Müaviyyənin Quran ayəsini dəyişmək cəhdi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-10-2019, 00:02 | Şərh sayı: (2) | Baxılıb: 1296
Müaviyyənin Quran ayəsini dəyişmək cəhdi

Quran ayələrini təhrif etmək mümkün olmadığı üçün onların yanlış təfsiri istiqamətində güclü iş aparılırdı. Ayələri Əməvi rejiminin siyasətinə uyğun olaraq təfsir etmək üçün dünya nemətlərinə aludə olan bir qrup şəxs səfərbər edilmişdi. Bu şəxslər Müaviyənin pulu hesabına durmadan yeni-yeni hədis və rəvayətlər uydurur, bunların vasitəsilə ayələrə istədikləri cür izah verirdilər.
Belə şəxslərdən biri də Səmurə ibn Cundəb idi. O, əslən bəsrəli idi, atası vəfat edəndən sonra anası ilə birlikdə Mədinədə məskunlaşmışdı. Həzrət Muhəmməd Peyğəmbərin (s) sağlığında Səmurə ilə ənsardan olan qonşusu arasında xurma ağacı üstündə yaranmış mübahisə gedişində Peyğəmbərin Səmurəyə qəzəblənməsi və onun ziyanına hökm çıxarması tarix kitablarında ətraflı qeyd edilib.
Müaviyənin və Yezidin hakimiyyəti zamanı Səmurə Kufədə darğa vəzifəsində xidmət edirdi. O zamanın inzibati bölgüsünə görə, Kufə valisi həm də Bəsrəyə nəzarət edirdi. Müaviyənin vali təyin etdiyi Ziyad ibn Əbihi ilin 6 ayını Kufədə, 6 ayını isə Bəsrədə qalırdı, Kufədə olduğu vaxtlar Səmürəni Bəsrədə özünə canişin qoyurdu. Səmurə Əhli-beytə ədavəti ilə məşhur idi, Həzrət Əlinin (ə) və övladlarının dostlarını müxtəlif bəhanələrlə aradan götürürdü. Səmurənin insan qanı tökməyə nə qədər həris olması hətta Müaviyədə heyrət yaradırdı. Şafii alimi İbn Əbil-hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhdə qeyd edir ki, İmam Hüseyn (ə) Kufəyə sarı gələndə Səmurə ibn Cundəb camaatı Onun əleyhinə qızışdırır və İbn Ziyadın qoşununa qatılmağa çağırırdı.
Bir gün Müaviyə, Səmurə ibn Cundəbə 100 min dirhəm pul göndərib tələb etdi ki, Qurani-kərimdəki “İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır” ayəsinin (Bəqərə, 204) Güya Əli ibn Əbutalib (ə) barəsində, ardınca gələn “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır» ayəsinin (Bəqərə, 207) İsə o həzrəti şəhid etmiş Əbdürrəhman ibn Mülcəm barəsində nazil olduğu haqqında Peyğəmbərdən yalan hədis uydurub, xütbə zamanı camaat üçün söyləsin. (Halbuki, məhz ikinci ayə İmam Əlinin (ə) şənində nazil olmuşdur və bütün təfsir alimləri bunu təsdiq etməkdədirlər). Səmurə verilən məbləğlə razılaşmayıb təklifi rədd etdi. Müaviyə məbləği ikiqat artırıb 200 min dirhəm göndərdi. Səmurə yenə mənfi cavab verdi. Müaviyə məbləği bir qədər də artırıb 300 min dirhəm təklif etdi. Amma cavab mənfi oldu. Axırda Müaviyə pulu 400 min dirhəmə çatdırdı. Bu dəfə Səmurə razı olub, onun istədiyi yalan hədisi camaat üçün rəvayət etdi (Şeyx Abbas Qummi. Səfinət əl-Bihar, I, 655).
İbn Əbil-hədid yazır ki, hicri IV əsrin əvvəllərində yaşamış Niftəveyh ləqəbli məşhur ədib İbn Ərəfə bu barədə demişdir: “Səhabələrin fəziləti barədə yalançı hədislərin çoxu Bəni-Üməyyənin zamanında, onlara yaxın olmaq və yaltaqlanmaq məqsədilə uydurulmuşdu. Bunu edənlər Bəni-Haşimi əksiltdiklərini düşünürdülər” (İbn Əbil-hədid. Şərh Nəhcul-bəlağə, XI, 46).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər