayanacağa qədər bir gəliblər və orada ayrılıblar”.
Bütün şəhəri gəzsə də, qızını tapa bilmədiyini deyən E.Qasımov 21:00-da 102-ə zəng edib və Polis İdarəsindən ona ərizə yazmaq üçün çağırıblar.
“1-ci polis bölməsindən mənə zəng etdilər, gedib ərizəmi yazdım, qızın şəklini verəndə zəng etdilər ki, Trovmatologiyaya gəl. Gedib gördüm ki, meyit morqdadır, oradan götürüb gəldim. Qızımı dəniz qırağında tapıblar”.
E.Qasımov bildirib ki, imtahanlara görə pul istənildiyi çoxdan tələbələrə deyilmişdi. "Evdə ağzından qaçırtmışdı ki, 200 manat istənilir. Tam şəkildə deyə bilməmişdi. Dedim ki, o biri imtahanları ver, kəsir olanı düzəldərik".
Məsələ ilə bağlı universitetin mətbuat xidmətindən yalnız onu bildirdilər ki, tələbələrin dediklərinin heç bir əsası yoxdur: “Hazırda universitetdə sakitlikdir və təhsil prosesi davam etdirilir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər