İmam Cavad əleyhissəlamın elmi məktəbi |
Müəllif: L-e-y-l-a | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 18-04-2016, 12:00 | Şərh sayı: (0) | Baxılıb: 340
İmam Cavad əleyhissəlamın elmi məktəbi
Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamın dövründə şərait çox yaxşı olmuş, buna görə də, İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavad əleyhissəlamdan başlayaraq İmam Həsən Əsgəri əleyhissəlamın dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli, "İmam Cavad əleyhissəlamın yüz on nəfərə yaxın şagirdi olmuş və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavad əleyhissəlamın bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavad əleyhissəlamdan hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki, Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir. Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi "Məalimül-itrətit-tahir” adlı kitabında, eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit, Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavad əleyhissəlamdan çoxlu hədislər rəvayət etmişlər.
Vəkillik əlaqə vasitəsi kimi
İmam Cavad (əleyhissəlam) imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə şiələrlə əlaqəsini qoruyub saxlayırdı. O Həzrət bütün xilafət ərazisinə nümayəndə göndərir və onların fəaliyyəti nəticəsində də şiə qüvvələrinin zəiflədilməsinin qarşısı alınırdı. İmam əleyhissəlamın nümayəndələri bir çox şəhərlərdə, o cümlədən, Əhvaz, Həmədan, Sistan, Bost, Rey, Bəsrə, Vasit, Bağdad və əzəldən şiələrin mərkəzi olmuş Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad (əleyhissəlam) şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də, Məhəmməd ibn İsmayıl ibn Bəzi və Əhməd ibn Həmzeyi-Qummi böyük vəzifələrdə işləmiş, Nuh ibn Dərrac isə bir müddət Bağdadın, sonra da Kufənin qazısı olmuşdur. Həmçinin, Hüseyn ibn Abdullah Nişaburi Bost və Sistan şəhərlərinin, Həmək ibn Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavad əleyhissəlama xüms ödəyirdi ki, bu da onların o Həzrətə olan gizli bağlılıqlarından xəbər verir.
İmam Cavad əleyhissəlamın yaşının az olmasından danışarkən qeyd etmişdik ki, Əli ibn Əsbat o Həzrətlə görüşü zamanı İmamın simasını yaxşı yadda saxlayıb Misirə qayıtdıqdan sonra onu şiələr üçün təsəvvür etsin deyə, diqqətlə ona baxırdı. Bundan belə başa düşülür ki, o Həzrətin Misirdə də, şiə və tərəfdarları olmuşdur. Deyilənlərə görə o vaxt Misirdə şiələrin geniş təşəkkül tapması Məhəmməd ibn Məhəmməd ibn Əşəs, Əhməd ibn Səhl, Hüseyn ibn Əli Misri və İsmayıl ibn Musa əl-Kazim kimi Kufə hədisçilərinin Misirə köçərək orada fəaliyyət göstərmələri nəticəsində olmuşdur. Mərhum Kuleyni qeyd edir ki, İmam Cavad (əleyhissəlam) Bost və Sistan şəhərlərinin şiələrindən birinin xahişinə əsasən, bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki, maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavad əleyhissəlamın dostlarından olan həmin şəhər valisi İmam əleyhissəlamın bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır, üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün beytül-maldan maaş təyin edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər