Ölüm haqqinda
Ölüm haqqinda
Ölüm bəzilərinin fikrincə yoxluq və məhv olmaq demək deyil, əksinə bir varlıqdır. Başqa sözlə desək o “ədəm” yox, “vücuddur.” Ölüm özü özlüyündə bir həyat hesab olunur. Bu barədə ayələrə nəzər salaq: 1. “Allah ölüm anında canları alır”.(Zümər 42) Bu ayədə işlənən “təvəffa” kəlməsi bir şeyi bütünlüklə təhvil almaq mənasını daşıyır. Buradan da ölümün yoxluq mənasında olmaması başa düşülür. 2. “Bütün canlar ölümü dadacaqdır.” (Ali İmran 185) Nəzərə alınmalıdır ki yoxluğu dadmaq mümkünsüzdür. 3. “Allah ölüm və həyatı xəlq etdi.” (Mülk 2) Əgər ölüm yaranıbsa deməli o yox olmaq mənasında deyildir. 4. Ölüm Qurani Kərimdə “liqaullah” (Allahla görüşmək) mənasında gəlmişdir. “Kafirlər dedilər: Biz yerdə yox olub aradan getdikdən sonra yenidən yaranacayıqmı? Onlar Rəbbin görüşünə küfr edənlərdir. De sizə vəkil edilmiş ölüm mələyi sizi tamamilə alacaqdır.Daha sonra isə öz Rəbbinizə sarı qayıdacaqsız.”(Səcdə 10-11)
5. “Mələklər kafirlərin canını aldıqda onların üzlərinə və arxalarına vurarlar.”(Ənfal 50) Əgər ölüm yoxluqdursa bu vurmağın nə mənası vardır? Nəzərə alaq ki onların üzlərinə vuran mələklər axirət mələkləridir. Hansı ki onlar axirətə üzü qara gedirlər. Arxalarına vuran mələklər isə dünya mələkləridir. Ona görə vururlar ki bu dünyada bir ömür yaşasalar da heç nə əldə edə bilmədilər. 6. “(Kafirlər) Nida edib deyərlər. Ey Malik (cəhənnəm mələyi) Rəbbin bizi öldürsün. O dedi: Siz burada qalmalısız.”(Zuxruf 77) Göründüyü kimi kafirlər cəhənnəmdə ölümü (yox olmağı) arzulayarlar. 7. Daim hərəkətdə olan insan hərəkətinin əvvəlindən Allahla görüşənə qədər bir an olsun belə dayanmır. “Ey insan sən Rəbbinə tərəf hərəkətdəsən. Elə bir hərəkət ki sonda Ona çatacaqsan.”(İnşiqaq 6) İnsanın bu hərəkətində bir an olsun yoxluq olmur. O bu uzun səfərdə üç həssas və mühüm mərhələni keçir. Dünyaya gəliş, bərzəxə getmək və qiyamətdə dirilmək. Bu üç mərhələnin hamsında həyat vardır və Allah hər üçündə Həzrəti İsa və Həzrəti Yəhya üçün salamatçılığı təmin etmiş və Yəhya Peyğəmbər haqqında buyurmuşdur: “Ona doğulduğu, öləcəyi və diriləcəyi gün salam olsun.”(Məryəm 15) İsa Peyğəmbər haqqında da onun öz dilindən buyurur. “Mənə doğulduğum, öləcəyim və diriləcəyim gün salam olsun.”(Məryəm 33) Göründüyü kimi bu iki Peyğəmbər həmin üç mərhələdə sağlamdılar. Yəni onlar vəfat vaxtı nəinki diri, hətta sağlam hesab olunurlar. Halbu ki ölüm zahiri sağlamlığla uyğun gəlmir. Çünki insanın ölmünün təbii səbəbi xəstəlik və solğunluqdur. Sağlamlıq isə ölünün deyil, dirinin sifətidir. Ölmüş insan nə sağlamdır və nə də xəstə. Beləliklə ölüm zamanı sağlamlığın mənası insanın diri olması deməkdir.
Bu barədə iki hədisdə qeyd edək. 1. İmam Baqir (ə) buyurur: “Ölüm uzun yuxudur.” İnsanın hər gün yatıb oyanması ölüb sonradan dirilməsinə kiçik bir nümunədir. 2. Əli (ə) buyurur: “İnsanlar yuxudadır öldükləri zaman ayılacaqlar.” Yəni insan yuxuda gördüklərini həqiqət təsəvvür etsə də ayıldıqdan sonra onların həqiqət olmamasını başa düşür. Dünyada yaşayan insanlar da öldükləri zaman ayılaraq dünyanın yuxu, axirətin isə həqiqət olduğunu anlayacaqlar. Keçmişdə qalanların sonradan insana yuxu kimi gəlməsi də buna kiçik bir nümunə sayılır. Deməli ölmək Əli (ə) təbirində yuxudan ayılmağa bənzəyir ki bu da həqiqətlə qeyri həqiqəti bir birindən ayırmaq xasiyyətinə malikdir.
Beləliklə Qurani Kərim məntiqiqndə ölüm yoxluq və məhv olmaq demək deyil. Ümumiyyətlə İslamda ölmək yoxdur, hər yerdə yalnız həyat var. Başqa sözlə desək dünyasını dəyişmə var. Bəs nə üçün bir çox ayələrdə “ölüm” sözü işlənmişdir? Əgər ölüm də bir növ həyatdırsa niyə insan üçün deyir ki “insan öldü”?
Yuxarıda qeyd olunlara yaxşı diqqət etsək bu sualın cavabı aydın olar. Bundan əlavə əgər ölmək və ölüm deyilirsə o bu dünyaya nisbətdə nəzərdə tutulur. Yəni insan bu dünya üçün ölüb yox olur. Lakin getdiyi yerdə isə hələ həyat davam edir. Ana bətnindən dünyaya gələn uşaq bu hayata nisbət diri, geridə qoyduğu həyat üçün isə ölmüş sayılır. Habelə bəzi vaxtlar ölüm dini həyatın aradan getməsi mənasınadır. Çünki Qurani-Kərim həyat bəxş edən bir amildir. “Ey iman gətirənlər! Allahı və Peyğəmbəri sizi həyat verici əməllərə dəvət etdikdə qəbul edin”(Ənfal 24) Əgər bir şəxsin belə bir vəhyani və İlahi həyatı olmasa o diri olsa da ölü sayılır. Başqa sözlə desək Qurani-Kərim insanın diri və ölü olmasına təbii və cismi baxımdan deyil, ruhi və qəlbi cəhətindən baxır. Ruhu və qəlbi imanlı olduqda onu zahiri baxımdan ölmüş olsa da diri və hətta sağlam hesab edir. Əks halda isə o zahirən diri və sağlam olsa da lakin əslində ölü və xəstədir. Elə buna görə də Quranın məsələyə baxışı ilə insanın baxışı tam fərqlənir. Biz diri və sağlam, eləcə də ölü və xəstə insana zahiri, Qurani-Kərim isə batini baxımdan baxır. Bunun üçün də Qurani Kərim kafirləri ölü, möminləri isə diri hesab edir və buyurur: “Onlar ölüdür və diri deyillər”(Nəhl 21) “Dirilərlə ölülər barabər deyillər”(Fatir 22) Yəni ölüm insanlıq əsərinin aradan getməsi mənasınadır nəinki varlığın aradan gedib yox olması mənasında. Kafirlərə ölü deyilməsi bu baxımdandır ki onlar artıq heç bir təsirə malik deyillər. “Allahın nemətlərini küfrə çevirib öz qövmlərini “bəvar” evinə daxil edən şəxsləri görmədinmi”(İbrahim 28-29) Burada “bəvar” kəlməsi həlak olmaq deməkdir. “Bair sözü isə “həlak olan” mənasındadır. Ona görə də ərəb dilində təsirsiz yerə “bair” deyilir.
Beləliklə həyat və ölüm qəlbin və ruhun diri yaxud ölü olması ilə ölçülür. Yəni qəlb diri olsa deməli həyat var. Həmçinin artıq bu məkan və zaman tanımır. Əks halda isə qəlbi ölü olan şəxs deməli ölü şəxsdir. Həzrəti Peyğəmbər(s) buyurur: “Ölülərlə oturub durmayın.” Soruşdular bu necə mümkündür? Peyğəmbər(s) buyurdu: “Qəlbini dünya ilə öldürənlərlə əlaqəni kəsin.” Buna görədə kafir və münafiq ölürsə bu o deməkdir ki elə ölü ölür. Lakin burada da həyat davam edir. Necə ki əgər mömin də ölürsə onun üçün də həyat davam etməkdədir. Sadəcə ikincinin həyatı daha üstün olduğu üçün ona həyat deyilir. Necə ki Allah Təala buyurur: “Hər kəs kişi və qadından iman gətirib saleh əməl etsə ona pak bir həyat verərik.” Burada həmin şəxs diri olmasına baxmayaraq Allah yenə də ona “pak həyat verərik” deyə buyurur. Kafirin həyatına isə həyat deyilmir. O burada yaşasada ölü olduğu kimi elə axirətdə də həyatı olmasına baxmayaraq ölü kimidir. Çünki ən üstün həyatdan məhrum olubdur. Belə bir söz var ki “ölü öldü.” Bu söz kafirlər üçün əlbəttə ki düzdür. Amma mömin burada diri və pak həyata malik olduğu kimi orada da əsl həyata yiyələnibdir. Necə ki əgər bir insan yaxşı, nemətlər içərisində yaşayırsa onu həyat hesab edir. Lakin həyatı çətinliklərlə dolu olduqda artıq onu həyat saymır. Elə ona görə də Bəqərə 154 buyurur: “Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar diridir. Lakin siz başa düşmürsüz. Beləliklə bütün insanlar və hətta kafirlər ölüb yox olmurlar. Hələ həyat davam edir və hamı diri sayılır. Amma bu həyat, mömin və şəhid insanların nemətlərlə dolu olan həyatlarının yanında həyat hesab olunmadığına görə və həmin İlahi insanlar xüsusi üstün yaşayışa yiyələndikləri üçün belə deyilir.
Meqaleden istifade zamani Wap.IXLAS.Az saytina istinad etmek zeruridir
Wap.IXLAS.Az