Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti |
Müəllif: L-e-y-l-a | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 18-04-2016, 11:00 | Şərh sayı: (0) | Baxılıb: 335
Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti
İmam Cavad əleyhissəlamın söhbətləri, elmi mübahisələri, böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini, istər şiə olsun, istərsə də sünni, heyran qoymuş, onlar İmam əleyhissəlamın şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: "O, elm, təqva, zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi.”
İbn Həcər Heytəmi yazır: "O, yaşının az olmasına baxmayaraq, elm, bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi.”
Şəbəlnəci deyir: "Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət, elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi.”
Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavad əleyhissəlamı bu cür yad etmişlər: "Məmun onun vurğunu olmuşdu. Çünki o görürdü ki, o Həzrət yaşının azlığına baxmayaraq elm, hikmət, ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki, o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi.”
Əli əleyhissəlamın ailəsinin düşmənlərindən olan mötəzilə Cahiz Osmani İmam Cavad əleyhissəlamı camaatın sevimli şəxsləri olan on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: "Onlar alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə, bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu on nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır: Həsən ibn Əli (İmam Həsən Əsgəri (əleyhissəlam)), Əli ibn Məhəmməd (İmam Əliyyən Nəqi (əleyhissəlam)), Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam)), Əli ibn Musa (İmam Riza (əleyhissəlam)), Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)), Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)), Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)), Əli ibn Hüseyn (İmam Səccad (əleyhissəlam)), Hüseyn ibn Əli (İmam Hüseyn (əleyhissəlam)) və Əli ibn Əbutalib (Həzrət Əli (əleyhissəlam)). Ərəb və əcəm (qeyri-ərəb) nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır.”
Hiylə əsasında qurulmuş nikah
İmam Riza əleyhissəlamın həyatından bəhs edərkən qeyd etdik ki, Məmun bir sıra siyasi çətinliklərlə üzləşdiyindən Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi ilə aranı düzəltmək qərarına gəlir. Elə buna görə də, İmam Riza əleyhissəlama güclə vəliəhdliyi qəbul etdirməklə öz çoxcəhətli siyasətini həyata keçirmək istəyirdi. Digər tərəfdən isə Abbasilər Məmunun bu hərəkətindən, hakimiyyəti Abbasilərdən alıb Ələvilərə verəcəyi ehtimalından çox narahat olduqlarından, ona qarşı çıxmağa başlayırlar. Ancaq İmam Riza (əleyhissəlam) Məmun tərəfindən zəhərlənərək şəhid olduqdan sonra onlar sakitləşib razı olaraq Məmuna üz tuturlar. Məmun İmam Riza əleyhissəlama zəhəri çox gizli şəkildə vermiş və çalışırdı ki, camaat onun bu cinayətindən xəbər tutmasın. O, öz cinayətinin üstünü örtmək məqsədilə əzadarlıq edib özünü narahat qələmə verirdi. Ancaq bu qədər səylərə baxmayaraq, nəhayət bütün Ələvilərə məlum olur ki, İmam əleyhissəlamın qatili məhz Məmunun özüdür. Onlar bu hadisədən çox narahat olaraq qəzəblənirlər. Hakimiyyətini bir daha təhlükə qarşısında görən Məmun bu dəfə yeni bir hiyləyə əl atır. İmam Cavad əleyhissəlamla dostluq əlaqəsi bərpa etmiş Məmun qərara gəlir ki, öz qızını o Həzrətə ərə verməklə İmam Riza əleyhissəlama zorla qəbul edilmiş vəliəhdlikdən istifadə etdiyi kimi İmam Cavad əleyhissəlamla olan bu qohumluqdan da istifadə etsin. Bu məqsədlə o, hicrətin iki yüz dördüncü ili, yəni, İmam Riza əleyhissəlamın şəhadətindən düz bir il sonra İmam Cavad əleyhissəlamı Mədinədən Bağdada gətizdirir. İmam Cavadla Yəhya ibn Əksəm arasındakı elmi mübahisə məclisində (əlbəttə, bu məclis o Həzrətin Bağdada gəlməsindən bir neçə il sonra olmuşdur) öz qızı Ümmul-Fəzli o Həzrətə nişanlayır. Qeyd edirlər ki, bu hadisə İraqın Təkrit şəhərində 215-ci hicri ilində baş vermişdir.
Məmunun məqsədi
Məmunun israrı nəticəsində həyata keçmiş bu nikah tamamilə siyasi məqsəd daşıyırdı. Bir az diqqət etsək, Məmunun bu nikahdan aşağıdakı məqsədləri güdməsini çox aydın şəkildə başa düşərik:
1. Öz qızını İmamın evinə göndərməklə o Həzrətin bütün işlərindən xəbərdar olmaq istəyirdi. (Məmunun qızı üzərinə düşən "xəbərçilik” vəzifəsini layiqincəsinə yerinə yetirirdi. Tarix də buna şahiddir.)
2. Bu nikah Məmunun xam fikrincə, guya İmam Cavad əleyhissəlamı onun eyş-işrət mərkəzinə çevrilmiş sarayı ilə əlaqədə saxlayaraq, o Həzrəti eyş-işrətə, kef-əyləncəyə cəlb edəcək, beləliklə, İmam Cavad əleyhissəlamın müqəddəsliyi aradan gedər və Məmun də, o Həzrətin ismət və İmamət məqamını camaatın gözündə aşağı salaraq onu xar edər.
3. Bu nikahla Məmun Ələvilərin onun əleyhinə qaldırdıqları qiyamların qarşısını alar və onlarda özünə qarşı məhəbbət yaradar.
4. Məmunun dördüncü məqsədi avam camaatı aldatmaq idi. Bəzi vaxtlar onun özü deyirdi: "Mən qızımı ona görə (İmam) Cavad əleyhissəlama ərə verdim ki, qoy qızımın ondan uşağı olsun və mən Peyğəmbərlə (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamın nəslindən olan bir uşağın babası olum. Ancaq xoşbəxtlikdən Məmunun bu hiyləsi baş tutmur. Çünki onun qızının heç vaxt uşağı olmur. İmam Cavad əleyhissəlamın isə bütün uşaqları başqa arvaddan olmuşdur.
Bunlar Məmunun bu nikahdan güddüyü məqsədlər olmuşdur. İndi gəlin görək, nəyə görə İmam Cavad (əleyhissəlam) bu nikaha razılıq verir?
İmam Cavad (əleyhissəlam) heç bir şəkk-şübhə olmadan Məmunun bu kimi işlərdən güddüyü əsl məqsədindən xəbərdar olduğu halda, digər tərəfdən də, o Həzrət, əziz atası İmam Riza əleyhissəlamı şəhid etməklə böyük cinayət törətmiş şəxsin məhz Məmun olduğunu bildiyi halda, belə başa düşürük ki, o Həzrət bu nikaha Məmunun təzyiqləri nəticəsində razılıq vermişdir. Çünki bu nikah İmam Cavad əleyhissəlamın məsləhəti ilə deyil, yalnız Məmunun məsləhəti ilə həyata keçirilmişdir. Belə də düşünmək olar ki, İmamın sarayla əlaqədə olmasında məqsədi, o Həzrətin Mötəsim tərəfindən qətlə yetirilməsinə mane olmaq və İmam əleyhissəlamın dostlarının və eləcə də, şiə başçılarının aradan götürülməsinin qarşısını almaq olmuşdur. Bu da eynilə Əli ibn Yəqtinin şiələrin mənafeyini qorumaq məqsədilə Harun ər-Rəşidin vəzirliyini qəbul edərək saraya yol tapmasına bənzəyir. İmam Cavad əleyhissəlamın dostlarından olan Hüseyn Məkkari deyir: "Bir gün Bağdadda İmam Cavad əleyhissəlamın hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki, artıq İmam (əleyhissəlam) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: "Hüseyn, Peyğəmbər (səlləllahu əleyhi və alih) şəhərində (Mədinədə) bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır.”
Buna görə də, İmam Cavad (əleyhissəlam) Bağdadda qalmayıb həyat yoldaşı Ümmul-Fəzllə birlikdə Mədinəyə qayıdır və hicrətin iki yüz iyirminci ilinə qədər orada yaşamışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər