İmam Zaman (ə.f) Məktub |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 25-12-2015, 00:19 | Şərh sayı: (0) | Baxılıb: 338
İmam Zaman (ə.f) Məktub
Salam olsun Məhəmməd (s) ümmətinin Mehdisinə!
Salam olsun sənə, ey Əhli-beyt xanədanının yeganə yadigarı!
Salam olsun sənə, ey çarəsizlərin pənahı, məzlum və müstəz`əflərin ümidi!
Salam olsun sənə, ey zülmət və qaranlıq yolların nurlu çırağı!
Salam olsun sənə, ey yer üzünün ən dahi və ən ədalətli rəhbəri!
Mehdi can, ey Fatimə gözünün nuru! Hansı sözlərlə səni mədh edək, halbuki böyük Yaradan öz kitabında sənə mədhiyyələr söyləmişdir. Axı sənin vəsfin yerə-göyə sığan deyil. Axı sən vəsfin özüsən...
Qürbət diyarlardan və qərib könüllərdən ünvanlanan bu kövrək məktubumuzda istəyirik burada fələyin gərdişindən, zamanın ağırlığından, körpələrin göz yaşlarından, anaların sızıltısından və qocaların ah-naləsindən danışıb, sənə şikayət edək.
Ey mövlamız! Dəhşətli tufan yelinə bənzəyən acı hadisələr bizə hücum çəkmiş, şərəf və azadlığımızı əlimizdən almış, yerində əsarət, köləlik və tənhalıq buraxmışdır. Bir-birindən ayrı düşmüş bu ümmət dağılıb-səpələnmiş və yırtıcı canavarlarla üzbəüz dayanmışdır. Bu rəhmsiz canavarlar öz iti caynaqları ilə cavanlarımızı qanına qəltan edib, qönçə gülə bənzəyən körpələrimizi ayaqları altında vəhşicəsinə əzdilər, yorğun ağsaqqal və ağbirçəklərimizə min bir təhqirlə işgəncələr verdilər, qız-gəlinlərimizi əsir apardılar. Evlərimizi uçurub od vurdular və övladlarımızın fəryadını dağılmış sütunlar altından eşitməyimizə səbəb oldular. Onlar bizİ öz müsəlman vətənimizdən qovub “özgə” adlandırdılar, ruhani və ziyalılarımızı, mübariz insanlarımızı dənizlərə tökdülər, insan ayağı dəyməyən uzaq yerlərə aparıb ölənədək işgəncə altında saxladılar.
Düşmənlərimiz bizə qarşı günün ən müasir kütləvi qırğın silahlarından istifadə edirdilər, amma bizim ən sadə silah belə almağa ixtiyarımız yox idi. Çünki müsəlman idik və cəddin Peyğəmbərin mübarək adını daşıyırdıq.
Lakin biz yenə də mübarizəni davam etdirdik. Bizim silahımız daş, kəsək, düyünlənmiş yumruqlar və uca fəryadlardan ibarət idi. Həmçinin vahid Allaha iman, sənin zühurunun intizarı və uzaqdan işıqlı görünən sabahlara böyük ümid bizə yoldaş olmuşdu.
Ey risalət və imamət ailəsinin layiqli varisi! Hicranın uzunluğu səbrimizi tükədib, taqətimizi alıb. Bu ayrılığın ağırlığından sinəmiz daralıb, nəfəslərimiz təng olub. Nə etməli? Nə etməli, bir halda ki, uşaqlı-böyüklü hamının gözü yoldadır. Bir halda ki, açılan hər bir sabah səni soraqlayır, hər səhər doğan günəş səni tapmaq üçün öz şəfəqlərilə bütün yer üzünü axtarır, ulduzlar zühuruna ümidlə daha tez parlayırlar...
Gəl, ey Mehdi, gəl! Gəl ki, aləm nura boyansın! Gəl ki, viran qoyulmuş yer üzündə gülüstanlar açılsın! Gəl ki, lalə və qərənfillər öz eşq namazlarını sənə iqtida etsinlər! Gəl ki, nərgiz və yasəmənlər yollarına düzülüb pişvazına çıxsınlar!
Gəl, ey Mehdi, gəl daha. Gəl ki, məzlum insanların “Ey Mehdi!” sədaları göylərə ucalıb. Gəl ki, yazıq kütlələrin tək ümidi sənsən. Gəl ki, övlad dağıgörmüş analar öz göz yaşları ilə sən gələn yollara su səpmişlər.
Gəl, ey bəşəriyyətin yeganə xilaskarı!
Gəl ki, dünya ədalət sorağında, ədalətsə sənin intizarındadır.
Gəl, ey işıqlı günəş, nurlu sabah,
Ucalmış göylərə yüz aman, yüz ah.
Tez yetir Mehdini fəryada, Allah!
Qoy yaşlı gözlərin ağı çəkilsin,
Analar köksündən dağı çəkilsin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər