Peyğəmbərin qızının göz yaşları yalan idimi?! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-11-2015, 23:10 | Şərh sayı: (0) | Baxılıb: 339
Peyğəmbərin qızının göz yaşları yalan idimi?!
Bir neçə gün əvvəl saytların birində yazı oxudum. Yazıda Məhəmməd peyğəmbərin adından uydurduqları bir neçə hədisdən nümunə gətirərək ümumiləşdirmə aparıblar və qadınlara aid müsbət xüsusiyyətləri belə qruplaşdırıblar:
1. Ərinin üzünə ağ olmasın;
2. Mehriyyəsi az olsun;
3. Doğuşu rahat keçsin.
Yazıda deyilir: "Qadının üçüncü nöqsan cəhəti doğuşu çətin keçirməsi və ya hətta sonsuz olmasıdır".
Mənim diqqətimi ən çox cəlb edən üçüncü cəhət oldu və açığı, məni qorxutdu. Qorxmaqda haqlı imişəm. Elə çox keçməmiş qarşıma bir xəbər çıxdı. 22 yaşlı qız özünü asmışdı. Səbəbi övladının olmaması imiş: "Nizami RPİ 24-cü polis bölməsinin müstəntiqləri tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 22 yaşlı qadını bu addımı atmağa məcbur edən ərinin və yaxınlarının qadına mənfi münasibəti olub. Onlar Nuranə Panıyevanı sonsuz olduğu üçün məzəmmət və ittiham edirmişlər. Ailədə bu zəmində gərginlik yaşanırmış".
Öz-özümə sual etdim: bəs dində insanı intihara sövq etmək, canından bezdirmək müstəhəbdir, bəyəniləndirmi? Əgər bir qadın sonsuzdursa, onu da Allah belə yaratmayıbmı?
Bilirəm, ortaya din adı gələn kimi, həssas olursunuz, aqressivləşirsiniz, qarşınızdakını öldürmək belə istəyirsiniz. Elə bu çaxnaşmanı salanların da məqsədi budur. Gəlin sakit olaq və anlamağa çalışaq ki, din adı altında psixoloji problemi olan adamları, iradəsi zəif olanları bir-birlərinə düşmən etmək istəyirlər. Cəmiyyətimizi şəriət qanunlarına kölə etmək istəyirlər. Ortaya öz beyinlərinin məhsulu olan bir-iki hədis atırlar, insanlar da kütləvi psixoz vəziyyətində öz aqressiyalarını nümayiş etdirirlər. Bu problemlə ən çox rastlaşan isə cəmiyyətin ən zəif təbəqəsi sayılan qadınlar olur.
Əmin olun ki, Məhəmməd peyğəmbərin belə və ya buna bənzər bir söz deməsi mümkünsüzdür.
Sizə bir əhvalatı xatırladım. Məhəmməd peyğəmbərə "əbtər" (ərəblər oğlu olmayan adamlara əbtər deyirlər), yəni sonsuz deyirmişlər. Bir gün yenə də belə hücumların birində peyğəmbərin kefi pozulur, pəjmürdə olur. Onda məşhur "Kövsər" surəsi enir. Surədə Allah öz rəsuluna deyir: "Biz sənə kövsəri verdik. Namazını qıl, orucunu tut. Sənə sonsuz deyənlərin özləri sonsuzdur". İndi siz deyin, başına belə bir hadisə gəlmiş adamın yuxarıdakı hədisi söyləməsi nə dərəcədə inandırıcıdır?
Əbülfəz Elçibəy dünən yox, srağagün vəfat edib. Onun partiya yoldaşları, əqidə dostları, ondan müsahibə alan onlarla jurnalist bu gün də sağdır. Ancaq onun haqqında indiyə kimi, demək olar ki, heç bir suala dəqiq, dürüst cavab tapa bilməmişik. Sualların çoxu hələ də açıq qalır.
İndi görün 1500 il bundan əvvəl yaşamış bir adam haqqında nə qədər şayiə yaya, dilindən nələr yaza bilərlər?
Bu günlərdə bir mollanın videosu yayılmışdı. Həmin molla böyük bir şövqlə, bağırtıyla çıxış edib deyirdi: "Həzrət Əli buyurub ki, o zaman ki, kişilər arvadının göz yaşına inandılar, deməli, kişilik ölüb".
Həzrət Əlinin ətrafındakı qadınların gözü həmişə nəmli olub. Birincisi, Allah qorxusundan, ikincisi, dünyadakı ədalətsizlikdən.
Həzrət Əlinin həyat yoldaşı peyğəmbərin qızı idi. Peyğəmbərin qızının göz yaşları yalan idimi?!
Məhəmməd peyğəmbər də, Həzrət Əli də, İsa peyğəmbər də təkcə tarixi şəxsiyyət deyil, həm də bədii-fəlsəfi obrazlardır. Onların həyatındakı dramatizm, parlaqlıq bütün dövrlərin cərəyanlarına, təmayüllərinə öz ideyalarını yaymaq üçün bir vasitə olub.
Sufilər Məhəmməd peyğəmbərin adından "Mən viran könüllərdəyəm" yazanda qaragüruh şəriətçilər boş qalmayıblar: "Uşağınız doqquz yaşına gəlib namaz qılmadısa, tənbeh edin, yenə qılmadısa, döyün".
Ona görə də bu kimi hallarla, "hədis"lərlə qarşılaşanda özünüz üçün bir müqayisə aparın və unutmayın ki, islamın da, buddizmin də, xristianlığın da, ateizmin də şəriəti var. Şəriət isə həmişə təhlükəlidir. Çünki o, şarlatanların cahilləri idarə etmək üçün ən böyük silahıdır.
Bizim inanclı insanlarla, təmiz ürəklə ibadətini edən insanlarla heç bir işimiz yoxdur. Mənim üçün ən böyük din EŞQdir! Allaha eşq, həyat yoldaşına, övladına eşq, insanlara eşq... Ona görə də qaragüruhçuların uydurduğu "hədis"lərlə bu dünyanı sevdiklərinizə, ətrafınıza cəhənnəm etməyin!
Lütfən...
Sevinc Fədai
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər