Allahı xatırlamağın yolu namazdır |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 3-05-2016, 02:14 | Şərh sayı: (0) | Baxılıb: 335
Allahı xatırlamağın yolu namazdır
Allah Quranda buyurur: فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ”
"Belə isə məni xatırlayın ki, mən də sizi xatırlayım. Mənə şükür edin və (mənim nemətlərimə qarşı) kafir olmayın”(Bəqərə”, 12.).
Əgər Allahın bizə yardım etməsini və həmişə Onun diqqətinə layiq olmağımızı istəyiriksə, hər zaman Onu xatırlamalı və yada salamlıyıq. İmam Sadiq (ə) Allahın yada salınmağının necəliyini belə aydınlaşdırır:
Həsən Bəzzazi deyir: İmam Sadiq (ə) mənə buyurdu: "İstəyirsənmi Allahın, bəndələri üçün vacib etdiyi ən çətin əməlləri sənə tanıtdırım?”
Dedim: "Bəli”.
Buyurdu: " Camaatla insafla davranmaq, qardaşa kömək etmək, hər yerdə Allahı yada salmaq. Agah ol, mən Allahı yada salmaq dedikdə "Əlhəmdulillah”, "Subhanəllah, "Allahu Əkbər” deməyi nəzərdə tutmuram. Doğrudur, bunlar da Allahı xatırlamaqdır, lakin, Allahı hər yerdə xatırlamaq Onun əmri və ya qadağası ilə qarşılaşdığın zamandır”("Kafi”, c. 2, səh.145.).
Yuxarıda qeyd edilən ayədən məlum olur ki, Allahı həmişə yada salan şəxslər ona şükür edənlərdir. Çünki, malik olduqları hər bir şeyin Onun tərəfindən olduğunu başa düşürlər. Əks təqdirdə, bu xüsusiyyətdən məhrum olan insanlar nankor olub, Allahın nemətlərinin şükrünü etmir, uca Tanrını unudaraq kafir (Məlum mövzuda qeyd edilən kafir olmaqda məqsəd Allaha yox, onun nemətlərinə kafir olmaq anlamındadır.) olurlar.
Allah bütün vaxtlarda, istər sübh olsun, istərsə də gecə, yada salınmalı, xatırlanmalıdır. Bu haqda Quranda oxuyuruq: يَا أَيُّهَا الَّذِين آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا
"Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şə’ninə tə’riflər deyin! "("Əhzab”, 41-42. )
Bu xüsusiyyət övliyaların tərk edilməz əxlaqlarından biridir.
Allah-taala "Merac” hədisində buyurur: "Onlar dünyada üç şeyə sevinərlər: Allahın zikri, Allahın məhəbbəti, Allahın razılığı” ("Dost diyarının yolçuları”, "Merac” hədisinin şərhi, Ayətuullah Misbah Yəzdi.). Allahı sevən insan onu xatırlayır və bu düşüncələrdən ləzzət alır. Vüsal dəmi yetənədək Allah aşiqlərini məşğul edən və sevindirən Allahın xatırlanması Onun zikridir. İmam Səccaddan (ə) nəql edilmiş duada oxuyuruq: "Qəlbimi zikrinlə diridir”("Biharul-ənvar”, c. 98, səh. 89.). Həqiqətən də Allahın zikri olmadan möminlərin qəlbi ölüdür. Möminlərin şadlığı, qəlblərinin diriliyi Allahı xatırlamaqdan asılıdır. Onu dünya ləzzətləri maraqlandırmır. Həzrət Əli (ə) Tanrının ona bəxş etdiyi əzəmət və məqamına baxmayaraq, həmişə Allahı zikr edərək, onun ən çox şükür edən bəndəsinə çevrilir.
Həzrət Əmirəlmöminin Əlinin (ə) səhabələrindən olan Hubbə Ərəni və Nof Bukalı, Kufədə "Darul-İmarə”nin həyətində uzanmışdılar. Gecə yarısı həzrət Əlini (ə) ahəstə və qeyri-təbii halda iqamətgahdan çıxıb, həyətə doğru gəldiyini gördülər. Qorxu o həzrəti bürümüş, hətta müvazinətini belə saxlaya bilmədiyindən əllərini divara söykəyərək addım-addım, beli əyilmiş halda irəli gəlir və "Ali-İmran” surəsinin bu ayələrini zümzümə edirdi:
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍرَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ
"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!"("Ali-imran”,190-194.)
Yataqlarında uzanan Hubbə və Nof həzrət Əlinin (ə) az qala huşdan gedə biləcək halda bu ayələri tilavət etməsini görürüdülər. Hübbə heyrətamiz halda baxır, Nof isə gördüyü səhnənin təsirindən göz yaşı axıdırdı. Həzrət Əli (ə) Hubbənin yanına çatdıqda buyurdu:
- Yatmısan, yoxsa oyaqsan?
- Oyağam, ey möminlərin agası. Əgər sən Allahın əzəmətindən belə qorxursansa, onda vay olsun bizim halımıza!
Əmirəlmöminin (ə) başını aşağı salıb ağladı və bu zaman buyurdu:
- Ey Hubbə, biz hamımız bir gün Allahın hüzurunda saxlanılacağıq. Bizim heç bir əməlimiz Ona gizli deyil. O, mənə, sənə boynumuzun damarından da yaxındır. Heç bir şey bizimlə onun arasında sədd ola bilməz”. Sonra üzünü Nofa tutub:
- Yatmısan?
- Yox, ey Əmirəlmöminin, oyağam və ağlayıram.
- Ey Nof, əgər bu gün Allahın qorxusundan çox ağlasan, sabah (Qiyamət günü) gözlərin işıqlı olacaq. Ey Nof, Allahın qorxusundan gözdən tökülən bir damla yaş dəryalar qədər cəhənnəm odunu söndürür. Ey Nof, heç kəsin məqamı Allahın qorxusundan ağlayanın və ona görə məhəbbət bəsləyənin məqamından üstün deyil. Ey Nof, Allahı sevən və bütün sevdiklərini də Allaha görə sevən və heç nəyi Allahın məhəbbətindən üstün tutmayan və Allaha görə bəzi şeylərlə düşmən olan şəxsin məhəbbət və nifrəti yalnız yaxşılıqlarla cavablandırılacaq. Bu məqama çatdığınız zaman bilin ki, imanınız kamildir.
Hubbə və Nofa moizə etdikdən sonra buyurdu:
- Allahdan qorxun, mən bunu sizə çatdırdım.
Sonra onlardan ayrılıb yenə də öz münacatına başladı:
- Allahım, kaş biləydim, mən səndən qafil olan zaman səndəmi məndən üz döndərirsən, yoxsa mənə diqqət yetirirsən? Kaş biləydim, uzun-uzadı qəflətdə yatmağım və sənin şükrünü yerinə yetirməkdə səhlənkarlıq etdiyim bir halda sən mənim haqqımda nə düşünürsən?”
Hubbə və Nof nəql edirlər: "Allaha anad olsun, o Həzrət (ə) səhərə qədər münacatını davam etdi”("Biharul-ənvar”, c. 9, səh. 589.).
İslam dininin sütunu hesab edilən namaz uca Allahı xatırlamaq, onu zikr etmək üçün ən mühüm vasitələrədən biridir. Hər bir şəxs gün ərzində müxtəlif vaxtlarda Allaha namaz qılmaqla Onun əzəmətini, sonsuz qüdrət sahibi olduğunu yada salır. Bu haqda Qurani-Kərimdə oxuyuruq: إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلوةَ
"Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”("Taha”, 14-cü ayə.)
Bu əmrə tabe olmayan şəxslər zaman ötdükcə Xaliqlərini unudacaq və şeytan bu fürsətdən istifadə edərək onları azğınlığa sürükləyəcəkdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər