Əli (əleyhissəlam) Hira mağarasında |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 24-05-2015, 01:53 | Şərh sayı: (0) | Baxılıb: 654
Əli (əleyhissəlam) Hira mağarasında
Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olardı. Əgər bir nəfər ac onun yanına getsəydi, ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kə’bəni yeddi ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.
Tarixi faktlardan mə’lum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı.
Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Məhəmmədin (səlləllahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (əleyhissəlam) da onun yanında idi. O gün də peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi.
Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: "Bu nə qışqırıqdır?” Cavab verdi ki, bu, Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki, o, camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən, mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki, sən Peyğəmbər deyilsən. Sən mənim vəzirim, canişinimsən və xeyir-bərəkətlisən.»
Bu ifadənin Peyğəmbərin (səlləllahu əleyhi və alih) Peyğəmbər olduqdan sonra Hira mağarasındakı ibadətlərinə aid olmasının mümkünlüyünə baxmayaraq, ötən sübutlardan və peyğəmbərin Hira mağarasında ibadətə məşğul olmasının adətən peyğəmbərlikdən qabaq olmasından başa düşmək olar ki, bu ifadə peyğəmbərlikdən qabaqkı dövrə aiddir.
Hansı halda olursa-olsun bu ifadə bunu göstərir ki, Əli (əleyhissəlam) ruhunun paklığı və uşaqlıq dövründən Peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb.
İbn Əbil Hədid Nəhcül-bəlağənin şərhində yazır:
«Səhih1 kitablarında rəvayət olunmuşdur ki, Cəbrail birinci dəfə peyğəmbərə nazil olub onun Peyğəmbər seçildiyini bildirdikdə Əli (əleyhissəlam) da peyğəmbərin yanında idi.»
Əlavə edim ki, Hira mağarası Peyğəmbərin (səlləllahu əleyhi və alih) orada peyğəmbərliyə seçildiyi yerdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər