Hamiləlik,südvermə və ad qoyma |
Müəllif: Admin | Bölmə: Slide, Xanimlar üçün | Vaxt: 5-01-2016, 05:51 | Şərh sayı: (0) | Baxılıb: 707
Hamiləlik,südvermə və ad qoyma
Ananın hamiləlik dövrü analıq məhəbbəti, Allahın rəhmət nişanəsi olmaqla yanaşı, olduqca ağır və çətin dövrdür.
Qadının əri, hər iki tərəfdən olan qohumlar onu anbaan qorumalıdırlar. Çünki azacıq uyğunsuz davranış, hər bir əziyyət həm qadına, həm də bətnində daşıdığı günahsız körpəyə gözlənilməz təsirlər bağışlayır.
Əgər ər və arvad ata və ya ana evində yaşayırlarsa, valideynlərin üzərinə düşən şəri və əxlaqi vəzifə budur ki, ərini hamilə qadına qarşı çıxartmasınlar və hamilə qadını mümkün olan şəkildə qorusunlar.
Oğlanın valideynləri onların aram həyatına qarışmamalı və bu iki yeniyetmənin yaşamını alt-üst etməməlidirlər. Çünki onlar hamısı bu iki gəncin, xüsusilə də ana bətnindəki uşağın qarşısında məsuldurlar. Əgər ətrafdakıların uyğunsuz hərəkətləri, valideynlərin yersiz dedi-qoduları və umacaqları ana bətnindəki uşağa hər hansı bir zərbə vurarsa, səbəbkarları mütləq ilahi ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Quran hamının ən kiçik rəftarlarından ən böyük əməllərinə qədər ‒ bütün davranışları qarşısında məsul olduğunu buyurur:
«(Ya Məhəmməd!) Rəbbinə and olsun ki, biz onların hamısını (bütün məxluqatı dünyada) etdikləri əməllər barəsində sorğu-suala çəkəcəyik»
«Onları yubadıb, saxlayın. Çünki sorğu-sual olunacaqlar»
«…Qulaq, göz və ürək ‒ bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqlar»
Ramazan, məhərrəm və səfər aylarındakı təbliğ məqsədi daşıyan səfərlərimdə İranın müxtəlif vilayətlərindən olan təzə gəlinlərdən, yeni ailə qurmuş gənclərdən məktublar alır və bir çox ailələrdə baş vermiş ixtilafların həllində iştirak edirəm. Etiraf etmək lazımdır ki, bir çox vaxtlar təqsir böyüklərdədir.
İxtilafın səbəbi valideynlərin yersiz umacaqları və xırdaçılıqları olur. Bəzən də imam Sadiqin buyurduğu kimi, qalmaqallara həsəd bais olur. Əlbəttə, bəzi təzə gəlinlər də bu qalmaqalların törənməsində təqsirsiz deyildirlər. Buna səbəb onların yaşlarının azlığı, təcrübəsizlikləridir. Buna göz yummaq mümkün olduğu halda, böyüklər onları bağışlamırlar. Nəticədə isə, ixtilaf odu alovlanır və əxlaqi, dini çatışmazlıq bu ixtilafa daha da təkan verir. Belə ki, iki gəncin yenicə qovuşmuş ulduzu ayrılır, ümidləri doğrulmur.
Bildiyiniz kimi, hər bir insan istər kişi olsun, istərsə də qadın fitri olaraq azad və azadlıqsevər yaradılmışdır. Bu azadlığın alınması, kimin tərəfindən olmasından asılı olmayaraq, İslam nəzərində böyük günahdır.
Burada hamilə qadına diqqət olunması, onun əmin-amanlığının qorunmasından söhbət açmağımızın mənası, hamilə olmadıqda heç də ona etinasızlıq etməyin maneəsiz olması demək deyil. Bu yalnız hamilə qadının həssas vəziyyətini diqqətinizə çatdırmaq üçündür. Çünki hər bir halda insanların azadlığının qorunması vacibdir.
Əgər ailələrin imkanı olar və onlar üçün problem yaranmazsa, elə ilk gündən bəylə gəlinin həyatını müstəqil etsinlər və beləliklə, onlarla islami göstərişlər və insani keyfiyyətlər əsasında, heç bir umacaqları olmadan davransınlar.
Hər iki tərəfin valideynləri onların evinə yalnız öz övladlarını görməyə, onlara baş çəkməyə getməli, öz evlərinə gəldikdə isə onları xoş üzlə qarşılamalı və onların həyatına heç bir dəxalət etməməlidirlər.
Buna imkanları olmadıqda isə, öz evlərinin bir hissəsini onlara verib, şirin həyatlarının zəhərə çevrilməməsinə səy göstərməlidirlər.
Gəlin ər evində ilahi bir əmanətdir. O, min arzu-diləklə öz keçmiş həyatından əl çəkərək, yeni bir həyata qədəm qoymuşdur. Kürəkən isə gəlinin ailəsi üçün Haqqın nemətidir. Bu nemətə öz övladları kimi yanaşmalıdırlar. Onların bu davranışı Qurana və rəvayətlərə əsasən, ibadət olaraq Haqqın rizasına və əbədi behiştə yol açır.
Yeni ailə qurmuş gənclərin valideynləri ailə qurduqları ilk günləri xatırlasınlar. Onlar ya yaxınlarının mehribanlığı, səmimiliyi nəticəsində olduqca şirin bir həyat keçirmiş, ya da bunun əksinə olaraq, yaxınlarından heç bir səmimiyyət görməyərək, acı bir həyat sürmüşlər. Hər halda, indi özləri valideyn, qayınata və ya qayınana olmuşlar. Özlərini bir anlığa iki yenicə bir-birinə qovuşmuş gəncin yerinə qoysunlar. Onları anlamağa, başa düşməyə çalışsınlar. Bilsinlər ki, yersiz dəxalətlər övladlarının səmimiyyətini pozur, onların həyatlarını mənasızlaşdırır. Nəticədə, qohum ailələr düşmənə çevrilir və gənclərin ailəsi dağılır.
İmam Sadiq (ə) «Kafi» kitabında qeyd olunmuş bir rəvayətdə buyurur: «Allahın Adəmə (ə) bir həyati prinsip olaraq verdiyi ilk öyüd-nəsihət bu idi: «Özün üçün bəyənmədiyini digərləri üçün də bəyənmə. Özün üçün bəyəndiyini isə digərləri üçün də bəyən».
Bəli, valideynlər, gəlin və kürəkən, yaxınlar, qohumlar həyatda özləri üçün bəyəndiklərini bu iki gənc üçün də bəyənməlidirlər. Özləri üçün bəyənmədiklərini isə onlar üçün də bəyənməməlidirlər. Bu prinsipə hamı tərəfindən əməl olunarsa, cəmiyyətdə heç bir problem qarşıya çıxmaz. Qarşıya çıxdıqda isə, asanlıqla həll olunar.
İndi isə qadının hamiləlik dövrü ilə bağlı iki Quran ayəsinə nəzər salaq:
«Biz insana ata-anasına yaxşılıq etməyi (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı»
«Biz insana ata-anasına yaxşılıq etməyi (valideynə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur»
Sizin fikrinizcə bu zəhmətli, əziyyətli zəif günlərdə hamilə qadının nazı çəkilməməlidirmi? Ona hər bir sahədə qayğı göstərilməməlidirmi?
Hamilə qadına qayğı göstərmək ilk mərhələdə əxlaqi, ictimai və dini baxımdan ərinin, sonrakı mərhələdə isə yaxınlarının, qohumlarının üzərinə düşən vəzifədir. Bu uşağın ana bətnində tam sağlam inkişafı üçün olduqca zəruridir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər