Sözgəzdirənin aqibəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-09-2015, 22:38 | Şərh sayı: (0) | Baxılıb: 415
Sözgəzdirənin aqibəti
Sözgəzdirən
İnsanı Allah yolundan uzaqlaşdıran və əxlaqi rəzilətlərdən sayılan dil bəlalarından biri də söz gəzdirməkdir. «Qurani-Məcid»də sözgəzdirənlər tənqid edilərək buyurulur:
"(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” («Huməzə»-1).
"Qeybət edənə, sözgəzdirənə.” («Qələm»-11).
"Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya”(«Qələm»- 13).
«Quran»da sözgəzdirən "zənim” kimi, yəni əsli-nəsəbi bilinməyən, haramzada kimi adlandırılır. Bu isə günahın böyüklüyünə dəlalət edir. Rağib İsfəhani yazır:
"Zənim hər hansı bir tayfaya mənsub edilmiş, lakin əslində onlardan hesab olunmayan şəxsdir. Bu sözün kökü "zənmə” sözündən olub, lazımsız, qulağından asılmış, qoyun hülqumu mənasındadır. Elə bil, sözgəzdirən şəxs öz tayfasında artıq adam və kobud bir yamaq kimi heç bir dəlili olmadan onlara mənsub edilmiş və əslində isə doğru-düzgün bir əsil-nəsəbə aid edilməmişdir.”
Feyz Kaşani də həmçinin "Məhəccətül-beyza” kitabında Abdulla ibn Mübarəkdən belə nəql edir: "Zənim o şəxsə deyilir ki, zinadan (qeyri-qanuni cinsi əlaqə) əmələ gəlib, dilinə hər nə gəldi hər yerdə danışır». Müəllif bu mənanı mübarək:”Daşürəkliyə, (anlamaz və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya” - ayəsinə istinad edərək söyləmişdir.”
Qısaca desək, hər kimin mayası şəriət yolu ilə bağlanarsa, belə bir böyük günaha aludə olmaz.
«Quran» baxımından sözgəzdirənin aqibəti
«Qurani-Məcid»də söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur:
"Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)" («Təbbət»-4).
Fəxr Razi Əbu Ləhəbin zövcəsinə niyə görə "həmmalət-əl-hətəb" (odun daşıyan) deyildiyinin səbəbini dörd məsələ ilə izah etmişdir. Onlardan yalnız ikisini burada qeyd edirik:
Ümmü Cəmil Peyğəmbər(s) ilə etdiyi düşmənçiliyə görə axşamlar onun yolu üstünə kol-kos, tikan töküb bu vasitə ilə də ona əziyyət edərdi.
Başqa bir səbəb də budur ki, Ümmü Cəmilin işi-peşəsi söz gəzdirmək olduğundan adını "həmmalət-əl-hətəb" ("odun daşıyan") qoymuşdular.
Hər halda Əbu Ləhəb özü araqızışdıran olduğundan övrəti də sözgəzdirən olub bu sahədə çox çalışırdı. Bacardıqca Peyğəmbər(s) və səhabələrindən söz yığıb müşrik və bütpərəstlərə xəbər çatdırırdı. Buna görə də Allah-təala onu belə adlandırıb cəhənnəm əzabına layiq bilmişdir. Ümumiyyətlə, sözgəzdirənin aqibəti cəhənnəm əzabı ilə sona yetər.
Hədislər baxımından sözgəzdirən
Sözgəzdirən islam hədislərində də tənqid olunmuş və cəhənnəm əzabına layiq görülmüşdür. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq:
Sözgəzdirən ən pis adamdır.
Peyğəmbər(s) buyurdu:
-Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi?
Ərz etdilər:
-Bəli, ya Rəsulullah.
Buyurdu:
-Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.
Həzrəti-Əli(ə) buyurur: "Sizin aranızda ən pis adam odur ki, söz gəzdirib dostların arasını vuraraq namuslu adamlara eyib tutur."
Bir başqa hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: "... Allah dərgahında ən pis şəxs odur ki, insanlar arasında söz gəzdirərək cəmiyyətdə mütəşəkkilliyi pozur. Belə şəxslərin işi-peşəsi xalq arasında təfriqə salıb saleh və namuslu adamlara eyib tutmaqdır."
*Sözgəzdirən və qəbir əzabı
Həzrəti-Əli(ə) buyurur:
"Qəbir əzabı söz gəzdirmək, yalan və qeybət üçündür."
"Qəbir əzabı sözgəzdirən üçündür."
Sözgəzdirən behiştə daxil olmayacaq
Əksər rəvayətlərdə bu məsələ açıq-aydın deyilmişdir. Məsələn, sözgəzdirən, camaatın birliyini parçalayan, müsəlmanlar arasında təfriqə salıb ixtilafa səbəb olanlar behişt əhli deyillər. Peyğəmbər(s) buyurmuşdur:
"Sözgəzdirən behiştə daxil olmayacaq"
İmam Baqir(ə) buyurmuşdur:
"Behişt qeybət qılan və sözgəzdirənlərə haramdır."
Başqa bir hədisdə də söyləmişdir:
"Behişt "qəttat" adamlara, yəni camaat arasında təfriqə salanlara haramdır."
İmam Sadiq (ə) buyurdu:
"Dörd nəfər behiştə daxil olmaqdan məhrumdur: kahin, münafiq, daimül-xəmr (şərab içməyə adət etmiş) və sözgəzdirən."
Peyğəmbər(s) buyurmuşdur:
"Allah-təala buyurur ki, behişti haram etdiyim adamlardan biri də sözgəzdirəndir."
Mərhum Şəhid Sani Peyğəmbər(s)-dən belə nəql edir: "Allah-təala behişti yaratdıqdan sonra buyurdu: "Danış!”Behişt belə dedi: "Hər kim mənə daxil olarsa, xoşbəxtdir.”Sonra Allah-təala buyurdu: "İzzzət və cəlalıma and olsun! Səndə səkkiz nəfər sakin olmayacaqdır. Onlardan biri də sözgəzdirəndir."
Sözgəzdirən məhşərdə
Qeyd edəcəyimiz hədisin bir hissəsi bəhsimizə aid olmasa da, öz əhəmiyyətinə görə onu bütövlüklə nəzərinizdən keçiririk:
Bürra ibn Azibdən nəql olunmuşdur ki, Məaz ibn Cəbəl Əbu Əyyub Ənsarinin evində Peyğəmbər(s)-in yanında oturmuşdu. Məaz ərz etdi:
-Ya Rəsulullah! Sizin bu ayə barədə ("Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz." («Nəbə»-18)) nəzəriniz nədir?
Buyurdu:
-Ey Məaz! Böyük bir mətləb soruşdun.
Sonra Allahın Rəsulu(s) gözlərindən yaş axa-axa buyurdu:
-Mənim ümmətimdən on nəfər dağınıq halda məhşərə çəkilərlər. Allah-təala onları müsəlmanlardan ayırıb sifətlərini çirkin bir hala salar. Onlardan bəzisi meymun şəklində, bəzisi kəllə-mayallaq, bəzisi sərgərdan qalmış korlar kimi, bəzisi heç bir şeyi dərk etməyən lal-kar şəklində, bəzisi dillərini çeynəyərək ağızlarından məhşər əhlinin nifrət etdiyi üfunətli çirk axan halda, bəziləri əli-ayağı kəsilmiş halda, bəziləri yanar ağaclara asılmış halda, bəziləri murdar leşdən daha pis iy verən halda və bəziləri də qaynar mis və yağ paltarla geyindirilmiş, hərarətdən bədənlərinə yapışmış halda olarlar.
Sonra Peyğəmbər(s) sözünün ardınca buyurdu:
-Meymun şəklində məhşər ayağına gələnlər sözgəzdirənlərdir. Donuz şəklində məhşərə gələnlər haram və rüşvət yeyənlər, kəlləmayallaq olanlar sələm yeyənlər, kor halda gələnlər hakimiyyət və mühakimədə zülm edənlər, lal-kar halında gələnlər özünü bəyənən, öz əməllərinin vurğunu olanlar, dillərini çeynəyənlər sözləri ilə əməlləri zidd olan alim və hakimlər, əl-ayağı kəsilmiş halda gələnlər qonşularını incidənlər, yanar ağaclara asılmışlar padşahlar yanında cəsusluq edənlər, murdar leşdən daha çox iy verənlər isə şəhvət əsiri olub dünya ləzzətinə uyanlardır. Onlar Allahın mallarında qoyduğu haqqı ödəmirlər. Yanar libaslar geyindirilmişlər də təkəbbürlü və inadkarlardır.”
Sözgəzdirən Allahın rəhmətindən uzaqdır
Sözgəzdirənin günahı o qədər böyükdür ki, əgər cəmiyyətdə bir nəfər belə sözgəzdirən varsa, Allahın mərhəmətindən uzaq olarlar. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik:
"Həzrəti-Musanın zamanında Bəni-İsrail tayfasına bərk quraqlıq üz vermişdi. Həzrəti-Musa yağış yağmaq üçün camaaat ilə birlikdə dua etməyə çölə getdi, lakin nə qədər dua etdisə, heç bir xeyri olmadı. Həzrət işi belə görüb münacat etdi. Allah-təala tərəfdən ona vəhy olundu: "Sizin aranızda sözgəzdirən var. Ona görə də duanızı qəbul etmirəm". Həzrəti-Musa Allahdan onun kim olduğunu soruşanda uca Tanrı belə buyurdu: "Mən sizi söz gəzdirməkdən çəkindirə-çəkindirə necə ola bilər ki, özüm sözgəzdirən olum?”Həzrəti-Musa bu məsələni xalqa dedi. Sözgəzdirən şəxs bundan xəbərdar olub tövbə etdi. Allah öz rəhmət yağışını onlara göndərdi."
Söz gəzdirməyin ağır nəticələri
Söz gəzdirmək istər fərdi, istərsə də ictimai nəzərdən qəbahət və günahdır. Fərdi cəhətdən insan qəlbini qaraldıb şəxsiyyətini öldürür, ictimai cəhətdən isə müsəlman cəmiyyətində ikitirəlik və ədavətə səbəb olub məhəbbəti nifrətə, dostluğu düşmənçiliyə çevirir. Halbuki müsəlmanların varlığı və əzəməti onlar arasındakı məhəbbət və birliklə bağlıdır. Bu həmrəylik o qədər mühüm bir məsələdir ki, Allah-təala onu özünün böyük nemətlərindən hesab edib insanlara bu böyük neməti unutmamaları üçün belə xatırladır:
"Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!" («Ali-İmran»-103)
İlahi nemətlərdən sayılan həmrəylik və birliyi sözgəzdirən cəzaya çevirərək məhəbbət və mehribanlığı insanlar arasından aparır. Bu özü hesaba gəlməz bir böyük günahdır. Buna görə də deyiblər ki, sözgəzdirmək qeybətdən daha pisdir, çünki əvvəldə qeyd etdiyimiz kimi, qeybət zinadan daha ağır günahdır, amma sözgəzdirmək barədə deyirlər ki, sözgəzdirən haramzadadır. Bu isə günahın nə qədər böyük olduğunu bəyan edir.
Söz gəzdirməyi yaradan amillər
Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavab olaraq demək lazımdır ki, aşağıda qeyd olunmuş amillərdən biri söz gəzdirməyə bais olur:
1. İnsan haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;
2. Söz gəzdirmək vasitəsilə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu göstərəndə;
3. İstirahət zamanı;
4. Boşboğazlıq və haqsız adamlarla həmsöhbət olmaq;
5. Təfriqə salmaq, insanları çaşdırmaq və təşviş yaratmaq niyyətində olarkən.
Nə etməli?
Şübhəsiz, insan hər hansı bir vasitəylə söz gəzdirərsə, böyük bir günaha batmış olub qiyamət günü Allahın dəhşətli əzabına məruz qalar. Buna görə də ehtiyatlı olmaq lazımdır ki, insan ömrü-bu böyük ilahi nemət tələf olub acınacaqlı halda bitərək fəlakətə uğramasın. Bu günaha batan zaman insan qiyamət gününü göz önünə gətirərək Allahın ədalətli məhkəməsi qarşısında, peyğəmbərlərin, övliyaların gözü önündə əməllərinə görə hesabat verərkən nə cavab verəcəyini düşünsün. Çünki artıq fürsət əldən çıxmış və orada heç bir iş görməyə imkan qalmamışdır. İnsan bu dünyada özü ilə hesablaşmalıdır ki, daha axirətdə rüsvay olmasın. "Nəfslə hesablaşma" bəhsində dediyimiz kimi, axirət üçün elə bu dünyada azuqə toplamaq lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər