Allahdan bağışlanmaq diləmək |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-03-2015, 15:42 | Şərh sayı: (0) | Baxılıb: 830
Allahdan bağışlanmaq diləmək
Ərəb dilindən tərcümədə "bağışlanmaq diləmək” mənasını verir. İnsanın günahlarını bağışlatdırmaq üçün Allaha yalvarmasına və Ondan mərhəmət diləməsinə "istiğfar” deyirlər.
Quran ayələrinin bir çoxunda istiğfardan danışılır. Məsələn, bu ayədə istiğfar edənlər barəsində buyurulur: "O təqvalılar ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər (istiğfar edərlər). Axı, günahları Allahdan başqa kim bağışlaya bilər?” ("Ali-İmran”, 135). Aşağıdakı ayədə istiğfar edən şəxsin günahlarının bağışlanacağı vəd edilir: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər” ("Nisa”, 110). Başqa bir ayədə isə istiğar tövbə ilə yanaşı xatırlanır: "Məgər onlar Allaha tövbə edib, Ondan bağışlanmalarını istəməyəcəklər? Axı, Allah bağışlayandır, rəhm edəndir” ("Maidə”, 73). Tövbə ilə istiğfarın əsas fərqi budur ki, tövbəni insan yalnız özündən ötrü edə bilər. Amma istiğfar başqalarının haqqında da mümkündür. Yəni yaxşılıq gördüyün adamın günahlarının bağışlanması üçün də Allaha dua etmək olar.
Həzrət Mühəmməd Peyğəmbər (s) hər məclisi istiğfarla bitirərdi. Hədislərdə deyilir ki, istiğfar etmək ruzini artırar. Namazda istiğfar etmək günahları silər; ona görə də, iki səcdənin arasında istiğfar duası etmək müstəhəb bilinib. İstiğfar duasının ən geniş yayılmış şəkli belədir: "Əstəğfirullahə rəbbi və ətubü ileyh”. Yəni "Rəbbimdən günahlarımın bağışlanmasını diləyir və Onun hüzurunda tövbə edirəm”.
Həzrət Əli ibn Əbu Talibdən rəvayət edilib ki, Yer üzündə Allahın əzabından amanda qalmaq üçün iki vasitə var idi. Bunlardan biri insanların əlindən alındı, o biri isə hələ də qalmaqdadır. İnsanlardan alınmış aman vasitəsi – İslam Peyğəmbərinin vücudu idi. İkinci vasitə isə istiğfardır.
Bir nəfər İmam Əlinin yanında öz günahlarının bağışlanması üçün "əstəğfirullah” dedi, amma bu sözü saymazyana və ağızucu söylədi. İmam buyurdu: "İstiğfarın nə olduğunu bilirsənmi? İstiğfar – yüksək məqamlı insanlara məxsus olan bir əməldir. Onun 6 mərtəbəsi var. İstiğfarın birinci mərtəbəsi keçmiş günahdan peşman olmaqdır. İkincisi, həmin günaha bir daha qayıtmamaq qərarına gəlməkdir. Üçüncüsü, öhdəndə günah olmadığı vəziyyətdə Allaha qovuşa bilmək üçün camaatın haqqını özünə qaytarmaqdır. Dördüncüsü, sənə vacib olan, amma yerinə yetirmədiyin hər bir əməli (ibadəti) icra etməkdir. Beşincisi, bədənində haramdan yaranmış əti hüzn və kədərlə əritməkdir; ta ki, dəri sümüyə yapışsın və onun yerinə təzə ət gəlsin. Altıncısı, günahın şirinliyini daddığın kimi, ibadətin əziyyətini də dadmağındır. Yalnız belə olan halda "əstəğfirullah” deyə bilərsən” ("Nəhcül-bəlağə”, 409-cu hikmətli kəlam).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər