Bilalın azadlığı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 30-08-2015, 15:15 | Şərh sayı: (0) | Baxılıb: 405
Bilalın azadlığı
Xalqla daim həmdərd olan həzrət Peyğəmbər (s) öz müsəlman tərəfdarlarının əzab-əziyyətinə hamıdan çox narahat olurdu. O, işgəncə altında olan müsəlmanlar haqqında daim düşünər, onlardan xəbər tutar və onları səbrə dəvət edərdi. Eləcə də həzrət (s) din yolunda fədakarlıq göstərib, çətinliyə düçar olanları behiştlə müjdələyərdi.
Bilalın işgəncələri nəhayət həddə çatmışdı. Onun bədəni zəifləmiş, şəhadət ehtimalı çoxalmışdı. Həzrət Peyğəmbər (s) təklif etdi ki, Bilalı işgəncələrdən qurtarmaq üçün onu ağasından pulla alıb, Allah yolunda azad etmək lazımdır.
Üməyyə ibn Xələf də Bilalın müqavimətindən cana doymuşdu. Artıq Bilaldan qul kimi istifadə etmək də mümkünsüz olmuşdu. Onu öldürmək isə Üməyyəni alçalda bilərdi. Ona görə də Üməyyə həzrət Peyğəmbərin (s) təklifi ilə razılaşdı. Beləcə, Bilalın adı qullar siyahısından silindi.
Bilal sağaldıqdan sonra ciddi dini fəaliyyətlərə başladı və Allahın dini yolunda misilsiz fədakarlıqlar göstərdi. O ən çətin və təhlükəli anlarda öz həbibi həzrət Məhəmmədin (s) yanında olardı. Bilal "Şibe-Əbu-Talib” mühasirəsi dövründə də müsəlmanlarla oldu.
Bilalın iman və səbri ona misilsiz əzəmət bəxş etmişdi. O, Mədinəyə hicrət dövrünədək öz şirin bəyanı ilə İslamı təbliğ edib, yayırdı.
Mədinəyə hicrət
Bilal, Peyğəmbərin (s) hicrətindən qabaq Mədinəyə, Yəsribə köçmüş müsəlmanlardan idi. Həzrət Məhəmmədə (s) qəlbən aşiq olan bu insan ondan ayrılığa dözə bilmir, şiddətli qızdırmalı olmasına baxmayaraq, günlərlə Məkkə yolunda oturub, günəş altında həzrət Peyğəmbərin (s) yolunu gözləyir. Nəhayət, intizar dövrü başa çatır, həzrət (s) Mədinəyə daxil olarkən onu görmədən İslamı qəbul edənlərlə birgə Bilal da böyük sevinclə Allah rəsulunu (s) qarşılayır.
Peyğəmbərin Mədinəyə gəlişi ilə bir çox yeni işlərə, tədbirlərə, eləcə də, İslam əsasında yeni hökumətin təşkilinə başlanıldı. İslam Peyğəmbəri (s) Mədinəyə gəlişinin əvvəlində müsəlmanlarla birlikdə ibadət və yığıncaqlar üçün bir məscid tikdi. Müsəlmanlar arasında bağlılığı gücləndirmək üçün qardaşlıq əqdləri (siğələri) oxundu. Bilal da Übeydə ibn Haris ibn Əbdül-Mütəlliblə qardaş oldu. Übeydə fədakar müsəlmanlardan idi. O sonralar Bədr döyüşündə həzrət Peyğəmbər (s) və həzrət Əli (ə) ilə çiyin-çiyinə cihad etdi və yaralandı. Bir neçə gün sonra Bədr döyüşündən qayıdarkən yolda vəfat etdi.
İlk azançı (müəzzin)
Mədinəyə hicrətin ilk günlərində xalqı camaat namazından və zəruri yığıncaqlardan xəbərdar etmək üçün bir vasitəyə ehtiyac yaranmışdı. Ona görə də Allah-təala Öz peyğəmbərinə (s) azan verilməsi göstərişini nazil etdi. Peyğəmbər (s) Əliyə (ə) tapşırdı ki, Bilala azan öyrətsin.Beləcə Bilal İslamda ilk azançı, müəzzin olmaq iftixarını qazandı. Bilal qara həbəş və azad edilmiş qul olsa da, Peyğəmbərin (s) azançısı və Allah dininin rəsmi sözçüsü, xəbərçisi seçildi. Bu seçimin əsasını Bilalın təqvası, məsuliyyətli olması və Allahla yaxınlığı təşkil edirdi. Həmin vaxt Bilaldan daha gözəl səsi olanlar az deyildi. Amma Bilalın paklığı, imanı və xalisliyi onu belə bir məqama ucaltdı.
Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər.
Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: "Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.
Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: "Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.”Həzrət Peyğəmbər (s) Bilala deyərdi: "Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”
Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir.
Həm ruhu kamildir, həm də nidası,
Könüllər oxşayır onun sədası.
Peyğəmbər buyurmuş: "Oxu, ey Bilal,
Azanınla eylə qəlbləri xoşhal...”
Oxu, ey bağların aşiq bülbülü,
Gül bülbülü gözlər, bülbülsə gülü.
Səsin çıxarası huşları başdan,
Sənə əhsən deyir əhle-asiman
Bilalın ailə qurması
Bilal qardaşı ilə Yəmənə səfər zamanı evlənmək qərarına gəldi. O, elçilik zamanı özünü belə təqdim etdi: "Mən Bilalam, bu isə mənim qardaşımdır. Hər ikimiz həbəş qulları olmuşuq. Yolumuzu azmışdıq, Allah bizi hidayət etdi. Qul idik, Allah bizi azadlığa çıxardı. Qızlarınızı bizə versəniz, Allaha həmd olsun. Əgər verməsəniz, Allah böyükdür.”
Qız adamları Bilala qəti cavab verməzdən öncə həzrət Peyğəmbərin (s) yanına gəldilər. Onlar əhvalatı danışıb, həzrətin (s) rəyini öyrənmək istədilər. Həzrət (s) üç dəfə Bilal deyərək buyurdu: "Ondan yaxşı kimi istəyirsiniz?! Bilal Behişt əhlindən olan insandır...”
Bilalın evlənmə üsulu və həzrət Peyğəmbərin (s) məsləhətləri islami evlənmə üçün olduqca gözəl nümunədir. Bu əhvalat izdivac zamanı islami meyarları çox aşkar şəkildə bəyan edir.
Bilal döyüş meydanlarında
Bilalın müxtəlif sahələrdə, eləcə də, cihad meydanlarında iştirakı onun İslamı hərtərəfli tanıyıb, dəqiq əməl etməsinin göstəricisidir. Bilalın işi təkcə namaz və azan deyildi. O, savaş qəhrəmanı, əsil hərb adamı idi. Bilal, demək olar ki, bütün döyüşlərdə iştirak etmişdir. İslamın qələbəsi və müşriklərin məğlubiyyəti ilə nəticələnən Bədr döyüşündə əsirlər arasında Üməyyə və oğlu da vardı. Bilal İslamın qədim düşməni olan Üməyyəni görüb, ənsari haraylayaraq dedi: "Bu Üməyyədir, küfrün rəisidir. And olsun Allaha, səni nicat tapmağa qoysam, özüm nicat tapmaram!”
Üməyyəni tanıyan, onun Məkkədə müsəlmanlara verdiyi işgəncədən xəbərdar olan ənsar Bilalın səsini eşidib, onun köməyinə tələsdi. Beləcə Üməyyə və onun oğlunun həyatına son qoyuldu.
Bəli, küfr və zülm başçısı Üməyyə qara qulun əli ilə gözlərini dünyaya qapadı.
Bilal iştirak etdiyi digər müharibələrdə həzrət Peyğəmbərin (s) göstərişi ilə nəticələn-miş Ühüd döyüşündə Bilal orduya həzrət Peyğəmbərin (s) düşməni təqib etmək göstəri-şini elan etdi. Bəni-qərizə yəhudiləri ilə döyüşdə də savaş elanını Bilal öz öhdəsinə götürdü.Bilalın digər sahələrdə də fəaliyyətləri, xüsusi ilə insanları azan deməklə ibadətə səsləməsi onun pak və uca ruhundan danışırdı. Həzrət Peyğəmbər (s) Bilalı qəlbən sevməsinə baxmayaraq, ona səhvlərini də xatırladardı. Xeybər döyüşündə Bilal Həyy ibn Əxtəbin qızı Səfiyyəni əsir götürüb, onu yaxınlarının cəsədləri arasından keçirib gətirdiyi üçün qadın üzünü cırmış, başına torpaq tökmüşdü. Səfiyyənin üzücü iztirabını görən Peyğəmbər (s) Bilala buyurdu: "Qəlbinin mərhəmətini itirmisənmi ki, əsir qadını cəsədlərin arasından keçirib gətirirsən?!”
Bu, Bilalın məzəmmət olunduğu yeganə hal idi. Uyğun hadisə əslində hamı üçün yetərli bir ibrət dərsi idi. Hətta müharibə meydanlarında əsirlərə qarşı insani davranış zəruridir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər