Şiələrin və Peyğəmbərin (s) pak sünnəti Şiələrin və Peyğəmbərin (s) pak sünnəti
 
ŞİƏLƏRİN HƏQİQƏTİ      Əs'əd Vəhid əl-Qasim
 
 

 Şiələrin və Peyğəmbərin (s) pak sünnəti


İki firqənin baxımından Peyğəmbər (s) sünnəti:

Bə'zi cahillər şiələri Peyğəmbər (s) sünnətini inkar etməkdə ittiham edirlər. Bu böyük bir xurafatdır. Biz şiənin pak sünnətə olan əqidəsi barədə bə'zi sünni alimlərinin rə'ylərini qeyd edirik:

"Əl-İmamus-Sadiq" kitabının müəllifi Şeyx Muhəmməd Əbu-Zuhrə deyir:

Şiələrin arasında "qət'i-elm"ə əsaslanan mütəvatir sünnətin hüccət olması barədə bir ixtilaf yoxdur. Həqiqətən, Peyğəmbərdən (s) mütəvatir olan sünnəti inkar etməg küfr və Peyqambərin (s) risalətini inkar etməkdir. Bununla belə mə'sum imamların dediklərini qəbul etməmək də fasiqlikdir".

"Difa' ənil-əqidə vəş-şəri'ə ziddi məta'in əl-mustəşriqin" kitabının müəllifi Şeyx Muhəmməd Əl-Ğəzali deyir:

Bə'zi iftiraçı qüvvələr, şiəlarin Əliyə, sünnilərin isə Muhəmmədə (s) tabe olduqlarını iddia edərək, risalətin Əliyə layiq olduğunu, yaxud onun (risalətin) Əliyə nazil olduqda, səhvən başqasına endiyi əqidəsini şiələrə nisbət verirlər. Təbii ki, bu sözlər iftira və saxtakarlıqdan başqa şey deyildir". Daha sonra deyir: "Həqiqətən şiələr Peyğəmbərin (s) risalətinə iman gətirir və Əlinin (ə) şərafətli şəxsiyyət olmasını, Onun Muhəmmədin (s) sünnətindən möhkəm tutması ilə əlaqələndirirlər. Şiələr də digər müsəlmanlar kimi, bəşəriyyətdə Muhəmməddən (s) başqa inanılmış, əmin və əzəmətli şəxsiyyət tanımırlar... Görəsən, bu xurafatı şiələrə nisbət vermək insafa sığışarmı?"

Şiə və Əhli-sünnətin arasında, Peyğəmbərin (s) pak sünnətinə əməl etməyin vacib olması barəsində heç bir ixtilaf yoxdur. Lakin Peyğəmbərdən (s) sonra gələn nəsillərə bu pak sünnəti hansı yolla çatdırmaq və sünnəti sübut etdirmək barəsində ixtilaflar meydana çıxmışdır. Əhli-sünnətin nəzərində hər hansı bir səhabədən nəql olunan hədis səhihdir. Çünki, onlar bütün səhabələrin ədalətli olduqlarına inanırlar. Həmçinin, Səhih-Buxari və Müslimin kitablarını Qur'ani-Kərim qədər səhih bilirlər. Aşaqıdakı rəvayətlər deyilənlərə misaldır:

Səhihi-Müslimin "Ən-nəvəvi" şərhinin müqəddiməsində Şeyx Əbu-Əmr ibn-Səlah deyir: "Səhih-Müslim" kitabında nəql olunan hədisə Müslim "səhih" deyirsə, şübhəsiz o hədis səhihdir".

Bu sözlər Buxariyə də şamildir. Çünki, Əhli-sünnət bu kitablarda nəql olunan hədisləri səhih bilir.

Daha sonra əlavə edərək belə davam edir: "Mə'sumun günahı xəta deyil. Ümmətin ixtilafsız olması xətadan pak olmaq deməkdir". { “Səhih-Müslim biş-şərh ən-Nəvəvi” kitabı. Cild 1, səh 14. "Darəş-şə'b" çapı. }

Amma şiələr, Peyğəmbərdən (s) Əhli-Beyt haqqında nəql ediləcək hədisi və ayəni əsas tutaraq, hər hansı bir hədisin Əhli-Beyt imamlarının birindən nəql olunmasını şərt edirlər.

"Mən sizin aranızda biri-birindən ağır olan iki şeyi tərk edib gedirəm. Bunlardan biri Qur'ani-Kərim, o biri isə itrətimdən olan Əhli-Beytimdir. Əgər onlardan tutsanız, heç vaxt zəlalətə düşməzsiniz". { "Səhih-Tirmizi". Cild 13, səh 201. "Mənaqib əhli bəytin-nəbi" babı. "Darul-kitabil-ərəbi". }

"Ey Əhli-Beyt, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir!" { 33.Əhzab surəsi, 33 }

Bunlardan əlavə, hədisə səhih hökmünü verməyin bu kimi şərtləri vardır ki, əvvvəlcə Qur'ani-Kərimə, sonra mətnlə sənədinə nəzər salırlar. Daha sonra qəti təvatürlə sübut olunmuş hədislərlə uyğunlaşdırıb, əqllə mülahizə edirlər. Əgər hər hansı bir hədisə bu şərtlərdən biri şamil olmasa, o hədisə səhih hökmünü verməzlər.

Şiələrin nəzərində dörd böyük və mühüm hədis kitabı mövcuddur: Əl-Kafi, Mən la yəhzurul-fəqih, Ət-Təhzib, İstibsar.

Bu kitablarda rəvayət olunan hədisləri təhqiq edirlər. Çünki bu hədislərin arasında səhih və səhih olmayan hədislər vardır. Həmçinin onların nəzərində Qurani-Kərim mislində səhih olan kitab yoxdur.

«Məsadirül Hədis ində şiə - imamiyyə» kitabında, Mühəqqiq əllamə Seyyid Mühəmməd Hüseyn əl-cəlali Əl-Kafi kitabının hədislərini belə bölmüşdür: «Əl-Kafi kitabında 16121 hədis vardır. Onlardan 9485 zəif, 114 həsən, 118 e'tibarlı, 302 qüvvətli, 5702 hədis səhihdir». Bu da onu göstərir ki, şiə alimləri «Kafi» kitabında olan minlərlə hədisi zəif bilirlər.

Zəhir və Əl-Xətib kimi iftiraçılar şiələrin «Kafi» kitabını Səhih-Buxari mislində gördüklərini iddia edirlər. Onların iddialarının həqiqətdən uzaq və yalan olduğu bəllidir.

 

 

İki firqənin nəzərində Peyğəmbərin (s) mə’sumluğu

Əhli-sünnət, şiələrin öz imamlarını Peyğəmbərdən (s) üstün və fəzilətli bildiklərini iddia edir. Mən bu kitabı yazarkən sübut etdim ki, şiələr Peyğəmbərə (s) əhli-sünnətdən fərqli müqəddəs məqam vermişdilər. Şiələr iddia edirlər ki, həqiqətən Muhəmməd (s) bəşəriyyətin ən əfzəlidir. Ona görə də O Həzrətin (s) hər hansı əmrini inkar etməyi küfr hesab edirlər.

Şiələr Əhli-Beytdən (ə) olan on iki imama tabe olmağı zəruri hesab edirlər. Çünki onlar Peyğəmbərin (s) sünnətini ən düzgün yolla nəql edənlərdir. Peyğəmbərin (s) isməti barəsində söz açıldıqda, şiələr O Həzrətin (s) dünyaya göz açandan bəri, dini və dünyəvi işlərdə mə'sum odduğunu e'tiraf edirlər.

Əhli-sünnətə gəldikdə, onlar da Peyğəmbərin (s) şəxsiyyətini əfzəl bilir, lakin şiələrin əksinə olaraq O Həzrəti (s) dünyəvi işlərdə deyil, fəqət dini işlərdə mə'sum bilirlər. Başqa işlərdə isə O Həzrətin şəxsiyyətini adi bəşər kimi qələmə verirlər.

Sünnilərin bu sözlərini rədd etməzdən əvvəl onların Peyğəmbərin (s) isməti barədə olan əqidələrini nəzərinizə çatdırırıq. Onu da qeyd edirəm ki, onların əqidələri Qur'ani-Kərimdən sonra ən səhih saydıqları kitablara əsaslanır.

Beləliklə, Aişə deyir: «Həra mağarasında ikən, gözlənilmədən Peyğəmbərə (s) bir mələk nazil olub ona dedi: «Oxu!» Həzrət «oxuya bilmirəm» deyə cavab verəndə, həmin mələk üç dəfə bu sözü təkrar etdi. Sonra Rəsuli-Əkrəm (s) mağaradan xaric odub, zövcəsi xanım Xədicənin (s.ə) yanına gəlib dedi: «Məni libasıma bürüyün!» (Həzrət (s) bu kəlamı iki dəfə təkrar etdi.) Libasına büründükdə, Peyğəmbərin (s) qorxusu zail oldu. Hadisənin səbəbini xanım Xədicədən soruşanda, xanım O Həzrəti (s) öz əmisi “Vərəqət ibn-Naufəl-ibn-Əsəd ibn-Əbdul-Uzza ibn-Qusəy”in yanına apardı. (Bu şəxs cahiliyyət dövründə xristianlığı qəbul etmişdir. Böyük yazıçı idi. Vaxtı ilə «İncil»i ərəb dilinə nəql edib yazmışdır. O zaman bu şəxsin gözləri kor olmuşdu.)
Xədicə (s.ə) Peyğəmbərə (s) işarə edərək əmisi oğluna dedi: “Ey əmioğlu, «qardaşın oğlu»nun başına gələnləri eşit!”
Vərəqət, Peyğəmbərdən (s) nə gördüyünü soruşanda, Həzrət (s) əhvalatı ona söylədi. Bu zaman Vərəqət ona dedi: «Sənin başına gələn əhvalat Musaya (ə) da nazil olmuşdur. Kaş ki, qövmün səni mühacir edəndə, mən sağ olaydım». Rəsuli-Əkrəm (s) təəccüblənərək soruşdu: «Məgər məni mühacir edəcəklərmi?»
{ Səhih-Buxari. Cild 9, səh 92. "Kitabut-tə'bir əvvəl ma bəda bihi Rəsulullah" babı. }

Peyğəmbərə (s) bu əhvalatın nəticəsini xristian «Vərəqət»in izah etməsini əql qəbul edərmi? Məgər Peyğəmbər (s) bu əhvalatın nəticəsini (nübüvvət risalətinin ona nazil olmasını) özü dərk etmirdimi?

Bunlardan daha da qəribəsini Ayişə nəql edir:
“-Çox keçmədi ki, «Vərəqət» vəfat etdi və Peyğəmbərə (s) bir müddət vəhy nazil olmadı. Bundan inciyən Peyğəmbər (s) dağların zirvəsinə qalxıb, özünə qəsd etmək istədikdə, Cəbrail (s) onun gözündə canlanıb «Sən Allahın haqq elçisisən» deyərdi. Bundan sonra Peyğəmbərin (s) hüznü aradan gedər və qəlbi sakinlik tapardı.
Rəsulullaha (s) hər dəfə vəhy nazil olmayanda, bu hal bir neçə dəfə təkrarlanardı.”
{ Səhih-Buxari. Cild 9, səh 93. "Kitabut-tə'bir əvvəl ma bəda bihi Rəsulullah" babı. }

Bundan əlavə, Səhih-Buxaridə Ayişədən nəql olunan rəvayətdə Peyğəmbərin (s) bütün Qur'anı əzbər bilmədiyi izah olunur. Müsəlmanın belə şeyə inanması mümkündürmü?! Ayişə yenə də nəql edir ki, Peyğəmbər (s) məsciddə bir kafirin Qur'an oxuduğunu eşidərək dedi: «Allah onu bağışlasın. Filan surələrdən unatduğum ayəni yadıma saldı». { Səhihi-Buxari. Cild 8, səh 234. «Kitab əd-dəavat və səlli ələyhim» ayəsinin babı. }

Peyğəmbərin (s) səhv etdiyi barəsində Cabir ibn Abdullahdan nəql olunan rəvayəti səhih hesab edirlər:
«Xəndək döyüşü günündə iftarda sonra Ömər ibn-Xəttab Rəsulullahın (s) yanına gəlib dedi: «And olsun Allaha ki, namazımı gün batana bir az qalmış qıldım». Peyğəmbər (s) bunu eşidəndə dedi: «And olsun Allaha ki, mən hələ də namazımı qılmamışam». Ömər belə davam edir: «Biz bir yerdə «Bəthan» adlanan yerə gəldig. Rəsulullah (s) dəstəmaz alıb gün batandan sonra əsr namazını, sonra da şam və xiftən namazlarını qıldı.»
{ Səhihi-Buxari. Cild 1, səh 349. «Kitabul Azan qauli rəculi lin-nəbi ma səleyna» babı. }

Əbu-Hüreyrədən nəql olunan rəvayətdə deyilir: «Camaat namazı üçün sıraları hazırlamışdıq, Peyğəmbərin (s) də hazır olub, ona iqtida etməyini gözləyirdik. Peyğəmbər (s) öz mehrabına gəlib, camaat namazına hazır olanda cünub olduğunu xatırlatdı. Bizə yerimizdən hərəkət etməməyi əmr edib, qüsl almağa getdi. Çox keçmədi ki, Həzrət başı rütubətli namaza dayandı və biz də onunla birgə namazımızı qıldıq». { Səhihi-Buxari. Cild 1, səh 168. «Kitabul-ğusl iza zəkərə fil-məscid ənnəhu cunub» babı. }

Yenə də Əbu-Hüreyrədən nəql olunan rəvayətdə deyilir: «Bir gün Peyğəmbər (s) zöhr namazının ikinci rük'ətində salam verib, məscidin bir kənarında dayanıb, taxtaya söykəndi. Əbu-Bəkr və Ömər də bundan heybətlənib, Həzrətə bir sözə deyə bilmədilər. Hərə bir yana çəkilib, namazın qəsr olduğunu hesab etdilər. Camaat arasında Peyğəmbərin (s) «Zəl-Yədəyn» adı ilə səslədiyi şəxs ona dedi: «Ya Rəsuləllah, sən namazı unutdun, ya namaz qəsr oldu?». Peyğəmbər (s) cavab verdi: «Nə unutdum, nə də qəsr olub». Camaat Peyğəmbərin (s) unutduğunu tə'kid edəndə, Həzrət (s) buyurdu: «Zəl-Yədəyn» doğru demişdir». { Səhih-Buxari. Cild 8, səh 48. «Kitabul-ədəb ma yəcuzu minzikrin-nas» babı. }

Hələ bundan əlavə rəvayət edirlər ki, Yəhudilərdən bir nəfər Rəsulullaha (s) cadu etmiş və Həzrət də cadunun tə'siri altında qalaraq bir işi edib-etmədiyindən xəbəri olmayırdı. Peyğəmbər (s) Aişədən, ona vəhy nazil olub-olmadığını, hətta xanımlarıyla da olub-olmadığı barədə soruşurdu. Aişə deyir: «Rəsulullah (s) bir müddət belə xəyal edirdi ki, xanımlarıyla birgə olur. Halbuki, həmin müddət Həzrət (s) xanımlarıyla birgə olmurdu». Bir gün Peyğəmbər (s) Aişəyə dedi: «Mən Allah-təaladan bir şey soruşdum, Allah-təala mənə cavab verdi. İki nəfər yanıma gəlib, biri başım tərəfdə o biri isə ayaq tərəfdə əyləşdilər. Ayaq tərəfdə əyləşən yuxarı başda əyləşəndən soruşdu: Bu şəxsə nə olub? O da «Buna cadu tə'sir edib» deyə cavab verdi.
Aşağıda əyləşən yenə də o birindən «Cadunu kim edib?» -deyə soruşanda, yuxarı başda əyləşən cavab verdi: Ləbid ibn-Ə’sam
. { Səhih-Buxari. Cild 8, səh 87. «Kitabul-ədəb», «İnnəllahə yə'muru bi ədli vəl-ihsan» babı. }

Yenə də Aişə başqa rəvayətdə nəql edir: «Rəsuləllaha cadu olunmuşdu. O, görmədiyi işləri gördüyünü xəyal edirdi. Bir gün mənim yanıma gəlib Allaha dua etdi və duası da müstəcab oldu. Sonra üzünü mənə tutub dedi: «Etdiyim duaya görə cavabı hiss etdinmi?» { Səhih-Buxari. Cild 7, səh 444. «Kitabut-tibb əs-sehr» babı. }

Şeyx Muhəmməd Əbduh, Peyğəmbərə (s) sehrin tə'sir etdiyi rəvayətləri qəbul etmir. Çünki bu rəvayətlə Allah-təalanın Qur'ani-Kərimdə dediklərinə ziddir:

Zalimlər dedilər: «Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz». { 25.Furqan surəsi, 8}

Peyğəmbərin (s) öz şəhvətinə tabe olması barədə Səhihi-Buxari Əbi-Hişamdan nəql edib deyir: «Rəsuli-Əkrəm öz zövcələrinin otaqlarını gəzib, kiminlə olacağını tə'yin edirdi». Bu zaman Ayişə deyir: «Mənimlə olacağı gün gəlib çatanda, Peyğəmbər (s) sakinləşdi». { Səhih-Buxari. Cild 5, səh 77. «Kitabu fəzail əs-səhabə»; «Fəzlu Aişə» babı. }

Digər bir rəvayətdə Ayişə deyir: Rəsuli-Əkrəm (s) səfərə çıxan zaman zövcələri arasında püşk ataraq özü ilə aparacağı zövcəni seçirdi. Rəsulullah (s) hər kecə kiminlə olacağını tə'yin edərdi. Lakin O Həzrətin (s) zövcələrindən olan Sauda binti-Səm'ə öz razılığı ilə növbəsini Ayişəyə vermişdir. { Səhih-Buxari. Cild 3, səh 462. «Kitab-hiba hibatul-mər'ə liğeyri zauciha». }

Bu rəvayət heç də aşağıdakı rəvayətlə uyğun gəlmir:

Ənəs ibn-Malik deyir: «Rəsuləllah (s) on bir zövcəsini bir saat ərzində ziyarət edərdi».
Ənəsdən təəccüblənərək soruşdular: Bir saat ərzində on bir xanımla birgə olmaq mümkündürmü? Ənəs cavab verdi: Bizim bildiyimizə görə Allah-təala Rəsuləllaha (s) otuz kişinin qüvvətini vermişdir.
{ Səhih-Buxari. Cild 1, səh 165. «Kitab əl-ğusl iza camə'ə summə a'də». Və mən darə mən-nisa'ihi fi ğuslin vahib» babı. }

Bunlardan başqa Əhli-sünnət iddia edir ki, «Əbəsə» surəsinin ilk dörd ayəsi Peyğəmbəri (s) danlamaq məqsədilə nazil olmuşdur. Səbəbi də odur ki, Rəsulullah (s) Utbə ibn-Rabi'ə, Əbu-Cəhl ibn-Ğişam, Əl-Əbbas ibn Əl-Muttəlib, Ubey və Uməyyə ibn-Xələflə əyləşərək onları İslama də'vət edirdi. Bu məclisdə iştirak edən Abdullah ibn-ummu Məktum Rəsuləllahdan (s) Allah-təalanın ona öyrətdiyindən öyrətməsini bir neçə dəfə təkrar edərək xahiş etdi. Rəsulullahın (s) sözünü kəsdiyinə görə Həzrət (s) onun üzünə baxmadı. Guya Rəsulullah (s) qəlbində fikirləşdi ki, Qureyşin imkanlı ağsaqqallıları düşünəcəklər ki, Rəsulullah (s) fəqət korlar, qullar və bu kimilərinə tabedir. Ona görə də üzünü ona yox, zənginlərə tərəf çevirdi.

Şiələrə gəldikdə isə, onlar bu ayələrin Rəsulullah (s) üçün deyil, Bəni-Üməyyədən olan Ummu-Məktum adlı şəxsə aid olduğunu e'tiraf edirlər.

«Təfsirul-Mizan» kitabında Əllamə Muhəmməd Təbatəbai deyir: «Bu ayələrin Rəsulullaha (s) işarələndiyinə heç bir dəlil yoxdur». Çünki bu ayələr fəqət baş vermiş hadisə barəsində xəbər verir. Ayənin məzmununa diqqət etsək, onun Peyğəmbərə (s) işarələndiyi qeyri-məqbuldur. Çünki, din-iman dərsi almaq üçün Peyğəmbərin (s) hüzuruna gələn şəxsə üz turşudub çevirmək Peyğəmbərə (s) layiq deyildir. O Həzrət (s) heç düşməninə belə üz turşudub çevirməzdi. Həmçinin zənginlərə e'tibar edib, kasıb-yoxsullara əhəmiyyət verməmək O Həzrətin (s) əxlaqına uyğun deyildir. Çünki, hələ «Əbəsə» surəsi nazil olmazdan əvvəl Allah-təala «Nun» surəsinin 4-cü ayəsində buyurmuşdur: «Doğrudan da sən, əzəmətli əxlaq sahibisən». { 68 - 4}

Məgər qəbul etmək olarmı ki, Peyğəmbərə (s) peyğəmbərlik verilən ilk zamanlarda Allah-təala onun əxlaqını tə'rifləsin, bir ildən sonra isə, zənginlərə e'tibar edib, yoxsullara isə üz turşutduğu üçün onu danlasın?». { “Təfsir əl-Mizan”. Cild 20, səh 203. 1974-cü miladi ili. 2 çap. }

Əhli-sünnət əvvəldə deyilən rəvayətləri əsas tutaraq Rəsulullahın (s) dinin təbliğatı işlərində mə'sum olduğuna e'tiqad edirlər.

Allah-təala Rəsuli-Əkrəmə (s) şərtsiz tabe olmağı aşağıdakı ayələrdə əmr edib:

O, kefi istəyəni danışmır. Danışdığı ancaq nazil olan bir vəhydir. { 53.Ən-Nəcm surəsi, 3 – 4 }

Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. { 59.Əl-Həşr surəsi, 7 }

Bu ayələr onu sübut etdirir ki, Peyğəmbər (s) müəyyən bir sahədə deyil, hər bir sahədə mə'sumdur. Əgər Rəsulullahın (s) xətaya yol verdiyini qəbul etsək, o zaman Allah-təalanın (nəuzu billah) bizi xətaya sürüklədiyini düşünərik.

İslam dininə tə'nə vurmaq niyyətilə bə'zi yalançı şəxslər, Peyğəmbərin (s) mə'sumluğunu məhdudlaşdıran hədislər yaradmışlar. Bu rəvayətlər də, Rəsulullahın (s) xəstə olduğu zamanlarda ümmətin zəlalətə düşməməsi üçün vəsiyyətnamə yazmaq istədiyi anda, O Həzrətə «sayıqlayır» deyə mane olan səhabəyə dəstək verir.

Ona görə də Rəsulullaha (s) «sayıqlayır» – deyilən hədislərə nəzər salanda, digər hədislər adi qarşılanır. Buna misal göstərmək üçün bir neçə hədisi nəzərinizə çatdırırıq:

Ənəs rəvayət edir: «Ömər Rəsulullahın (s) yanına gəlib dedi: «Ya Rəsulullah! Evinə fasiq, facir və mö'minlər gəlib-gedir. Möminlərin analarına hicab örtmələri üçün əmr et! (Digər rəvayətlərdə isə zövcələrinə hicab örtməsi üçün əmr et -deyə nəql olunur.) Rəsulullah onun sözünə e'tina etmədi. Allah-təala da bu hadisədən sonra hicab ayəsini nazil etdi. { Səhih-Buxari. Cild 6, səh 296. «Kitabut-təfsir» Cild 8, səh 170. «Kitabul-istehzan». }

Digər rəvayətdə deyilir: Münafiq Abdullah ibn-Ubey vəfat edəndə Abdullah ibn Ömər belə nəql edir: «Abdullah ibn-Ubeyin oğlu Rəsulullahın yanına gəlib dedi: Ya Rəsulullah, atamı kəfənləmək üçün köynəyini ver. Sonra da namazını qıl və Allahdan bağışlanmasını dilə! Rəsulullah da köynəyini verərək kəfənləyib qurtardıqdan sonra ona xəbər verməsini bildirdi.
Həzrət (s) onun namazını qılmağa hazırlaşan anda, Ömər Peyğəmbəri özünə tərəf çəkərək «Məkər Allah-təala münafiqlərə namaz qılmağı sənə nəhy etməmişdimi?» dedi. Daha sonra bu ayəni tilavət etdi:
«(Ya Peyğəmbərim!) O münafiqlər üçün istər bağışlanma dilə, istər diləmə, onlar üçün 70 dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayaçaq». { 9. Tövbə surəsi, 80 }
Bu hadisədən sonra aşağıdakı ayə nazil oldu: «Münafiqlərdən ölən heç bir kəsin namazını heç vaxt qılma, qəbrinin başında durma!» { 9. Tövbə surəsi, 84 }
Peyğəmbər (s) bundan sonra münafiqlərə namaz qılmağı tərk etdi». { Səhih-Buxari. Cild 7, səh 462. «Kitabul-libas» babı. }

Bütün bunlardan sonra Ömər, Peyğəmbərə (s) qarşı bu cür cür'ətlənməsindən təəccübləndi. { Səhih-Buxari. Cild 2, səh 252. «Kitab əl-cənaiz». }

Həqiqətən deyilən ayədən bəllidir ki, (Tövbə - 80) Peyğəmbər (s) münafiqlər üçün bağışlanma diləyib-diləməməsində ixtiyar sahibi idi. Elə ona görə də, həmin münafiqin namazını qılmağı Peyğəmbər (s) özü ixtiyar etmişdir. Çünki, o zaman Peyğəmbərin (s) bu nümunəvi əməli müsəlmanlar üçün əhəmiyyətli idi. Bunula «Xəzrəc» qəbiləsindən min nəfərə yaxın insan müsəlmanlığı qəbul etdi. Onu da əlavə edək ki, hələ 84-cü ayə (nəhy ayəsi) nazil olmamışdan, Peyğəmbər (s) bu namazı qıldı. Beləliklə, Ömərin təsəvvür etdiyi kimi Peyğəmbərin (s) bu hərəkətinə xəta deyilməz. Amma yuxarıda deyilən ayə (Tövbə - 84) nazil olandan sonra Peyğəmbər (s) o münafiqə namaz qılsaydı, onda (nəuzu billah) buna xəta deyilərdi.

Buradan aydın olur ki, bu hadisədə xəta edən şəxs fəqət Ömərdir. Bunu özü də e'tiraf edərək deyir: «İslamda böyük bir xəta etdim. O da, Peyğəmbər (s) Abdullah ibn-Ubəyyə namaz qılarkən, ona e'tiraz etməyim idi». { Kənzul-Ummal, hədis 4404 }

Əhli-sünnət tərəfindən belə rəvayət edirlər ki, Bədr döyüşündə Ömər əsirləri qətlə yetirmək istəyərkən, guya Peyğəmbər (s) onlardan fidyə almışdır. Ona görə də aşağıdakı ayələr Ömərin rə'yini dəstəkləyib, Peyğəmbəri (s) sərzəniş etmək üçün nazil olmuşdur:

Heç bir Peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey mö'minlər!) Siz fidyə almaqla puç dünya malını istəyirsiniz, Allah isə axirətinizi qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir.

Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə müddətli bir əzab üz verərdi (toxunardı). { 8.Ənfal surəsi, 67-68 }

Zikr olunan ayələr barədə öz rə'ylərini təsdiq etmək üçün qondarma rəvayəti Peyğəmbərə (s) nisbət verirlər.

Həmçinin ayədə deyilən "Sizə şiddətli bir əzab toxunardı" - ayəsinin kimə işarələndiyini aşağıdakı rəvayətlə izah edirlər:

Rəsulullah (s) Əbu-Bəkrlə birgə oturub ağlayaraq deyirdi: «İbn Xəttaba müxalif olduğumuz üçün Allah bizə əzab verəcəkdi. Əzab da nazil olsaydı, İbn-Xəttabdan başqa heç kəs əzabdan qaça bilməzdi».

İlk öncə onu qeyd edək ki, bu ayələr Bədr döyüşündən əvvəl nazil olmuşdur.

Əbu-Sufyanın dəvələrini, mallarını almazdan əvvəl Rəsulullah (s) onunla döyüşərək alıb-almamasını məsləhət etdi. Sonra Həzrət (s) səhabənin bu döyüş barəsində olan fikirləriylə maraqlandı. Onlar da müharibə etmədən dəvələri və malları almağı üstün hesab etdilər. Zikr olunan ayələr müharibə etməmək fikrini üstün hesab etdiklərinə görə nazil olmuşdur. Həmçinin ayədəki "nəhy", müharibə etmədən əsir aparmağı nəhy etmişdir.

Ayədə zikr olunan təhdid Peyğəmbərə Şamil deyildir, müharibə etmədən, qan tökmədən əsir tutanlara aiddir. Çünki, Rəsulullah (s) heç vaxt döyüşmədən əsir tutmazdı. Hələ Qureyşdən 70 böyük pəhləvanı qətl etmişdir.

 

 
     

Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir

Wap.IXLAS.Az