Nigahın bu növü müt'ə nigahı (siğə) adı ilə məşhurdur. Bu şəriətin doğru şərtlərini özündə cəm edən nigah müqaviləsi ilə, mə'lum olan başlıq (mehriyyə) üzrə müəyyən vaxta qədər qadının bir kişi ilə evlənməsidir. Bu nigahın rəsmiyyəti belədir ki, başlıq və vaxta görə razılıq və ittifaq yaranandan sonra, qadın kişiyə deyir: "Qədəri mə'lum olmuş başlıq ilə müəyyən edilmiş vaxta kimi özümü sənə nigahlayıram". Burada qadın müəyyən edilmiş vaxtı dəqiq şəkildə göstərməlidir. Kişi həmçinin həmin an cavab verməlidir: "Bu nigahı qəbul edirəm". Başqa nigah müqavilələrində olduqu kimi, bu müqavilədə də vəkil tə'yin etməsi caiz (doğru) sayılır. Müqavilə şərtləri tamam olandan sonra, həmin müqavilədə müəyyən edilmiş vaxt bitənə qədər qadın kişinin arvadı, kişi də qadının əri sayılır. Əgər qadın və kişi istəsələr, müqavilədə tə'yin olunmuş vaxt bitdikdən sonra, həmin vaxtı təzələyə və ya ömürlərinin axırına kimi uzada bilərlər. Qadına vacibdir ki, əgər menstruasiya (aybaşı) olursa, müqavilədə tə'yin olunmuş vaxt bitdikdən sonra iki menstruasiya vaxtı ərzində cinsi əlaqəyə girməkdən özünü saxlasın. Əgər həmin qadında menstruasiya (aybaşı) olmursa, 45 gün cinsi əlaqədə olmamalıdır.
Müt'ədən (siğədən) əmələ gələn uşaq, istər qız olsun, istər oğlan, ata onlara görə məs'uliyyət daşıyır. { Əl-Rusulil-Nuhimmə; İmam Şərafuddin. }
Nigahın bu növü şiəlidikdə caiz sayıldığı üçün başqa məzhəblərin e'tiqadına görə ona nifrət edilir. Sual doğuran cəhət budur: Şiəliyə nigahın bu növündən olan qanunlar haradan gəlibdir? Qanunun bu növünün halal və ya haram olması üçün sərbəst qərar çıxardılırmı? Bütün bunların Qur'an və Peyğəmbər (s) sünnətindən sübutu varmı?
Bu suallara cavab olaraq deyirik: Bütün müsəlmanlar öz məzhəbi ixtilaflarına baxmayaraq bu fikirdədirlər ki, nigahın bu növü İslamın əvvəl çağlarından qanuna minmişdir.
Buxari, İbni-Abbasın bu sözünü rəvayət edir: "Biz peyğəmbər ilə din vuruşlarında iştirak edirdik və yanımızda qadınlar olmazdı, buna görə dedik: Xədim olaqmı? (cinsi əlaqədən qalmış) Peyğəmbər bunu bizə qadağan etdi və bundan sonra başlıq olaraq, qadına paltar verib, onunla evlənməyə bizə icazə verdi, sonra bu ayəni oxudu: «Ey iman gətirənlər, Allahın sizin üçün halal etdiyi yaxşı şeyləri özünüzə haram etməyin». (5.Maidə surəsi, 87.) { Səhih-Buxari. Cild 6, səh. 110, "Kitabut-təfsir". Bu ayənin təfsirinin babı. }
Qur'anın bu ayəsi nigahın bu növü üçün nazil olub: «İstifadə (yaxınlıq) etdiyiniz qadınların başlıqlarını (mehrlərini) lazımi qaydada verin". { 4. Ən-Nisa surəsi, 24 }
Əhli-sünnə təfsirçilərinin əksəriyyəti qeyd ediblər ki, bu ayədə nəzərdə tutulmuş istimta (yə'ni yaxınlıq) müt'ə nigahıdır.
İbni Abbas, Übeyy ibni Kə'b və Səid ibni Cübeyr bu ayəni belə oxuyardılar: "İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini tə'yin olunmuş vaxta kimi lazımi qaydada verin". { Təfsir ibn-Kəsir; Səhih-Müslim "Ən-Nəvəvi" şərhi ilə cild 3, səh. 552. "Daruş-şə'b" çapı. }
İbni Kəsir bunu öz təfsirində izah edərək belə qeyd etmişdir:
"Bu səhabələrin Qur'anın təhrifinə iman gətirmələri uzaqdır, bu işdə Qur'anın oxunuşuna deyil, təfsirinə müraciət etmək labüddür..." { Təfsir ibn-Kəsir; }
Lakin, İslam tayfaları nigahın bu növünün davamlı olması haqqında ixtilafdadırlar və buradan meydana çıxan sual budur: Müt'ə nigahı haram edilmişdir, yoxsa öz halallığında qalmışdır?
Aşağıdakı hədis sübut edir ki, Peyğəmbər (s) müt'ə nigahını qadağan etmədiyi halda vəfat etmişdir:
İmrandan rəvayətdir ki, buyurub: "Müt'ə (siğə) ayəsi Allahın kitabında nazil olmuşdu və biz onu Peyğəmbərlə birlikdə həyata keçirərdik, Qur'andan ona haram edən ayə nazil olmayıb və müt'əni Peyğəmbər vəfat edənə kimi qadağan etməmişdi, sadəcə bir kişi öz rə'yinə əsasən istədiyini demişdir". { Səhih-Buxari. Cild 6, səh 34. "Kitabut-təfsir"; "Fəmən təmətə'ə bil-umrəti iləl-həcc" babı. }
Belə rəvayətlər o yerə kimi işarə edir ki, bir nəfər bu nigahda öz rə'yinə əsasən sərbəst qərar çıxarmışdır. Səhihi-Buxari həmçinin Peyğəmbər (s) zamanında müt'ə fəslində ötən rəvayətə oxşar bir rəvayət söyləmişdir. Lakin həmin rəvayət aşağıdakı kimi qısa şəkildə deyilmişdir:
İmrandan rəvayətdir: "Peyğəmbər zamanında müt'ə edərdik ki, Qur'anda nazil olmuşdu, lakin bir nəfər öz rə'yinə əsasən istədiyini demişdir". { Səhih-Buxari. Cild 2, səh 375. "Kitabul-həcc". }
Səhihi-Buxari üçün şərhi-bari kitabında qeyd edilib ki, burada nəzərdə tutulan kişi, xəlifə Ömər ibni Xəttab olmuşdur. { "Şərhul-Bari əla səhihil-Buxari" Cild 4, səh 177; “Şərhun-Nəbəvi əla səhih-Muslim” Cild 3, səh. 364; "Daruş-Şə'b" çapı. } Bunu tə'kidləndirmək üçün Əbu Nəzrəyə istinad edərək, Müslümün öz Səhihində rəvayət etdiyini nəql edirik:
"Cabir ibni Əbdullahın yanında idim ki, bir nəfər onun yanına gəlib belə söylədi: İbni Abbas və ibniz-Zübeyr iki müt'ə haqqında ixtilafdadırlar, Cabir belə buyurdu: O iki müt'əni Peyğəmbər ilə birlikdə edərdik, sonra onları həyata keçirməyi Ömər bizə qadağan etdi və biz bu işi tərk etdik". { Səhih-Muslim. Cild 3, səh. 556; "Kitabun-Nigah"; "Əl-Mit'ə" babı. "Daruş-şə'b çapı. "Ən-Nəvəvi şərhi ilə". }
Səhihi-Müslüm həmçinin Ətaya istinad edərək buyurub: "Cabir ibni Əbdullah ümrə həccindən gəlmişdi, biz onun mənzilinə yığışmışdıq. Camaat ondan bə'zi məsələləri soruşurdu, bu vaxt müt'əni xatırladılar, buyurdu: "Bəli, Peyğəmbər, Əbu Bəkr və Ömərin zamanında müt'ədən istifadə edərdik". { Səhih-Muslim. Cild 3, səh. 555; "Kitabun-Nigah"; "Əl-Mit'ə" babı “Daruş-şə'b” çapı. "Ən-Nəvəvi şərhi ilə". }
Müslüm öz Səhihində Cabir ibni Abdullaha istinad edərək buyurmuşdur; "Peyğəmbər və Əbu Bəkr zamanında bir ovuc xurma və undan başlıq verməklə müt'ədən istifadə edərdik, nəhayət Ömər, Əmr ibni Hərisin törətdiyi işə görə müt'əni qadağan etdi". { Səhih-Muslim. Cild Z, səh. 556; "Kitabun-Nigah"; "əl-Mit'ə" babı. “Daruş-şə'b” çapı. "Ən-Nəvəvi şərhi ilə". }
Əmr ibni Hərisin hekayəsi belədir:
Bir nəfər fəqir qadın onun qapısını döyür və həyatdə qalmasına bəs edəcək qədər ona təam verməsini istəyib, yalvarır. həmin kişi qadının özünü ona təqdim edəcəyi halda ona bir şey verdiyini bildirir və belə güman edir ki, onun bu hərəkəti müt'ə nigahıdır. Qadın məcbur olub, bu şərti istəmədiyi halda qəbul edir. Xəlifə Ömər bu əhvalatdan xəbərdar olduqda, bərk qəzəblənir və onun bu qəzəbi həmin nigahı qadağan etməyə gətirib çıxarır.
Bəlkə, bu nigahı həyata keçirən hər kəsi daş-qalaq etmək qərarına gəlir, Belə ki.
Müslümün öz Səhihində Əbu Nəzrəyə istinad edərək gətirdiyi rəvayət bunu aşkar edir:
"İbni Abbas müt'ə nigahına əmr edirdi, İbniz-Zübeyr isə onu qadağan edirdi və mən bunu Cabirin yanında qeyd etdim. O, belə buyurdu: Peyğəmbər ilə bərabər müt'ə nigahı edərdik. Amma, Ömər öz xəlifəlik dövründə belə buyurdu: Allah-təala öz Peyğəmbərinə istədiyi şeyi halal edir, buna görə həcc və ümrəni tamamlayın və bu qadınların nigahı haqqında bir qərar çıxardın. Heç zaman bir qadınla nigah edən kişi, onu başqasına həvalə etməməlidir. Əgər belə olarsa, mən onu daşlarla daş-qalaq edərəm". { Səhih-Muslim. Cild 3, səh 331. «Kitabul-Həcc»; «Məzahibul-uləma fi təhəllul əl-mu'təmirəl-mut'ə mətti'» babı. }
Səhihi-Tirmizi Abdullah ibni Ömərdən rəvayət edir ki, Şam əhlindən olan bir kişi ondan müt'ə nigahı haqqında sual edir. O, belə buyurur: Müt'ə nigahı halaldır. Həmin kişi dedi: Axı atan onu qadağan etmişdir. İbni Ömər belə buyurdu: Peyğəmbərin ona etdiyini, lakin mənim atamın qadağan etdiyini görə-görə? Sən Peyğəmbər sünnətini tərk edib, atamın sözünə əməl edəcəksən?! { Səhih-Tirmizi }
Abdullah ibni Abbas müt'ə nigahının ayəsinin nəsx edilməməsi (ləğv edilməməsi) rə'yinə görə ümmətin elmli adamı kimi şöhrət qazanmışdı. Bunu Ziməxşəri özünün Kəşşaf adlı təfsirində gətirir və ibni-Abbasdan nəql edərək buyurur ki, müt'ə ayəsi Qur'anın möhkəm ayələrindən biridir.
Səhihi-Buxaridə Əbu Cəmərə tərəfindən söylənilən rəvayət bunu daha da tə'kidli edir:
"İbni Abbasın müt'ə haqqında soruşulduğunu eşitdim, o buna icazə verdi. Onun yanında olan bir nəfər belə dedi: həqiqətən bu, şiddətli hallarda olur. Qadınlarda isə oyanış və bu kimi hallarda olur. İbni Abbas belə buyurdu: Bəli". { Səhih-Buxari. Cild 7, səh 36. «Kitabun-nigah» }
Təbərani və Sə'ləbi öz təfsirlərində Əliyə (ə) istinad edərək nəql edirlər ki, o belə buyurub: "Əgər, Ömər müt'ə nigahını qadağan etməsəydi, yalnız bədbəxtlər zina edən olardı".
Günün günorta çağı günəşin aşkar olduğu kimi, bütün bu dəlillərdə müt'ə nigahının halallığının davamlı olmasını aşkar edir. Həmçinin, əhli-sünnə cumhurunun əksəriyyətinin buna qail olduğuna baxmayaraq, bu günləri bunun əksinin şahidi oluruq. Belə zənn edirlər ki, bu nigaha aid olan ayə nəsx edilib. Amma, nəsx edən (ləğv edən) qanun haqqında ixtilafda olublar. Bə'ziləri nəsx edənin Qur'andan bir ayə olmasını, digərləri isə sünnədən rəvayətlər olmasını qeyd edir. Biz hər iki rə'yi qabağkı səhifələrdə ötüb keçən qət'i sübutlu hədislərə əsasən inkar edirik. Belə ki, bu hədislər peyğəmbərin müt'ə nigahını qadağan etmədən vəfat etdiyinə dəlalət edir. Nəsx edənin Qur'andan bir ayə olmasını qeyd edənlər bu ayəni dəlil gətirir:
"Onlar öz namuslarını qoruyurlar. Yalnız öz həyat yoldaşları və kənizlərindən başqa ki, onlarla yaxınlıq etməklə danlanmazlar". { 23.Mu'minun surəsi, 5-6 }
Bu ayə Məkkədə nazil olub. Amma, müt'ə ayəsi Mədinədə nazil olub və ya müt'ə nigahının qanunveriçilik hökmü Mədinəyə aiddir. Əvvəldə gələn hökm isə, sonradan gələn hökmü nəsx edə bilməz.
Nəsx edənin Peyğəmbərdən (s) rəvayət olunmuş sünnə olduğunu qeyd edənlər belə zənn edirlər ki, bunlar hədislərdir. Halbuki, bu hədislər biri digəri ilə ziddiyyət təşkil edir. Bə'zisi, müt'ə nigahının Xeybərdə, bə'zisi Autasda, digəri Məkkənin fəthi günündə, başqası Təbuk müharibəsində, bə'zisi Qəza umrəsində, bə'zisi də Vida həccində nəsx edildiyini qeyd edir. Bütün bu rəvayətlərin aydın olmaması və biri-digəri ilə zidiyyət təşkil etməsi, onların doğru olmaması üçün bir dəlildir. Bu rəvayətləri ayrı-ayrı şəxslərin xəbəri olmasını da bura əlavə etsək, baxarıq ki, bu rəvayətlər Qur'anın mətninin hökmü müqabilində nəsxedici ola bilməz. Və bunun qanunvericiliyi müsəlmanların icması tərəfindən sübut edilmişdir.
Çünki, icmaya görə nəsx etmə (ləğvetmə) ayrı-ayrı şəxslərin xəbəri ola bilməz. Allah-Təalanın sözünə istinad edərək, bir Qur'an ayəsini digərindən başqası nəsx edə bilməz: "Heç bir ayəti ondan daha xeyirlisini və ya ona bənzərini gətirməyincə, batil və ya tərk etmərik". { 2.Bəqərə surəsi, 106 }
Buna görə, bu küclü və müt'ə nigahının qanuni olmasını sübut edən mətnlərlə bərabər, Peyğəmbər də (s) müt'əni qadağan etməmişdi. Və Ömər öz xilafəti dövründə onu qadağan edənə qədər halallığında qalmışdı. Biz bu düyünü aça bilmirik məgər ki, xəlifə Ömər öz zamanında müsəlmanlar üçün məsləhətli olması cəhətdən rə'yinə əsasən sərbəst qərar çıxartmışdı. Onun bu qərarı, zamana görə məsləhətli olub, dini deyil, mədəniyyət cəhətcə qadağa idi ki, müt'əni həyata keçirməyi qadağan etmişdi. Belə ki, xəlifə Ömər məqamca daha böyük və itaət baxımından daha uca idi ki, Allahın halal buyurduğu bir işi haram edəydi və ya dində olmayan bir şeyi dinə daxil edəydi. Çünki, Ömər bilirdi ki, Məhəmmədin (s) halal buyurduğu Qiyamətə qədər halal, Məhəmmədin (s) haram buyurduğu Qiyamətə qədər haramdır. Buna görə, Ömərin bu istəyi dini deyil, mədəniyyət və zamana görə qadağa olma labüdlüyüdür. Onun müt'ə nigahına qarşı sərt mövqeyi ilk mövqe deyildi. Ömər öz ömrü ərzində kobudluq və sərtliyi ilə tanınmışdı. Və İslam, şəriət qanunlarını həyata keçirmək üçün öz nəzərində ali məsləhət arzusunda olaraq, belə işlərdə sərbəst qərar çıxarardı. { «Əsluş-şiə və usuliha» kitabı. «Kaşiful-Ğita» }
Ömərin bə'zi hökmlərdə sərt mövqedə olub, sərbəst qərar çıxartmasına aid olan misallardan biri də budur ki, Peyğəmbər (s) və Əbu-Bəkr zamanında fərdi halda qılınan Ramazan nafiləsini (Təravih namazı adı ilə tanınır) camaatla qılmağı müsəlmanlara əmr etmişdi. Buxari Əbu-Hüreyrəyə istinad edərək nəql edir ki, Peyğəmbər (s) belə buyurub: "Hər kəs Ramazan ayını imanla və xalis niyyətlə oruc tuta, onun keçmiş günahları bağışlanılar". İbni Şihab buyurub: Peyğəmbər vəfat etmişdi, müsəlmanlar hələ də bu əmrə tabe idi . Əbu-Bəkrin xilafəti dövründə də bu iş belə davam edirdi. Ömərin xəlifəlik dövrlərinin əvvəlində də bu belə idi. Sonra yenə buyurdu: Ramazan ayında bir kecə Ömər ibni Xəttab ilə məscidə getdim. Camaat qarışıq, dağınıq halda idi. Biri dayanıb tək halda namaz qılırdı, digəri isə dəstə halında öz namazı ilə məşğul idi. Ömər dedi: Mən belə görürəm ki, əgər, bunları bir qare başçılığı altında cəm etsəm bu, daha yaxşı olar. Sonra qərara gəlib, camaatı Übeyy ibni Kə'bin başçılığı altında cəm etdi. Başqa bir gecədə Ömərlə məscidə gəlib gördüm ki, adamlar öz qareləri ilə namaz qılır. Ömər dedi: Bu yaxşı bid'ətdir. O kəslər ki, bu vaxtda yatır, oyaq qalanlardan daha üstündür. Bununla gecənin axırını nəzərdə tuturdu. Lakin, adamlar gecənin əvvəlində oyaq qalırdı". { Səhih-Buxari. Cild 3, səh 126. «Kitabu səlatut-təravih»; «Fəzlu mən qamə Ramazan» babı. }
Həmçinin, həmin nafilə namazında (Təravihdə) bir daha özündən sərbəst qərar çıxartmışdı. Belə ki, həmin namazın rükətlərinin sayını iyirmiyə çatdırmışdı. Ayişədən rəvayətdir, buyurur: "Allahın Rəsulu istər Ramazan ayında, istər başqa vaxtda qılınan namazın rük'ətinin sayını on birdən çox artırmamışdı". { Səhih-Buxari. Cild 2, səh 137. «Kitabut-təhəccud». }
Lakin, xəlifə Ömərin bə'zi müasirləri və ondan sonra gələn bə'zi bəsit hədisçilər, xəlifənin müt'ə nigahını qadağan etmə sirrini bilməkdən qəflətdə olublar və onun Allahın halal etdiyi bir işi haram etməsi ilə öyünüblər. Onlar buna bəraət qazanıb, vəziyyətdən çıxmaq məcburiyyətində qalıblar. Amma, izn veriləndən sonra Peyğəmbər (s) tərəfindən nəsx etmə çağırışından başqa bir şey tapmayıblar. Bu dolaşıqda dolaşıb qalıblar. Onların gəlmələri bu qarışıqlıqda çaş-baş düşüb.
Söhbət açdığımız dolaşıqlıq və qarışıqlığın ən ucqar nöqtəsini görmək üçün aşağıdakı rəvayətə nəzər sal, daha dəhşətlisi budur ki, bu rəvayəti nəql edən onu Əliyə (ə) nisbət vermişdir. Belə ki, Buxari öz Səhihində nəql edir: "Əliyə (ə) dedilər ki, ibni Abbas qadınlara müt'ə nigahı etməyə pis baxmır. O, belə buyurdu: Allahın Rəsulu Xeybər günü müt'ə nigahını və qırmızı gilin daxili hissəsini qadağan etmişdi. Adamların bə'zisi deyib: Əgər müt'ə nigahını etmək istəsələr, gərək hiyləyə əl atsınlar. Buna görə nigah fəsad törədəndir. Bə'zisi deyib: Nigah caizdir amma, şərt batildir". { Səhih-Buxari. Cild 9, səh 76. «Kitabul-ikrah»; «Əl-Hiylətu fin-nigah» babı. }
Əgər onlar, xəlifənin müt'ə nigahını qadağan etmə səbəbini başa düşsəydilər, bütün bu dolaşıqlıq və qeyri-təbiilikdən azad olardılar.
Müt'ə nigahına bundan əvvəl etdiyimiz baxış dini və tarixi tərəfdən idi. Amma əxlaqi və ictimai baxışa gəlincə, müt'ə nigahının qanuni olması bəşər üçün rəhmət, çoxları üçün icazə olaraq gəlmişdir. Xüsusi ilə elm axtarışında olan və ya ticarətlə məşğul olmaqdan ötəri səfərə çıxanlar və ya cihada gedənlər və ya sərhəd bölgələrində keşikdə duranlar üçün bir izndir. Çox vaxt daimi nigahdan imtina etmə, onda olan çətinliklər və ağır xərclərdən, həmçinin səfərə çıxanların halı ilə uyğunlaşmamaqdan irəli gəlir. Xüsusən, şəhvət odu alovlandıqda və gəncliyin çiçəklənmə dövründə olanlar iki şeydən birini seçmək məcburiyyətində qalırlar: Bunlardan biri, heç bir kəsə gizli olmayan ziyanlara və həlakedici nəfsin illətlərinə və uzunmüddətli xəstəliklərə aparan məşəqqətə səbəb olan nəfsin cihadı və səbrdir. Digəri isə, ziyanlar və pis əməllərlə dünyanı dolduran zinaya düşməkdir.
Bu səbəblər, Xəlici vaizlərindən-Şeyx Əhməd Əl-Quttan adlı birinin iddia edib, Fillipində olan ərəb tələbələri üçün müvəqqəti nigahı həyata keçirtmək caizliyinə fətva verməsinə gətirib çıxartmışdır. Lakin, bu nigah başqa adla "Nigah, təlaq tərkibidir" adı ilə səslənmişdir. Bu nigahın şərti belədir ki, kişi öz nəfsində təlaqı (boşanmanı) gizli saxlayır və bu niyyəti heç kəsə bildirmir. Yə'ni bu, kişinin niyyətində müvəqqəti nigahdır və qadının niyyəti və bilgisinə görə daimidir. Kişi özündə gizli saxladığı müddət bitdikdən sonra öz yoldaşını boşayır.
Qadına yalan demə və aldatmanı özündə əhatə edən nigahın bu növünün ixtira edənləri e'tirafına və Qur'andan və ya Peyğəmbər (s) sünnəsindən buna bir dəlilin olmasına baxmayaraq, onlar öz qanunlarını; bu nigahın zərəri hər bir halda zinanın zərərindən daha yüngüldür sözü ilə təmizə çıxardırlar!
İbni Abbasın müt'ə nigahı haqqında rə'yi soruşulduqda, o, bu nigaha öz razılıq fətvasını verdikdən sonra, yuxarıda adı xatırlanan şeyximiz həmin nigahın haram olması fətvasını vermiş və ibni Abbasın həmin fətvada səhvə yol verdiyini vurğulamışdır. Və bunları şərh edərək əlavə etmişdir:
"Əgər alimlərin səhvi bizi izləsəydi, onda Allahsız olardıq" Qur'an və sünnədə halal buyurulan müt'ə nigahını əvəz edərək, Əl-Quttanın rə'yinə əsasən "Nigah təlaq tərkibidir" bid'əti bu cür əmələ gəldi. "Ə'la bir şeyi başqa bir şeylə dəyişdirmək istəyirsinizmi". Allahdan başqa heç kəsdə qüdrət və qüvət yoxdur.